Hindistan dəniz gücünü artırır

2026/06/cxvxc-1782472345.jpg
Oxunub: 215     15:09     26 İyun 2026    
Hindistanın Baş naziri Narendra Modi Kəlkətə şəhərində keçirilən mərasimdə Hindistan Hərbi Dəniz Qüvvələrinin inventarına daxil edilən üç yeni gəmini istismara qəbul edib.

Ordu.az xəbər verir ki, Hindistan Hərbi Dəniz Qüvvələrinin modernləşdirilməsi, həmçinin qabaqcıl dəniz platformalarının yerli imkanlarla layihələndirilməsi və inşası istiqamətində fəaliyyətini davam etdirir.

Bu strateji məqsəd çərçivəsində Qərbi Benqal ştatının Kəlkətə şəhərində keçirilən mərasimdə INS “Dunagiri”, INS “Sanshodhak” və INS “Agray” gəmiləri donanmanın inventarına daxil edilib.

“Hərbi Dəniz Qüvvələrinin Hərbi Gəmi Layihələndirmə Bürosu” tərəfindən layihələndirilən və “Garden Reach Shipbuilders and Engineers” tərəfindən inşa edilən gəmilər döyüş əməliyyatları, hidroqrafik tədqiqatlar və sualtı qayıqlara qarşı mübarizə imkanlarını gücləndirmək məqsədi daşıyır.

Mərasimdə çıxış edən Baş nazir Narendra Modi son illərdə hökumət tərəfindən həyata keçirilən genişmiqyaslı islahatlara diqqət çəkərək Hindistanın gəmiqayrma sənayesində yeni baxışla irəlilədiyini bildirib.

Modi qeyd edib ki, yerli gəmiqayırma potensialının artırılması üçün xüsusi addımlar atılıb və gəmi inşası, gəmi təmiri, eləcə də texniki xidmət və təmir fəaliyyəti böyük milli proqramın tərkib hissəsidir. Onun sözlərinə görə, bu gəmilərin istismara qəbulu Hindistanın gələcəyi baxımından mühüm dönüş nöqtəsidir. Baş nazir hökumətin dənizçilik sektorunu “qabaqcıl Hindistanın məşğulluq mühərriki” kimi qiymətləndirdiyini və yaxın illərdə bu sahənin milyonlarla yeni iş yeri yaratmaq potensialına malik olduğunu vurğulayıb.

Hərbi Dəniz Qüvvələrinin nümayəndələri isə bildiriblər ki, gəmilərin 75 faizdən çoxu yerli istehsaldır və onların hazırlanmasında 200-dən artıq mikro, kiçik və orta sahibkarlıq müəssisəsi iştirak edib. Onlar yerli gəmiqayırma sənayesinin böyük inkişaf potensialına malik olduğunu qeyd ediblər.

Mütəxəssislər hesab edirlər ki, bu dəniz platformalarının layihələndirilməsi və inşası Hindistanın müdafiə sənayesinin lokallaşdırılması və xarici asılılığın azaldılması strategiyasının ən mühüm nailiyyətlərindən biridir. Bununla belə, analitiklər bildirirlər ki, ölkə mürəkkəb dəniz platformalarını yerli imkanlarla istehsal etsə də, hərəkətverici sistemlər və dəniz radarları kimi kritik texnologiyalar sahəsində hələ də xarici təchizatçılardan asılı qalır.

İnventara qəbul edilən gəmilər arasında ən çox diqqət çəkən platforma “Dunagiri” idarəolunan raket freqatı olub. Hindistanın ən müasir suüstü döyüş gəmilərindən biri hesab edilən freqatın uzunluğu təxminən 149 metr, subasımı qbailiyyəti isə 6600 tondur.

Qabaqcıl silah sistemləri, sensorlar və müasir texnologiyalarla təchiz edilən gəmi hava hücumundan müdafiə, suüstü döyüş, sualtı qayıqlara qarşı mübarizə və uzaqmənzilli zərbə tapşırıqlarını eyni vaxtda yerinə yetirmək üçün layihələndirilib.

Bu gəmi cari ilin yanvar ayından etibarən istismara qəbul edilən idarəolunan raket freqatları sinfinin beşinci nümayəndəsidir. “BrahMos” qanadlı raketləri, MF-STAR radarı və “Barak-8” hava hücumundan müdafiə raketləri ilə silahlandırılan bu çoxməqsədli gəmilər mərhələli şəkildə donanmanın köhnəlmiş döyüş gəmilərini əvəz edəcək. Yaxın aylarda eyni sinfə məxsus daha iki freqatın istismara qəbul edilməsi planlaşdırılır.

İstismara qəbul edilən digər iki gəmi isə donanmanın sualtı qayıqlara qarşı mübarizə və dəniz müşahidəsi imkanlarını əhəmiyyətli dərəcədə artıracaq. Xüsusilə Çin və digər ölkələrin Hind okeanında sualtı qayıq fəaliyyətini genişləndirməsi fonunda bu platformalar Yeni Dehli üçün strateji əhəmiyyət daşıyır.

Bu çərçivədə inventara daxil edilən dayaz sularda sualtı qayıqlara qarşı mübarizə təyinatlı ASW-SWC sinfinə məxsus INS “Agray” sahilyanı bölgələrdəki təhdidləri aşkar etmək, izləmək və zərərsizləşdirmək üçün yüngül torpedolar, yerli raket buraxılış sistemləri və qabaqcıl sonar sistemləri ilə təchiz olunub.

Üçüncü gəmi olan INS “Sanshodhak” isə sahilyanı sularda hidroqrafik tədqiqatların aparılmasına dəstək verəcək və Hindistan Hərbi Dəniz Qüvvələrinin dəniz əməliyyatlarının planlaşdırılmasına töhfə verəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Dəniz-gücü  


Bizi "telegram"da izləyin