Gürcüstan Tbilisidə İranın təsiri ilə bağlı iddialar üzrə araşdırmalara başlayıb

2026/03/1773062026.jpg
Oxunub: 404     17:12     09 Mart 2026    
Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) İranın Gürcüstanda iddia edilən artan təsiri və fəaliyyəti ilə bağlı bəyanatlara görə araşdırmaya başlayıb və bir neçə şəxsi dindirilməyə çağırıb.

Ordu.az xəbər verir ki, bu addım dövlətin sözügedən iddialara qarşı kəskin tənqidindən sonra atılıb.

Gürcüstan-İran münasibətləri ətrafında müzakirələr fevralın 28-də başlayan regional münaqişə fonunda intensivləşib. Debatlar təkcə Gürcüstan dövlətinin münaqişəyə münasibətinə deyil, həm də ölkədə fəaliyyət göstərən İranla bağlı biznes və dini qurumlara yönəlib.

Həftəsonu bu məsələlərlə bağlı şərh verən bir neçə şəxs, o cümlədən keçmiş müdafiə naziri və Gürcüstanın “Civic Idea” analitik mərkəzinin təsisçisi Tinatin Xidaşeli, keçmiş deputat və Sovet keçmişinin araşdırılması laboratoriyasının (Sovlab) hazırkı nümayəndəsi Giorgi Kandelaki, keçmiş deputatlar Qivi Targamadze və Qubaz Sanikidze, həmçinin Baş Qərargahın keçmiş rəisi, general-mayor Vaxtanq Kapanadze dindirilməyə çağırılıb.

Dindirilməyə çağırılmazdan əvvəl onların demək olar ki, hamısı dövlətə bağlı media qurumları, hakim partiya siyasətçiləri və onların müttəfiqləri tərəfindən Gürcüstanın maraqlarına qarşı dezinformasiya yaymaqda ittiham olunaraq hədəfə alınıblar.

Xidaşeli, ABŞ tərəfindən 2020-ci ildə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bir qolu olan “Qüds” qüvvələrinə kadr toplamaqda vasitəçilik etdiyi iddiası ilə sanksiya tətbiq edilmiş İran dini müəssisəsi, Əl-Mustafa Beynəlxalq Universitetinin Gürcüstan filialı barədə martın 3-də müxalifyönlü “TV Pirveli” kanalında verdiyi şərhlərə görə diqqət mərkəzinə düşüb.

“Hər kəs bunu aydın bilməlidir: bu, universitet deyil, bu, insanların “Amerikaya ölüm” və “İsrailə ölüm” təfəkkürü ilə yetişdirildiyi bir terrorist məktəbidir”, - deyən Xidaşeli bildirib.

O, həmçinin qeyd edib: “Bəli, onun akkreditasiyası yoxdur və rəsmən universitet deyil, lakin buna baxmayaraq fəaliyyət göstərir, tələbələri var və azlıqların məskunlaşdığı rayonlarımızdan birində yerləşir ki, bu da ölkəmiz üçün əlavə problem yarada bilər”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   DTX  


Bizi "telegram"da izləyin