Paşinyanın müavini: “ABŞ-nin fəal iştirakı ilə Cənubi Qafqaz sülh və sabitliyin yeni dövrünə qədəm qoyub”

2026/06/1782464311.jpg
Oxunub: 202     12:58     26 İyun 2026    
Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryan ABŞ-nin Müstəqillik Günü münasibətilə təşkil olunan tədbirdə çıxış edərək Vaşinqtonun iştirakı ilə Ermənistan və Cənubi Qafqazda sülh və sabitliyin yeni mərhələsinin başlandığını bildirib.

Ordu.az xəbər verir ki, Mher Qriqoryan iyunun 25-də keçirilən tədbirdə təbrik nitqi ilə çıxış edib.

O, çıxışında ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili Alleni, eləcə də tədbir iştirakçılarını ABŞ-nin müstəqilliyinin 250 illiyi münasibətilə təbrik edib.

Qriqoryan bildirib ki, 250 il əvvəl azadlıq, müstəqillik və bərabərlik dəyərləri ABŞ dövlətinin yaranması və davamlı inkişafının əsasını təşkil edib. Onun sözlərinə görə, bu dəyərlər bu gün də ABŞ-nin beynəlxalq nüfuzunun və Ermənistanla dostluq münasibətlərinin möhkəmlənməsində mühüm rol oynayır.

Ermənistanın Baş nazirinin müavini qeyd edib ki, Ermənistan-ABŞ münasibətlərinin gündəliyində 2025 və 2026-cı illərdə əldə olunmuş mühüm nailiyyətlər xüsusi yer tutur. O vurğulayıb ki, 2025-ci il avqustun 8-də ABŞ Prezidentinin iştirakı ilə Ermənistan Baş naziri və Azərbaycan Respublikasının Prezidenti arasında imzalanmış birgə bəyannamə həm tərəflər, həm də bütün region üçün mühüm mərhələ olub.

“Bu gün ABŞ-nin fəal iştirakı ilə Ermənistan və Cənubi Qafqaz sülh və sabitliyin yeni dövrünə qədəm qoyub. Bunu son dövrdə ABŞ vitse-prezidenti Cey Di Vensin və dövlət katibi Marko Rubionun Ermənistana səfərləri, imzalanmış hərtərəfli tərəfdaşlıq xartiyası, qarşılıqlı anlaşma memorandumları və TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsi üzrə strateji əməkdaşlığa dair çərçivə sazişi də təsdiqləyir. TRIPP layihəsi yalnız sülhün mühüm təminatlarından biri deyil, həm də regional və qlobal nəqliyyat marşrutlarının əsas qovşaqlarından birinə çevriləcək”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qriqoryan   Ermənistan  


Bizi "telegram"da izləyin