Tarasovdan İrəvanı silkələyən çıxış: Ermənistan kilsə vasitəsilə idarə olunan marionetə çevrilib

2025/06/1750503731.jpg
Oxunub: 508     14:50     21 İyun 2025    
Rusiyanın Ermənistanla münasibətləri son illərdə daha da gərginləşib və bu gərginlik artıq təkcə siyasi və hərbi müstəvidə deyil, həm də ideoloji və kimlik səviyyəsində özünü göstərir. Son günlərdə rusiyalı politoloq Stanislav Tarasovun səsləndirdiyi fikirlər bu münasibətlərin nə qədər dərin böhran yaşadığını açıq şəkildə ortaya qoyur. Tarasov Ermənistanı bir dövlət deyil, “erməni-maarifçi icma” kimi təsvir edir. Bu yanaşma Ermənistanın siyasi subyektliyini inkar edir və onu dini idarə altında yaşayan bir toplum kimi təqdim edir.

Stanislav Tarasov təkcə fərdi bir şərhçi deyil. O, Rusiya Xarici İşlər Nazirliyinə və təhlükəsizlik xidmətlərinə yaxınlığı ilə tanınan “Regnum” informasiya agentliyinin daimi təhlilçisidir. Onun səsləndirdiyi fikirlər şəxsi mövqe yox, rəsmi olmasa da, Moskvanın dərin dövlətində Ermənistanla bağlı formalaşmış strateji baxışın əksidir. Bu baxış Ermənistanı dövlətçilik ənənəsinə malik, müstəqil qərar verən bir ölkə kimi deyil, Rus Pravoslav İmperiyasının xristian periferiyası – daha dəqiqi, “icma” kimi görür.

Tarasovun “əgər kilsə yox olsa, erməni kim olacaq?” sualı sadəcə dini mövzuda spekulyasiya deyil. Bu, həm də Ermənistanın “siyasi kimliyi”nə qarşı yönəlmiş, onu dini strukturdan kənarda qeyri-müəyyən və zəif təsvir edən bir diskursdur.

Maraqlıdır ki, Tarasovun bu açıq şəkildə Ermənistana qarşı hörmətsiz və deqradasiyaedici yanaşmasına Ermənistan Apostol Kilsəsinin rəhbərliyi tərəfindən hər hansı rəsmi reaksiya verilməyib. Əgər doğrudan da Ermənistan müasir, demokratik və suveren dövlət olmağa iddialıdırsa, bu cür imperiya nostaljisi daşıyan ritorikaya qarşı ən azı ideoloji müqavimət göstərilməli idi. Lakin görünən odur ki, Ermənistanın siyasi və dini elitası bu məsələni ya görməməzlikdən gəlir, ya da Moskvadan gələn “qardaş məsləhətlərini” qəbul etməyə davam edir.

İrəvanda düşünürlər ki, bu strategiya Rusiyanın Cənubi Qafqazda oynadığı klassik “böl və hökm sür” siyasətinə uyğun gəlir: bölgədəki xalqları öz milli-siyasi identifikasiyalarından ayıraraq onları dini və etnik azlıqlar kimi təqdim etmək və nəticədə onları daha asan idarəolunan etməyə çalışmaq.

Ermənistan hazırda ciddi bir seçim qarşısındadır. Ya o, öz siyasi kimliyini qoruyaraq bərabərhüquqlu bir dövlət kimi regional və beynəlxalq münasibətlərdə yer almağa çalışacaq, ya da tarixin tozlu səhifələrində imperiyaların idarə etdiyi dini icmaların birinə çevriləcək.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tarasov   Ermənistan  


Bizi "telegram"da izləyin