Türkiyə Ukrayna üçün yaradılan PUA koalisiyasına qatılmaq istəyir

2025/06/2025--1749457450.jpg
Oxunub: 99     12:23     05 İyun 2025    
Belçika və Türkiyə Ukraynaya dəstək üçün qurulan “PUA Koalisiyası”na qatılmaq istəyir.

Ordu.az xəbər verir ki, Latviya Müdafiə Naziri Andris Spruds Riqa şəhərində təşkil edilən “PUA Zirvəsi 2025” müdafiə innovasiya konfransında çıxış edərək Belçika ilə Türkiyənin Latviya və Birləşmiş Krallığın rəhbərlik etdiyi beynəlxalq “PUA Koalisiyası”na qoşulmaq istədiklərini rəsmi şəkildə bildirdiklərini açıqlayıb.

Sözügedən “PUA Koalisiyası” Ukraynaya pilotsuz uçuş aparatları dəstəyi vermək məqsədilə 14 fevral 2024-cü ildə yaradılıb. Bu çərçivədə koalisiya üzvü ölkələr 2025-ci il ərzində Ukraynaya 2,75 milyard avro yardım göstərməyi öhdəsinə götürmüşdü.

Nazir Spruds koalisiyanın sürətlə genişləndiyinə diqqət çəkərək bildirib ki, beynəlxalq “PUA Koalisiyası” hər gün daha da güclənir. “Bu da Ukraynaya daha çox PUA tədarük etməyə imkan verir, eyni zamanda Latviya, Avropa İttifaqı və NATO ölkələrinin müdafiə sənayesini də gücləndirir”, - deyə o bildirib.

“BNN News” tərəfindən yayımlanan məlumata görə Latviya 2025-ci ildə koalisiya çərçivəsində 20 milyon avro dəyərində PUA alışı planlaşdırır. Həmçinin Latviya-Ukrayna birgə müdafiə sənayesi layihələri üçün 10 milyon avro ayrılması nəzərdə tutulur.

2024-cü ildə koalisiya çərçivəsində Latviya Ukraynaya təxminən 5.000 müxtəlif növ PUA təhvil verib. 2024-cü ildə ümumilikdə 1,8 milyard avro yardım edən koalisiyanın 2025-ci il üçün planlaşdırılan yardımlarla birlikdə cəmi dəstəyi 4,5 milyard avronu keçəcək.

Hazırda koalisiyada yer alan ölkələr bunlardır: Latviya, Birləşmiş Krallıq, Avstraliya, Çexiya, Danimarka, Fransa, Estoniya, İtaliya, Yeni Zelandiya, Kanada, Litva, Lüksemburq, Niderland, Polşa, Ukrayna, Almaniya, İsveç və Norveç. Türkiyə və Belçikanın üzvlüyü hazırkı üzvlərin təsdiqinə bağlı olacaq. Qəbul olunduqları təqdirdə, koalisiyanın ümumi üzv sayı 20-yə çatacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Ukrayna   PUA  


Bizi "telegram"da izləyin