Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Generallara qarşı əmlak zərərinin bərpası ilə bağlı prokurorluğun iddiası dayandırılıb, “radiolokasiya stansiyası” üzrə cinayət işi isə məhkəmədədir” başlıqlı məqaləsində yazıb.
Ermənistan Silahlı Qüvvələrinin sabiq raket qoşunları və artilleriya rəisi-idarə rəisi Armen Harutyunyanın vəkili Hakob Enokyan nəşrə müsahibəsində bəzi təfərrüatlar açıqlayaraq bildirib:
“Əmlak zərərinin bərpasına yönəlmiş Prokurorluğun iddiası Mülki Məhkəmədə iddia müddətinin keçməsi əsası ilə dayandırılıb, lakin məhkəmənin qərarı hələ qüvvəyə minməyib. Qaldırılmış cinayət işinə gəlincə, məhkəmə araşdırması davam edir, hazırda sübutların tədqiqi mərhələsidir”.
Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının sabiq rəisi Movses Hakobyan və Ermənistan Silahlı Qüvvələrinin sabiq raket qoşunları və artilleriya rəisi-idarə rəisi Armen Harutyunyan “yararsız radiolokasiya stansiyası” işi üzrə təqsirləndirilirlər. Cinayət təqibi 2025-ci il yanvarın 24-də başlanmış, 2025-ci il martın 27-də isə cinayət işinin materialları ittiham aktı ilə birlikdə İrəvan şəhəri Birinci instansiya ümumi yurisdiksiya məhkəməsinə göndərilmişdi.
İttiham aktına görə, Movses Hakobyana qarşı ittiham ondan ibarətdir ki, o, 2015-2016-cı illərdə Ermənistan müdafiə nazirinin müavini, maddi-texniki təminat departamentinin rəisi vəzifəsində çalışarkən, vəzifəli şəxs kimi xidməti vəzifələrinə səhlənkar yanaşıb, nəticədə vəzifələrini lazımi qaydada yerinə yetirməyib və ehtiyatsızlıqdan xüsusilə böyük məbləğdə əmlak zərərinin yaranmasına səbəb olub.
General Armen Harutyunyana qarşı isə belə ittiham irəli sürülüb ki, o, 2017-ci ilin may ayından Ermənistan Silahlı Qüvvələrinin raket qoşunları və artilleriya rəisi-idarə rəisi vəzifəsində çalışarkən, “Ermənistan Silahlı Qüvvələrinin daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında” qanunun tələblərini pozaraq, xidməti vəzifələrini vicdansız və səhlənkar şəkildə yerinə yetirib və nəticədə ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olub.
168.am yazmışdı ki, 2018-ci il oktyabrın 6-da “Zinuj” verilişinin reportajında həmin stansiyanın ilk dəfə tətbiqindən, üstünlüklərindən və imkanlarından bəhs olunub.
Reportajda deyilir: “Təlim zamanı ilk dəfə olaraq “Aistyonok” radiolokasiya kompleksi tətbiq edildi. Rusiya hərbi-sənaye kompleksinin ən yeni avadanlığı olan bu qurğu düşmənin atdığı mərminin sürətini və trayektoriyasını aşkar edib avtomatik hesablayaraq, onu atan minaatanların, artilleriya vasitələrinin və hərəkətdə olan hədəflərin koordinatlarını müəyyən etməyə imkan verir”.
KİV-ə görə, reportajda həmçinin qeyd olunurdu ki, qurğu çoxsaylı imkanlara malikdir və bu da onu istifadə edənlərə tez və dəqiq istiqamətlənməyə, həmçinin düşmənin atəş mövqelərini məhv etməyə şərait yaradır.
“Bununla belə, Baş Prokurorluq İctimai Televiziyaya bildirib ki, 2017-ci ildə bu texnika Ermənistan Silahlı Qüvvələri və Qarabağdakı hərbi hissələrə təhvil verilib, lakin ilk tətbiqi zamanı qarşıya qoyulan vəzifəni yerinə yetirməyib. Bundan bir il sonra qüsurları aradan qaldırmaq üçün Rusiyadan mütəxəssislər dəvət olunub, müəyyən işlər aparılsa da, onlar tam şəkildə başa çatdırılmayıb”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az