Fransa “yolayrıcı” deyir, amma dəhlizə qarşı çıxır – BAXIŞ BUCAĞI

2025/06/1748945028.jpg
Oxunub: 756     15:21     03 İyun 2025    
Fransanın Ermənistandakı səfiri Olivye Dekotini Gorus şəhərində Fransanın Fəxri Konsulluğunun açılışında bildirib ki, Gorus Ermənistanın geosiyasətinin mərkəzində yerləşir. Onun sözlərinə görə, Gorus tarixən əhəmiyyətli bir “yolayrıcı” olub və yenidən bu funksiyanı yerinə yetirəcək.

Lakin reallıq budur ki, Gorus-Qafan yolunun Azərbaycan tərəfinə təhvil verilməsi və Qarabağın tamamilə azad ediməsi ilə Gorus, faktiki olaraq, “çıxılmaz dalana” çevrilib. Bu kontekstdə Fransa səfirinin Gorusun yenidən “yolayrıcı” olacağı ilə bağlı söylədikləri ya sadəcə “yaxşı niyyət”dən doğan sözlərdir, ya da regionda kommunikasiya xətlərinin açılması ilə bağlı son dövrlərdə canlanan proseslərə işarədir.

Xüsusilə qeyd olunmalıdır ki, bu canlanma aprel ayının əvvəlindən başlayaraq Avropa İttifaqının Mərkəzi Asiya regionuna diqqət yetirməsi ilə özünü göstərdi. Əvvəlcə Aİ-nin yüksək nümayəndəsi Jozep Borelin Mərkəzi Asiya ölkələrinin xarici işlər nazirləri ilə görüşü keçirildi. Ardınca isə Aİ rəhbərliyi ilə həmin ölkələrin iştirak etdiyi ilk sammit baş tutdu. Hər iki tədbirdə Transxəzər nəqliyyat dəhlizi əsas müzakirə mövzusu oldu.

Bu məsələ, həmçinin Albaniyada keçirilmiş Avropa Siyasi Birliyi sammitində Ermənistan-Azərbaycan mövzusu kontekstində gündəmə gətirildi. Daha sonra Budapeştdə Türk Dövlətləri Təşkilatının toplantısında, eləcə də Laçında keçirilmiş Azərbaycan-Pakistan-Türkiyə üçtərəfli görüşündə bu məsələnin ön planda olduğu açıq görünürdü. Eyni mövzu Rusiya xarici işlər nazirinin İrəvana səfəri və Türkiyə XİN başçısının Moskvaya səfəri zamanı da danışıqların əsas gündəmində olub.

Bütün bu proseslər göstərir ki, bölgədə nəqliyyat və logistika xətlərinin açılması məsələsi ciddi şəkildə müzakirə olunur və burada müxtəlif, bəzən bir-birinə zidd strateji yanaşmalar toqquşur. Bu qarşıdurmanın ortasında Fransa hansı mövqedə dayanır və Gorusda hansı “yolayrıcı”nı nəzərdə tutur? Bu “yolayrıcı”nda hansı qaydalarla hərəkət olacaq? Çünki praktik baxımdan belə bir yol yalnız o halda işləyə bilər ki, Türkiyə və Azərbaycan bu marşrutlardan istifadə etsin. Habelə məlumdur ki, bu kommunikasiya dəhliz statusunda açılmalıdır.

Bu məqamda Fransa tərəfindən verilən mesajların məzmunu və məqsədi xüsusilə diqqət çəkir. Əgər Paris həqiqətən regionda sabitlik və inkişafı dəstəkləyirsə, “yolayrıcı” anlayışını yenidən nəzərdən keçirməli və onu real, qarşılıqlı razılaşmalarla uyğunlaşdırmalıdır. Əks halda, bu ifadə yalnız diplomatik ritorika olaraq qalacaq. Çünki Fransa regionda obyektiv vasitəçi obrazından uzaqlaşıb, Ermənistana birtərəfli dəstək verərək siyasi balansı pozur. Bu isə nə regional əməkdaşlığa, nə də kommunikasiyaların real açılmasına xidmət edir.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Dəhliz   Ermənistan  


Bizi "telegram"da izləyin