Benqaluruda yerləşən “Aeronautical Development Estabment” (ADE) tərəfindən hazırlanmış “Tapas-BH-201” bu yaxınlarda 28.000 fut hündürlük və 18 saat uçuş müddəti əldə edib. DRDO-nun nəzdində olan müəssisə on il əvvəl orta hündürlükdə uzun müddət uça bilən (MALE) PUA-nın hazırlanmasına başlayıb.
Şirkətin direktoru Y. Dilip bildirib ki, müəssisəsinin yaxşı sturuktur dizaynı var: “İlk dəfədir ki, Hindistan istehsalı olan PUA sertifikatlaşdırma prosesinə gedir. Və çox yaxında o, silahlı qüvvələrə cəlb olunacaq”.
Hərbi Uçuşa Yararlılıq və Sertifikatlaşdırma Mərkəzi (CEMILAC) indi PUA-nın yük faktorlarını, təhlükəsizliyini və gövdə dizaynını yoxlayaraq onun uçuşa yararlılığını sertifikatlaşdırmalıdır.
Silahlı qüvvələr gecikmə ilə əlaqədar olaraq, Hindistan istehsalı olan daha öncəki PUA-lara o qədər də maraq göstərməmişdilər, qüvvələr “Heron” və “Searcher” kimi İsrail istehsalı olan PUA-lardan asılı olmağa davam edirdi.
“Tapas” əsasən müşahidə üçün istifadə edilsə də, silah da daşıya bilir. “O, müəyyən silahları daşımaq üçün əvvəlcədən hazırlanıb və silahlı platformaya çevrilə bilər”, - deyə Dilip bildirib. “Tapas” gecə və gündüz missiyalarını yerinə yetirmək qabiliyyətinə malik olan bir sıra sensorlara malikdir və o, həmçinin avtonom uçuş və eniş imkanlarına malikdir. O, yalnız kiçik missiyalar üçün nəzərdə tutulub və 150 kq məhdud yük daşıya bilər.
Hindistan silahlı qüvvələri xüsusilə PUA-lar təkmil yerüstü idarəetmə sisteminə heyran qalıb.
“Hindustan Aeronautics Limited” şirkəti ilk beş “Tapas” PUA-sı istehsal edəcək. Şirkətin may ayına qədər istehsal üçün layihələri alması gözlənilir. Sentyabr və aprel ayları arasında HAL mərhələli çatdırılma həyata keçirəcək.
İlk beş “Tapas” üçün uçuş idarəetmə sistemləri, avionika və məlumatla əlaqəli sistemlər hazırdır. Gövdə hazır olan kimi bu sistemlər tez bir zamanda quraşdırıla bilər. Motorlar artıq sifariş olunub. “Tam bir PUA hazırlamaq üçün planımız var, sistemlər tez təchiz oluna bilər. Biz HAL komandasına ilk iki sistemin inteqrasiyası üzrə təlim keçəcəyik. Qalan sistemlər üçün HAL inteqrasiyanı özü edəcək”, - Dilip bildirib.
“Bharat Electronics Limited” bortda olan avionika kimi elektron sistemlər üçün əsas tərəfdaşdır. Sonra, bütün 5 “Tapas” istifadəçi qiymətləndirmə sınaqlarına gedəcək. Cəmi 76 ədəd “Tapas” PUA-sı Hindistan silahlı qüvvələrinə cəlb olunacaq, 60-ı Quru, 12-si Hava, 4-ü Dəniz Qüvvələrinə veriləcək.
Layihənin ilkin tamamlanma tarixi 2016-cı il olsa da, o, 2023-cü ilə qədər uzadılıb. Hökumət bundan sonra heç bir uzadılma olmayacağını açıqlayıb.
DRDO mütəxəssisləri, həmçinin “Tapas” üçün yerli mühərrik üzərində Koimbaturda yerləşən özəl şirkətlə birgə çalışırlar. PUA hazırda Avstriya istehsalı olan “Austro” mühərriki ilə çalışır və bu mühərrik iki turbomühərriklə təchiz edilir. Hazırda PUA-ların 75%-ə yaxını Hindistan istehsalıdır. DRDO mütəxəssisləri iddia edirlər ki, “Tapas”ın istehsalı başa çatdıqdan sonra idxal edilən PUA-lardan təxminən səkkiz dəfə ucuz olacaq.
Sevinc Əliyeva
Ordu.az