ABŞ hərbi bazalarını Küveyt və Səudiyyə Ərəbistanından köçürə bilər

2019/07/2018_-1562244492.jpg
Oxunub: 252     14:16     26 İyun 2026    
ABŞ Yaxın Şərqdə yeni hərbi əməliyyatlar baş verəcəyi təqdirdə İranın mümkün hücumları qarşısında həssaslığı azaltmaq məqsədilə hərbi bazalarının bir hissəsinin Küveyt və Səudiyyə Ərəbistanından köçürülməsi imkanını müzakirə edir.

Ordu.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti müzakirələrin gedişi ilə tanış olan ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ hərbi rəhbərliyi hazırda Bəhreyndəki bazanın modernləşdirilməsini, Küveyt və Səudiyyə Ərəbistanındakı Amerika hərbi mövcudluğunun azaldılmasını, həmçinin bəzi bazaların və ya onların funksiyalarının İran raketləri və pilotsuz uçuş aparatlarını təsir zonasından daha uzaqda yerləşən qərb istiqamətinə köçürülməsini nəzərdən keçirir.

Söhbət xüsusilə ABŞ-nin Bəhreyndə yerləşən hərbi dəniz bazasından gedir. “The Wall Street Journal”ın yazdığına görə, İrana qarşı əməliyyat başlayandan etibarən həmin baza dəfələrlə zərbələrə məruz qalıb. Qəzet iddia edir ki, bu hücumlar ciddi dağıntılara səbəb olub və Pentaqon bu barədə ictimaiyyətə məlumat verməyib.

Mənbələrdən birinin sözlərinə görə, ABŞ zədələnmiş obyektlərin bir hissəsini bərpa etməkdən imtina edə bilər. Bunun əvəzinə bəzi komandanlıq mərkəzlərinin yeraltı hissələrə köçürülməsi, hərbi infrastrukturun isə region üzrə daha bərabər şəkildə bölüşdürülməsi nəzərdən keçirilir. Bununla belə, hələlik yekun qərar qəbul edilməyib.

Məqalədə qeyd olunur ki, ABŞ qüvvələrinin mümkün yerləşdiriləcəyi məkanlardan biri də İsraildir. Bildirilir ki, İrana qarşı hərbi əməliyyat zamanı burada artıq onlarla ABŞ hərbi təyyarəsi, o cümlədən qırıcılar və yanacaq dolduran təyyarələr yerləşdirilmişdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Hərbi-baza   Küveyt   Səudiyyə-Ərəbistanı  


Bizi "telegram"da izləyin