Təfərrüatlar aydınlaşdıqca, prosesin ABŞ prezidenti Donald Trampın üslubuna uyğun olaraq sürətli, birbaşa və nəticəyönümlü olduğu görünür. Amerikanın “Axios” xəbər platformasının həm ABŞ, həm də HƏMAS-ın rəqəmlərinə əsaslanaraq verdiyi məlumata görə, proses aprelin son günlərində HƏMAS-ın Trampa yaxınlığı ilə tanınan Fələstin əsilli amerikalı Bişara Bahbah ilə əlaqə saxlaması ilə başlayıb. Tərəflər arasında çoxlu ünsiyyətdən sonra Bahbahın bir anda HƏMAS Siyasi Bürosunun üzvü Xəlil əl-Hayye ilə görüşdüyü bildirilir.
Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkofun həm Bahbah, həm də Qətər vasitəçilərinə Aleksandrın azad edilməsinin Trampa böyük təsir edəcəyini söyləməsinin HƏMAS-ın jestində təsirli olduğu anlaşılır. Aprelin 22-də Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl Tani ilə Tramp və Uitkof arasında Ağ Evdə keçirilən görüşü də xatırlamaq yerinə düşər. Həmçinin bildirilir ki, Əl-Tani ABŞ-dən qayıdarkən HƏMAS-a Trampa jest etməyi təklif edib.
Hər halda, HƏMAS-ın bu addımının Trampın Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) əhatə edən Yaxın Şərq turuna başlamasına bir neçə saat qalmış baş verməsi mühüm təsir yaradıb və hadisəni gündəmin mərkəzinə gətirib. Bu inkişafın Vaşinqtondakı nəticələri də bir o qədər əhəmiyyətli olub. HƏMAS-ın qərarından sonra açıqlama verən Tramp hadisədən məmnunluğunu ifadə edərək, HƏMAS-ın jestini “ABŞ, Qətər və Misir kimi vasitəçilərin səylərinə qarşı yaxşı niyyətli addım” kimi qiymətləndirib. Oxşar bəyanatlar Trampın komandasındakı digər yüksək vəzifəli şəxslərdən də gəlib.
Bu inkişafdan bir gün əvvəl, mayın 11-də Uitkof İsrailin mövqeyini tənqid edərək, ABŞ-nin girovları azad etməyə çalışdığını, İsrailin isə müharibəni dayandırmaq istəmədiyini bildirib. Əslində, Tramp və komandası müəyyən məsələlərdə İsrailin problemə çevriləcəyini proqnozlaşdırırdı. Həqiqətən də, ABŞ vitse-prezidenti Ceyms Devid (JD) Vens 2024-cü ilin noyabrında keçiriləcək prezident seçkiləri ərəfəsində etdiyi çıxışda bildirib ki, ABŞ-nin maraqları bəzən İsrailin maraqları ilə üst-üstə düşməyə bilər. O, xüsusilə İran məsələsinə diqqət çəkib.
Son aylar ərzində Tramp administrasiyasının İran siyasətinin İsrailin baş naziri Binyamin Netanyahunun yanaşmasından nə qədər fərqli olduğu daha da aydınlaşıb. Trampın mayın 6-da Yəməndə bir ay davam edən bombardmanlardan sonra “artıq döyüşmək istəmədiklərini bəyan edən” husilərə qarşı hücumları dayandırma qərarı İsrail üçün soyuq duş effekti yaradıb. Bu təsir hələ də davam etdiyi bir vaxtda ABŞ və HƏMAS arasında müsbət küləklər əsir.
ABŞ-nin girovluqda saxlanılan sağ qalan sonuncu vətəndaşının azad edilməsi üçün HƏMAS ilə hansısa yolla danışıqlar apardığı faktı ötən həftə Qəzzada hücum planlarını genişləndirmək niyyətində olan İsraili məyus edib. Bu, ABŞ-nin İsrailin təhlükəsizliyinin qarantı olması faktını dəyişdirməsə də, Trampın “yorulduğunu” göstərir.
“Razılaşma” varmı?
Tramp öz siyasətini ABŞ-ni dünyanın aparıcı fövqəldövləti kimi saxlamaq prinsipi üzərində qurub və görür ki, ölkəsi həm daxili, həm də xarici faktorlar səbəbilə bu gücünü itirir. Trampın fikrincə, bu itkinin əsas səbəbi dünyanın müxtəlif bölgələrində əvvəlki administrasiyaların başladığı müharibələrdir. Ona görə, ABŞ-nin gücünü qorumağın yolu müharibə aparmaq deyil, düzgün siyasət formalaşdırmaqdır. Siyasət yaratmaq isə bütün tərəflərlə sövdələşmələri zəruri edir. Tramp kitablarından birində qeyd edir ki, ən yaxşı sövdələşmə hər kəsin qazandığı bazardır və bunun üçün səy göstərmək lazımdır.
Bu fundamental yanaşma Vaşinqtonun Rusiya, İran, husilər və Qəzzaya olan münasibətini müəyyənləşdirir. Lakin indiki şəraitdə HƏMAS-ın bu “oyunda” güclü bir aktor olduğunu söyləmək çətindir. Əslində, ABŞ və 1997-ci ildən terror təşkilatı hesab etdiyi HƏMAS arasında heç bir rəsmi razılaşma əldə olunmayıb. HƏMAS-dan indiyə qədər səsləndirilən qeyri-rəsmi bəyanatlardan görünür ki, onların daimi atəşkəsin yaradılması və Qəzzaya humanitar yardımın təmin olunması ilə bağlı “gözləntiləri” var. Tramp isə strateji hesablamaları əsasında bu gözləntiləri qarşılamağa açıq olsa da, bunu birbaşa HƏMAS ilə deyil, Səudiyyə Ərəbistanı, Misir və Qətər kimi vasitəçilərlə edəcək.
Qətərdə keçirilən atəşkəs danışıqlarına ümidsiz şəkildə bir nümayəndə heyəti göndərən İsrail, Qəzza hələ də “atəş altında” olsa da, danışıqların davam etdiriləcəyini bildirərək diplomatik səylərə diqqət yönəldir. Çünki Trampın Yaxın Şərq siyasəti daha çox onun qlobal güc balansına baxışı ilə müəyyən olunur.
Tramp nə istəyir?
Rusiya-Ukrayna müharibəsini bitirmək və İsrailin Qəzzaya hücumlarına son qoymaq istəyən ABŞ prezidenti yeni bir müharibənin başlanmasını istəmir. Trampın mayın 13-də Ər-Riyadda verdiyi açıqlamada Suriyaya qarşı sanksiyaları ləğv edəcəyi və bu ölkəyə fürsət tanıyacağı bəyanatı da onun Yaxın Şərqdə normallaşmanın tərəfdarı olduğunu sübut edir.
Tramp qlobal miqyasda da eyni siyasəti həyata keçirməyə çalışır. Buna görə də onun administrasiyası Qəzzada atəşkəsin yaradılması üçün Dohada keçirilən danışıqlara, eləcə də Rusiya ilə Ukrayna arasında mayın 15-də İstanbulda keçirilməsi planlaşdırılan sülh danışıqlarına dəstək verəcəyini bildirib və bu prosesdə iştirak etməyə hazır olduğunu açıqlayıb. ABŞ və İran arasında davam edən danışıqları da bu kontekstdə qeyd etmək lazımdır. Tramp hesab edir ki, hazırkı gərginlik yalnız ABŞ maraqlarına deyil, həm də Çinin hərəkət imkanlarına fayda verir və bu səbəbdən sülhü müharibədən üstün tutur.
Başqa sözlə, Trampın rəhbərliyi altında ABŞ artıq Soyuq Müharibə dövründəki kimi və ya onun sələfləri Buş və Obamanın siyasətləri çərçivəsində deyil, hazırda Çinin etdiyi kimi davranmağın daha faydalı olduğunu düşünür. O, danışıqlara açıq olan bütün tərəflərlə dialoqa hazır olduğu mesajını verir. Görünür, HƏMAS bu vəziyyəti düzgün analiz edib və Trampla əlaqə üçün doğru kanal açıb. Əgər bu kanal düzgün işləsə, atəşkəs bərpa oluna bilər. Proqnozlaşdırılanlar gerçəkləşərsə, bu, ABŞ və HƏMAS arasında son təmasların ən mühüm nəticəsi olacaq. Bununla belə, HƏMAS-ın bir zamanlar Ərafat dövründə Fələstin Azadlıq Təşkilatının (FAT) əldə etdiyi statusa çatması hələ ki, mümkün görünmür. Bu, ilk növbədə Fələstin daxili siyasəti və region ölkələrinin münasibətləri ilə bağlıdır.
Buna baxmayaraq, ABŞ və HƏMAS arasında müsbət irəliləyişlər bu günə qədər 52 min insanın həyatını itirdiyi, yalnız son 48 saatda 50-dən çox insanın həlak olduğu Qəzzada gərginliyin azaldılması baxımından mühüm nailiyyət ola bilər. Mövcud şəraitdə bu, ABŞ və HƏMAS arasında təmasların ən əhəmiyyətli nəticəsi ola bilər.
Asif Cəfərov
Ordu.az