Ukrayna cəbhəsi və Yaxın Şərq: Moskva ABŞ-İsrail tandeminə necə reaksiya verir?

2025/07/1752166700.jpg
Oxunub: 547     21:45     10 İyul 2025    
ABŞ Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Rusiya agentliyi TASS-ın sorğusuna cavab verərək Ukraynaya silah tədarükünün dayandırılması barədə yayılan məlumatları təkzib etdi. Pentaqon faktiki olaraq Ukraynaya silah və kəşfiyyat məlumatlarının ötürülməsini davam etdirir.

Təsadüf, yoxsa planlaşdırılmış addım? TASS həmin şərhi İsrail Baş naziri Netanyahunun ABŞ Prezidenti ilə görüşdüyü gün istəyib. ABŞ silahlarının Ukraynaya verilməsi Rusiya üçün demək olar ki, ekzistensial əhəmiyyət daşıyır. Putinin sözçüsü Dmitri Peskov daha əvvəl bildirmişdi: “Kiyev nə qədər az raket alsa, münaqişənin həlli bir o qədər yaxınlaşacaq”.

Ukrayna müharibəsində üstünlüyün qorunması Rusiya üçün Yaxın Şərq də daxil olmaqla, müxtəlif regionlarda maraqlarını qorumaq və yeni mövqe qazanmaq baxımından vacibdir. Məlumata görə, Moskva hazırda Dəməşqlə Tartus və Hmeymim bazalarının gələcəyi ilə bağlı çətin danışıqlar aparır. İranla bağlı vəziyyət də mürəkkəbdir.

Moskva Yaxın Şərqin “yeni coğrafiyası” məsələsinə və xüsusən də ABŞ-İsrail əməkdaşlığına çox ciddi yanaşır. Bu əməkdaşlıq İsrailin Fars körfəzi ərəb monarxiyaları ilə münasibətlərini də dəyişə bilər. Bu kontekstdə Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyevin reaksiyası son dərəcə emosional olub.

“Amerikalı (Donald Tramp) yenidən sevdiyi siyasi yelləncəkdə yellənir”, - Medvedyev ABŞ Prezidentinin Ukrayna ilə bağlı ziddiyyətli bəyanatlarını bu şəkildə qiymətləndirib. “Biz buna necə yanaşmalıyıq?” sualını verib və özü cavab verib: “Əvvəlki kimi. Necə ki, əsgərlərimiz edir, necə ki, Ali Baş Komandan edir – heç bir fərqli şəkildə yox. Biz xüsusi hərbi əməliyyatın məqsədlərinə çatmaqda davam etməliyik, torpaqlarımızı geri qaytarmalıyıq, qələbə üçün çalışmalıyıq”.

ABŞ mediası daha əvvəl Trampın Putinlə telefon danışığından “məyusluq hissi” ilə ayrıldığını yazmışdı. Tramp demişdi: “Onunla heç nə alınmadı, məyus oldum”. Həmçinin Fransanın prezidenti ilə telefon danışığında da məlum olub ki, Rusiya rəhbəri münaqişənin “ərazi reallıqları” əsasında həll olunmalı olduğunu israrla müdafiə edir.

Artıq bir aya yaxındır ki, Rusiya və ABŞ arasında məsləhətləşmələr dayandırılıb. Tramp-Putin telefon danışığı iki liderin görüşü məsələsini arxa plana keçirib. Moskva Kiyevə qarşı hərbi təzyiqləri artırır, yeni yaşayış məntəqələrini ələ keçirir və davamlı olaraq Kiyev, Xarkov və Odessanı raket atəşinə tutur.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Medvedyevin “Telegram” paylaşımı müharibənin “qələbə ilə sonlanması” istiqamətində siyasi qərarın daha bir təsdiqi sayılır. Maraqlıdır ki, Medvedyev ABŞ prezidentinə qarşı təhqiramiz ifadələr işlədən həmin yazını - ola bilsin ki, əldə etdiyi məxfi məlumatların təsiri altında - Tramp-Netanyahu görüşü günü paylaşıb. Əgər Moskva bu danışıqları Yaxın Şərqdə öz təsir dairəsinin zəiflədilməsi planı kimi qiymətləndirirsə, o zaman Rusiya mütləq əks tədbirlər görməyə çalışacaq. Bu isə, çox güman ki, Azərbaycan-Ermənistan-Türkiyə üçtərəfli münasibətlərini və dialoqu da çətinləşdirəcək.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   ABŞ   İsrail  


Bizi "telegram"da izləyin