Bu xüsusilə Cənubi Qafqaz üçün vacibdir, çünki İran regionda təhlükəsizlik baxımından təsir imkanlarına malik ölkədir. Lakin burada diqqət çəkən məsələ budur ki, Fransanın bu prosesə necə daxil olacağı və hansı maraqları qorumağa çalışacağı ciddi suallar doğurur. Fransa xarici işlər naziri Stefan Bare bir neçə gün əvvəl İranla bağlı razılaşmalarda Avropa maraqlarının nəzərə alınmalı olduğunu bildirmişdi.
Barenin bu fikrinin konkret nə demək olduğu aydın deyil. Yəqin ki, Parisdə baş tutacaq görüşlərdə bu məsələ də dəqiqləşəcək. Amma Fransanın regionda birtərəfli yanaşmalar sərgilədiyi, xüsusilə Azərbaycan-Ermənistan münasibətləri fonunda Fransanın ədalətli vasitəçi ola bilməyəcəyi artıq bir çox beynəlxalq aktor tərəfindən qəbul olunur. Fransanın Ermənistandakı səfiri tez-tez Zəngəzur bölgəsinə səfər edir, bununla isə Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş açıq-aşkar mövqe nümayiş etdirir. Bu, Cənubi Qafqazda sülhə deyil, qarşıdurmaya xidmət edir.
Ehtimal edilir ki, İranla bağlı mümkün razılaşmalar fonunda Fransanın oynadığı rol, Parisin bölgədəki siyasətinə də təsir göstərə bilər. Lakin əgər Fransa bu razılaşmalarda daha geniş formatda, yəni ABŞ-Rusiya-İran xəttində razılaşdırılmış mövqedə iştirak etməyə nail olsa, o zaman onun Cənubi Qafqazdakı təsir imkanları dəyişə bilər. Əks halda isə, Fransa regionda daha çox Türkiyənin və dolayısıyla Azərbaycanın siyasi iradəsi ilə hesablaşmağa məcbur qalacaq.
Azərbaycan artıq bir neçə dəfə açıq şəkildə bəyan edib ki, sülhün təmin olunması üçün real, praqmatik və beynəlxalq hüquqa əsaslanan addımlar vacibdir. Əgər Fransa birtərəfli yanaşmalarına son qoymasa və Ermənistana əsassız dəstək verməkdə davam etsə, o zaman Paris sülh prosesindən tamamilə kənarda qala bilər.
Beləliklə, Parisdəki danışıqlar Ermənistanın deyil, bütövlükdə regionun gələcəyi üçün mühüm əhəmiyyət daşıyır. Azərbaycan isə sülh prosesində öz mövqeyini möhkəm şəkildə qorumaqda davam edir və beynəlxalq tərəfdaşlardan yalnız obyektiv yanaşma gözləyir.
Firuz Bağırov
Ordu.az