Çin Mərkəzi Asiyanı yeni qapalı bloka çevirir? – BAXIŞ BUCAĞI

2025/06/1750157626.jpg
Oxunub: 645     16:39     17 İyun 2025    
İyun ayının 16-da Çin Xalq Respublikasının sədri Si Cinpin rəsmi səfərlə Qazaxıstanın paytaxtı Astanaya gəlib. Danışıqların başlanğıcında Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Çinlə münasibətləri “yaxşı qonşuluq və zamanın sınağından keçmiş strateji, etibarlı tərəfdaşlıq” adlandırıb. Bu barədə Qazaxıstanın “Tengrinews” portalı prezident administrasiyasının mətbuat xidmətinə istinadən məlumat yayıb.

Tokayev vurğulayıb ki, Çin Qazaxıstanla əməkdaşlıqda heç vaxt hər hansı siyasi şərt irəli sürməyib və Astana Çinin onun “suverenliyinə dəyişməz dəstəyini və təhlükəsizlik təminatlarını” yüksək qiymətləndirir. Prezidentin sözlərinə görə, Qazaxıstan “Çinin sülhpərvər təşəbbüslərini dəstəkləyir” və “ədalətli dünya düzəninin qurulmasında onun əsas rolunu” yüksək qiymətləndirir.

Tokayev həmçinin qeyd edib ki, artıq “Qazaxıstan Respublikasının Atom Enerjisi Agentliyi” yaradılıb və ölkənin azı iki-üç iri atom elektrik stansiyası inşa etmək planı var. Bu sahədə Çin şirkəti CNNC “etibarlı strateji tərəfdaş” hesab olunur və bu səbəbdən Qazaxıstan bazarında mühüm yer tutacaq. Tokayev xüsusi olaraq qeyd edib ki, Qazaxıstan Çinə etibarlı təbii uran təchizatçısıdır.

İyun ayının 17-də Astanada Çin-Mərkəzi Asiya zirvə görüşü açılır. Çin rəhbəri bu mühüm tədbiri qazaxıstanlı həmkarı ilə elə bir vaxtda təşkil edir ki, qonşu ölkə olan İranda genişmiqyaslı müharibə gedir və bu müharibədə ABŞ də faktiki iştirakçıdır.

Bundan əvvəl Çin Xarici İşlər Nazirliyi kifayət qədər ehtiyatlı ifadələrlə olsa da, mahiyyət etibarilə İsrailin hərəkətlərini pisləyərək onları “beynəlxalq hüquqa zidd” adlandırmışdı. Son günlərdə isə qeyri-rəsmi məlumatlar yayılıb ki, Çin İrana “hərbi dəstək göstərir”.

Mövcud olduqca mürəkkəb şəraitdə, müharibənin İran sərhədlərindən kənara çıxma riski olduğu bir zamanda, Çin liderinin Mərkəzi Asiyaya səfəri və zirvə görüşünün keçirilməsi artıq bu region üçün müəyyən təhlükəsizlik zəmanəti rolunu oynayır.

Digər tərəfdən, əgər Qazaxıstan prezidentinin “Çinin heç bir əməkdaşlıq üçün siyasi şərt qoymaması və suverenliyə hörmət etməsi” barədə bəyanatını təhlil etsək, ortaya belə nəticə çıxır ki, Mərkəzi Asiyaya əməkdaşlıq təklif edən digər ölkələr “institusional inteqrasiya” layihələri irəli sürürlər. Tokayev burada kimi nəzərdə tutur? Qazaxıstan həm KTMT, həm Avrasiya İqtisadi Birliyi, həm də Türk Dövlətləri Təşkilatının üzvüdür. Hər iki halda “siyasi sədaqət” amili əsas rol oynayır. Bu baxımdan, Çin-Mərkəzi Asiya əməkdaşlığı region ölkələrinə Rusiya və Türkiyə ilə münasibətlərdə müəyyən müstəqillik saxlamaq imkanı verir. Amma əsas sual budur: əgər vəziyyət geosiyasi və ya sivilizasiya xarakterli bir seçim mərhələsinə gəlib çatsa, bu onlara hansı nəticələrə başa gələcək? Və ya Çin Mərkəzi Asiyanı “geosiyasi müstəqil qapalı subregion” kimi institusionallaşdırmağa çalışsa, vəziyyət necə olacaq?

Asif Cəfrov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Mərkəzi-Asiya  


Bizi "telegram"da izləyin