Ordu.az xəbər verir ki, bunu Ermənistan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun sabiq direktoru, erməni akademik, türkşünas Ruben Safrastyan deyib.
“Birincisi, bu münaqişə regionallaşa bilər, çünki İran artıq ABŞ aviabazalarının yerləşdiyi bir sıra ərəb ölkələrinə hava zərbələri endirib və hətta ölənlərin olduğu bildirilir. Lakin ikinci təhlükə daha real görünür.
“Düşünürəm ki, ABŞ-nin, eləcə də İsrailin həyata keçirdiyi bu əməliyyatlar təkcə hərbi məqsədlər daşımır. Aydındır ki, onlar İranda siyasi rejimi dəyişmək istəyirlər, bu barədə Tramp da danışdı. Bu isə o deməkdir ki, İran çox ağır vəziyyətə düşə bilər: ölkədə müxtəlif proseslər, bir tərəfdə hökumət əleyhdarları, digər tərəfdə hökumət tərəfdarları arasında qarşıdurmalar başlaya bilər. Silahlı toqquşmalar baş verə bilər. Çox böyük təhlükə ondan ibarətdir ki, toqquşmalar etnik zəmində də başlaya bilər, çünki hamıya məlumdur ki, İran çoxmillətli ölkədir. İsrailin Baş naziri bəyanatında etnik azlıqlara xüsusi müraciət edərək onları silah götürməyə və rejimə qarşı mübarizə aparmaq üçün küçələrə çıxmağa çağırdı”, - deyə Safrastyan bildirib.
Onun sözlərinə görə, əgər İrana hücum edən tərəflər siyasi rejimi dəyişə bilsələr, bu, çox təhlükəli vəziyyət yaradar.
“Üstəlik, İrana qarşı bu əməliyyatlar yalnız amerikalılar öz məqsədlərinə nail olduqları halda dayandırıla bilər.
İran və ABŞ arasında aparılanlar əslində danışıqlar deyil, ABŞ tərəfindən İrana təqdim olunan ultimatum idi. ABŞ istəyirdi ki, İran onun bütün şərtlərini qəbul etsin, amma bunu mümkün hesab etmirəm. Söhbət nüvə silahından, ballistik raketlərdən, həmçinin İranın “proksi” qüvvələrindən imtina etməsindən və ölkədə siyasi rejimin dəyişməsindən gedir.
Düşünürəm ki, bu şərtlər İran üçün qəbuledilməzdir, buna görə də proses davam edəcək”, - deyə Safrastyan bildirib.
Safrastyan ümid etdiyini bildirib ki, regionda böyük müharibədən qaçmaq mümkün olacaq.
Onun fikrincə, İran tərəfindən zərbələrə məruz qalan ərəb ölkələri İrana qarşı ciddi hərbi əməliyyatlara qoşulmayacaqlar.
“İranın himayəsi altında olan qüvvələr, xüsusilə “Hizbullah” İsrailə ciddi zərbələr endirə bilər. İraqda da, əlbəttə ki, İranın təsiri altında olan qüvvələr var, lakin mənim fikrimcə, onlara qarşı müəyyən iş aparılıb və imkanları zəiflədilib. Buna görə də hazırda münaqişənin regionallaşması təhlükəsini daha aşağı qiymətləndirirəm”, - deyə Safrastyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az