Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib: “İran Livanda atəşkəs elanını alqışlayır və xatırladır ki, Livanda müharibənin başa çatması İran ilə ABŞ arasında Pakistanın vasitəçiliyi ilə bağlanmış atəşkəs sazişinin bir hissəsi idi”.
Qətər Xarici İşlər Nazirliyi də Livanda atəşkəsə dəstəyini ifadə edib və sazişi “gərginliyin azalmasına doğru ilk addım” adlandırıb.
Diplomatlar “ABŞ Prezidenti Donald Trampın Livanda atəşkəsin əldə olunmasına kömək edən vasitəçilik səylərinə görə” minnətdarlıqlarını bildiriblər.
Bəyanatda İordaniya Xarici İşlər Nazirliyi Livana bütün ərazidə öz suverenliyini bərqərar etmək, silahı yalnız dövlətin əlində saxlamaq və milli institutları bərpa etmək məsələsində “qəti dəstəyini” ifadə edib.
BƏƏ də atəşkəs sazişini alqışlayaraq irəliləyişə gətirib çıxaran diplomatik səyləri yüksək qiymətləndirib.
BƏƏ Xarici İşlər Nazirliyi öz bəyanatında ümid etdiyini bildirib ki, saziş regional sabitliyə töhfə verən mühitin yaradılması istiqamətində müsbət addım olacaq. BƏƏ gələcək gərginliyin qarşısını almaq üçün beynəlxalq koordinasiyanın davam etməsinin vacibliyini vurğulayıb.
Aİ atəşkəs xəbərini “təsəlli” adlandırıb və qeyd edib ki, münaqişə artıq çoxsaylı insan həyatına son qoyub.
“İndi bizə yalnız müvəqqəti fasilə deyil, həm də daimi sülhə aparan yol lazımdır”, - deyə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen bildirib.
Öz növbəsində, İtaliyanın Baş naziri Corcia Meloni İsrail ilə Livan arasında atəşkəs elanını “möhtəşəm xəbər” adlandırıb və bunun “ABŞ-nin vasitəçiliyi sayəsində” əldə olunduğunu bildirib. O əlavə edib ki, atəşkəs tam şəkildə qorunmalıdır. Meloni bunun İsrail ilə Livan arasında “tam və uzunmüddətli sülhə” aparacaq danışıqlara zəmin yaradacağına ümid etdiyini deyib.
Eyni zamanda, BMT Baş katibi Antonio Quterreş “X” sosial şəbəkəsində yazıb: “Ümid edirəm ki, bu, münaqişənin uzunmüddətli nizamlanması üzrə danışıqlara yol açacaq və bölgədə davamlı və hərtərəfli sülhün bərqərar olunması istiqamətində səylərə töhfə verəcək”.
“Mən hamını atəşkəsə tam hörmət etməyə və hər zaman beynəlxalq hüquqa riayət etməyə çağırıram”, - deyə o əlavə edib.
Sevinc Əliyeva
Ordu.az