Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
“Empirica” tədqiqat və konsaltinq şirkətinin keçirdiyi sorğuya əsasən, “Güclü Ermənistan” partiyasının yaradılmasından sonra insanlara bu iki namizəddən hansının növbəti Baş nazir olmalı olduğu soruşulduqda, ölkə üzrə respondentlərin 35%-i Samvel Karapetyanı, 34%-i isə Nikol Paşinyanı seçib. İrəvanda isə nəticələr daha kəskindir: burada sorğuda iştirak edənlərin 49%-i Samvel Karapetyanı, yalnız 24%-i isə Nikol Paşinyanı dəstəkləyib.
Baş nazir namizədlərinin müqayisəsində Samvel Karapetyan 18-29 yaşlı gənclər arasında Paşinyandan 18%, 30-49 yaş qrupunda isə 4% üstünlüyə malikdir. Nikol Paşinyan yalnız 50 yaşdan yuxarı seçicilər arasında öndədir. Kişilər arasında onların dəstəyi bərabərdir, qadınlar arasında isə Samvel Karapetyan 2% üstünlük qazanır.
Baş nazir vəzifəsinə uyğunluqla bağlı göstəricilər parlament seçkiləri ssenarisində də əks olunur. Bu halda “Vətəndaş Müqaviləsi” partiyası cəmi 28%, müxalif qüvvələr isə birlikdə 47% səs toplayır. Bu nəticələrə görə Samvel Karapetyan müxalifətin aparıcı partiyasının sədri kimi Baş nazir postuna əsas namizəd hesab olunur.
Nikol Paşinyan seçicilərin dəstəyini sabit şəkildə itirir. İctimai etimadın azalmasına vədlərin yerinə yetirilməməsi, təhlükəsizlik problemlərinə ciddi yanaşılmaması, içməli su təchizatı ilə bağlı problemlər, qiymət artımı və müharibə təhlükəsinin artması təsir edib. Məyus olan seçicilərin böyük hissəsi Samvel Karapetyanın rəhbərlik etdiyi yeni partiyaya üz tutub.
Partiyanın dəstəyi son aylarda əhəmiyyətli dərəcədə artıb. Bu göstərici 2025-ci ilin noyabrından 2026-cı ilin yanvarınadək 4%-dən 13%-ə yüksəlib. “Güclü Ermənistan” partiyasının rəsmi təqdimatı bu artıma əlavə təkan verib və səsvermə niyyəti göstəricisi 24%-ə çatıb.
İrəvanda isə “Güclü Ermənistan” partiyasının dəstəyi daha yüksəkdir və “Vətəndaş Müqaviləsi” partiyasını demək olar ki, iki dəfə üstələyir. Əgər parlament seçkiləri indi keçirilsəydi, İrəvanda seçicilərin 35%-i “Güclü Ermənistan”a, 17%-i isə “Vətəndaş Müqaviləsi”nə səs verərdi. “Ermənistan” bloku 11%, digər müxalif qüvvələr isə 16% səs toplayardı. Bundan əlavə, tərəddüd edən seçicilərin payı cəmi 8% olduğu üçün artıq Paşinyanın və partiyasının cəlb edə biləcəyi kifayət qədər seçici qalmayıb. Bu isə o deməkdir ki, İrəvanda Paşinyan artıq seçkiləri uduzub.
İnsanlar həm İrəvanda, həm də bütün Ermənistanda Nikol Paşinyana olan etimadı itirirlər. İrəvanda yalnız 24% respondent onun Baş nazir kimi fəaliyyətindən razıdır, 75% isə narazıdır. Ölkə üzrə də vəziyyət Paşinyan üçün əlverişli deyil: 37% razıdır, 61% isə narazıdır.
Seçicilər Paşinyana olan etimadı itirirlər, çünki müharibənin yenidən başlamasından qorxurlar və hesab edirlər ki, onun əldə etdiyi sülh yalnız müvəqqətidir. Onlar düşünürlər ki, Paşinyan kimi zəif Baş nazir olduğu şəraitdə sülh sadəcə bir xəyaldır və müharibə istənilən an yenidən başlaya bilər.
İrəvanda sorğu iştirakçılarının 64%-i müharibənin yenidən başlaması ehtimalından “çox narahat olduğunu”, 24%-i isə “qismən narahat olduğunu” bildirib. Yalnız 11% respondent “o qədər də narahat deyil” və ya “heç narahat deyil” cavabını verib. Ölkə üzrə də müharibə qorxusu yüksəkdir: 53% çox narahat, 32% qismən narahat, 14% isə narahat deyil.
Alpər Mövludoğlu
Ordu.az