Ordu.az xəbər verir ki, bu barədə iranlı analitik Puya Hüseyni bildirib.
O, İranın ali dini lideri kimi həlak olmuş Əli Xameneyinin oğlu Müctəba Xameneyinin seçilməsinə münasibət bildirərək deyib:
“Bu institut İran İslam Respublikasının ən mühüm sütunlarından biridir. Buna görə də bu mərhələdə birliyi və mərkəzi gücü qorumaq üçün əvvəlki ali liderin oğlu seçildi. O, uzun illər ərzində İranın təhlükəsizlik və güc strukturları ilə sıx əlaqədə olub.
Əgər indi başqa bir lider seçilsəydi, müharibə şəraitində qüvvələr arasında birlik yaratmaq və parçalanmanın qarşısını almaq çətin ola bilərdi.
ABŞ isə Venesuela ssenarisi kimi burada özünə bağlı kukla rəhbər təyin etmək istəyir ki, İranın taleyini müəyyən edə bilsin. Lakin İran bunu rədd edir və gücü çatdığı müddətdə mövcud sistemi qoruyacaq”.
Ekspert bildirib ki, müharibə artıq 9 gündür davam edir və İran sistemində dağılma yoxdur.
“İran öz ərazisində müdafiə olunur və bu baxımdan onun üçün daha asandır. Müharibədən əvvəl də İran uzunmüddətli müharibə ssenarisinə hazırlaşmışdı.
İran həmçinin Hörmüz boğazını bağlayıb və bununla dünya iqtisadiyyatına təzyiq göstərir. Görürük ki, neftin qiyməti artıq 110 dolları keçib. Bu isə qlobal iqtisadiyyata ciddi təsir edəcək.
İran həmin ərazidə enerji tranzitini dayandıracağı ilə hədələyir və müharibə uzandıqca İran daha əlverişli mövqedə olacaq”.
Ekspert qeyd edib ki, İran 30-40 ildir iqtisadi müharibə şəraitində yaşayır və ağır sanksiyalar altındadır. İndi isə bu müharibə Tehrana cavab vermək üçün yeni imkan yaradıb.
“İran bütün neft və tranzit yollarını bağlayıb və Hörmüz boğazından hətta bir litr neftin keçməsinə imkan vermir. Bununla İran oyunun qaydalarını dəyişə bilər.
Hərbi baxımdan İran ABŞ və İsraildən zəifdir, lakin onun balansı qorumağa imkan verən vasitələri var. Müharibə uzansa, iqtisadi zərər görən ölkələr ABŞ-yə təzyiq göstərməyə başlayacaqlar”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az