Ukrayna ilə dostluq və strateji tərəfdaşlıq münasibətlərinin təkcə humanitar yardım müstəvisində deyil, həm də enerji təhlükəsizliyi, kommunikasiya xətləri və regional sabitlik kontekstində inkişaf etdirilməsi Bakının beynəlxalq hüquqa və dövlətlərin suverenliyinə sadiqliyinin göstəricisidir. SOCAR-a məxsus obyektlərin və “Orlovka” qaz-kompressor stansiyasının hədəfə alınması Azərbaycanın enerji infrastrukturuna qarşı məqsədli təhdid kimi qiymətləndirildi. Bu, təkcə Bakının deyil, həm də ümumilikdə regionun enerji təhlükəsizliyinə qarşı bir mesajdır. İlham Əliyevin bu məsələni açıq şəkildə dilə gətirməsi Azərbaycanın tərəfdaşlarına qarşı sadiqliyinin, eyni zamanda təzyiqlərə qarşı prinsipial mövqeyinin ifadəsidir.
Azərbaycanın Ukraynaya dəstəyi təkcə siyasi bəyanatlarla məhdudlaşmır. Prezidentin imzaladığı sərəncamla Ukraynaya elektrik avadanlıqlarının göndərilməsi üçün 2 milyon ABŞ dolları ekvivalentində vəsait ayrılması humanitar yardımların sistemli və ardıcıl xarakter daşıdığını göstərir. Bu, həm də Azərbaycanın beynəlxalq münasibətlərdə humanizm prinsipinə sadiqliyini və ehtiyac anında müttəfiqlərinə yardım göstərmək əzmini nümayiş etdirir.
Rusiya ilə münasibətlərdə Azərbaycan açıq qarşıdurma ritorikasından qaçsa da, Ukrayna ilə əməkdaşlıq istiqamətində atılan addımlar Moskvanın təzyiqlərindən çəkinmədiyini göstərir. Bu yanaşma həm Bakı-Kiyev xəttində strateji tərəfdaşlığın möhkəmlənməsinə, həm də Azərbaycanın Qərb və regional müttəfiqləri ilə əlaqələrinin daha da dərinləşməsinə şərait yaradır.
Vaşinqton formatında əldə olunan razılaşmalar da bu kontekstdə xüsusi əhəmiyyət daşıyır. Ermənistanın bütün istəklərinə nail ola bilməməsi, Azərbaycanın isə həm ABŞ, həm də Türkiyə ilə paralel işləyərək öz mövqeyini gücləndirməsi Bakının diplomatik qələbəsidir. ABŞ-nin moderatorluğu ilə aparılan proseslər Azərbaycanın regionda sülh gündəliyini irəli aparmasına, eyni zamanda beynəlxalq müstəvidə mövqelərinin möhkəmlənməsinə imkan yaradır.
Bütün bunlar onu göstərir ki, Azərbaycan həm diplomatiya, həm də praktiki əməkdaşlıq müstəvisində tərəfdaşlarına verdiyi sözün arxasında dayanır, təhdidlər qarşısında isə geri çəkilmir. Bu, ölkənin gələcək illərdə regional və qlobal siyasətdə daha fəal və etibarlı tərəfdaş kimi mövqelərini möhkəmləndirəcəyinə dair aydın siqnaldır.
Firuz Bağırov
Ordu.az