Ordu.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, 2026-cı il mayın 27-də məhkəmə iclası başa çatdıqdan dərhal sonra Vardan Qukasyan jurnalistlərin suallarını cavablandırmağa cəhd edib. O, polis əməkdaşının təqsirləndirilən şəxslər üçün nəzərdə tutulmuş məhkəmə kamerasına keçməsi ilə bağlı qanuni tələbini yerinə yetirməkdən imtina edib. Polis əməkdaşı onu müşayiət etməyə çalışarkən isə Vardan Qukasyan fiziki zor tətbiq edərək vəzifəli şəxsin qanuni xidməti fəaliyyətinə müdaxilə edib.
Müstəntiqin vəsatəti əsasında nəzarətçi prokuror Ermənistan Cinayət Məcəlləsinin 452.3-cü maddəsi (vəzifəli şəxsin qanuni xidməti fəaliyyətinə müdaxilə) ilə Vardan Qukasyana qarşı yeni cinayət işinin başlanmasına qərar verib.
Xatırladaq ki, 2025-ci ilin mart ayında Gümrü şəhər parlamentinə keçirilən seçkilərdən sonra müxalif qüvvələr koalisiya formalaşdırmış və Ermənistan Kommunist Partiyasının üzvü Vardan Qukasyan şəhər meri seçilmişdi. Onun seçilməsi Baş nazir Nikol Paşinyan tərəfindən dəfələrlə tənqid olunmuş, Paşinyan bu məsələnin “həll edilməsinin” vacibliyini bildirmişdi.
2025-ci il oktyabrın 20-də hüquq-mühafizə orqanlarının əməkdaşları Gümrü meriyasında axtarış aparıblar. Daha sonra Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi rüşvətxorluq işi üzrə istintaq çərçivəsində Vardan Qukasyan da daxil olmaqla səkkiz nəfərin saxlanıldığını açıqlayıb. Məhkəmənin qərarı ilə Vardan Qukasyan barəsində həbs qətimkan tədbiri seçilib.
2026-cı il iyunun 5-də isə ona respublikada hakimiyyəti qəsb etməyə hazırlıq ittihamı da irəli sürülüb.
Alpər Mövludoğlu
Ordu.az