İsrailin İrana hücumunu yalnız Tehrandakı nüvə obyektlərini sıradan çıxarmaq kimi təqdim etməsi Ankaranı qane etmir. Türkiyə siyasi elitası bu hərbi əməliyyatların arxasında daha geniş coğrafi məqsədlər olduğunu, regionun siyasi və etnik xəritəsini dəyişmək cəhdlərinin getdikcə daha çox aktuallaşdığını düşünür.
Türkiyə ictimaiyyəti və analitik dairələri bu planların əsas hədəflərindən birinin “regionda müstəqil kürd dövləti qurmaq” olduğunu bildirirlər. Bu isə nəinki Türkiyənin ərazi bütövlüyünə, həm də regionda etnik balansın pozulmasına birbaşa təhdid deməkdir. Xüsusilə Suriyanın şimal-şərqində faktiki avtonomluq əldə edən kürd qruplarının bu istiqamətdə fəaliyyətləri Ankaranı daim hərəkətdə saxlayır. Bu fonda PKK-nın canlanma riski və İran sərhədi boyunca kürd silahlı dəstələrinin fəallaşması, Türkiyənin Van şəhərində yüksək səviyyəli hərbi müşavirələrin keçirilməsinə səbəb olub.
Ankaranın son illərdə həyata keçirdiyi “Türkiyə – terrordan azad ölkə” konsepsiyası, PKK-nın zəiflədilməsi və hərbi strukturlarda təmizlik siyasəti ciddi nəticələr vermişdi. Lakin İsrail-İran savaşının yaratdığı yeni reallıq bu planları riskə ata bilər. PKK-nın yenidən canlanması, FETÖ hücrələrinin gizli şəkildə fəaliyyəti, kürd dövlətçiliyi ideyasının İsrail tərəfindən dəstəklənməsi və ABŞ-nin səssiz razılığı Ankaranı çətin seçim qarşısında qoyur.
Bütün bunların fonunda Ərdoğanın regional aktivliyini artırması və Suriyanın şimalında yeni hərbi əməliyyat ehtimalı reallaşa bilər. Bu, təkcə terror təhlükəsini zərərsizləşdirmək deyil, eyni zamanda Türkiyənin geosiyasi çəkisini və qərarverici mövqeyini gücləndirmək məqsədi daşıyır.
Türkiyə bugünkü mürəkkəb və çoxqatlı böhran şəraitində öz təhlükəsizliyini yalnız müdafiə ilə deyil, həm də proaktiv siyasətlə təmin etməyə çalışır. İsrailin İrana qarşı hücumu təkcə iki ölkə arasında silahlı münaqişə deyil, həm də regionun gələcəyinə dair strateji savaşdır. Ankara isə bu prosesin passiv müşahidəçisi olmaq fikrində deyil. Daxili təhlükəsizlik tədbirləri, sərhədyanı hərbi hazırlıq və açıq siyasi mesajlar göstərir ki, Türkiyə “qısa yuxuya” getmir. Əksinə o oyanıb və qətiyyətlə hərəkətə keçmək ərəfəsindədir.
Asif Cəfərov
Ordu.az