Hərbçilər və mülki şəxslər raket hücumlarının cib telefonu ilə çəkilmiş videosunu paylaşır, sakinlər real vaxt rejimində şəhərlərini işğal edən hərbçilərin görüntülərini yerləşdirir və bomba sığınacaqlarından canlı yayımlar açırlar. Hökumət rəsmiləri tvitlər vasitəsilə məhv edilmiş tank karvanlarının və vurulan texnikanın PUA-dan çəkilən videosunu yayımlayırlar.
Bütün dünya minlərlə “Telegram” kanalı, “Twitter” lentləri və “TikTok” hesablarından bunları izləyir.
Ukraynadakı mülki şəxslər müharibə müxbiri kimi çıxış edirlər, lakin onların sayı çoxdur. Bu da məlumat axınını daha da gücləndirir. Söhbət ondan getmir ki, əvvəllər sosial mediada aktiv döyüşdən görüntülər paylaşılmayıb. Məsələn, Suriya və İraqda İŞİD və digər teror qrupları sosial mediada PUA və cib telefonlarından çəkilən videolardan geniş istifadə edirdilər. Amma bu müharibənin əsas fərqi görüntülərin çoxunun ordudan yayılmasındadır.
Ukraynadan gələn çoxlu video və görüntüləri çeşidləyən “internet kəşfiyyatçıları”ndan biri olan Kayl Qlen deyir ki, əksər hallarda peşəkar hərbçilər döyüşün ortasında telefonlarından çəkdikləri videoları ilk növbədə ingilisdilli auditoriya üçün nəzərdə tutulan “Twitter”də paylaşır.
29 yaşlı Qlen 2014-cü ildə Şərqi Ukraynada müharibə başlayanda açıq mənbə kəşfiyyatı (OSINT) kimi tanınan məlumatları izləməyə başladı. Daha sonra digər iki OSINT həvəskarı ilə birlikdə “Conflict News” adlı “Twitter” hesabı yaratdılar. Bununla yanaşı, o, Suriya və İraqdakı müharibələri izləməyə davam edib.
Uelsin Suonsi şəhərində yaşayan Qlen və digər OSINT-çilər “samanda iynə axtarmaq” üçün çox səy göstərdilər. Çəkilişlərin mənşəyinin və doğruluğunun yoxlanılması xüsusi təcrübə tələb edir
“Bellingcat” kimi bəzi OSINT saytları illərdir fəaliyyət göstərir, digərləri isə, məsələn, “Ukrainian Radio Watchers” bu müharibənin xüsusi aspektlərini izləmək üçün yaradılıb.
Ruslar və ukraynalılar tərəfindən istifadə edilən silah və hərbi texnikanın təhlili OSINT-in əhatə dairəsini genişləndirib. “Ukraine Weapons Tracker” və “Oryx” kimi hesablar hər iki tərəfdən məhv edilmiş və ələ keçirilmiş avadanlıqları diqqətlə izləyir.
İctimaiyyətə açıq olan bu cür məlumat hərbi analitiklərə kimyəvi və ya qadağan olunmuş silahların istifadəsi ilə bağlı mübahisələri həll etməyə kömək etməyə imkan verir. Bu şəkillərə baxan kənar adamlar bu mühakimələri apara bilər və hökmləri süzgəcdən keçirmək üçün hökumətlərə etibar etməzlər.
Ukraynadan gələn döyüş görüntülərinin çoxu əsgərlərin “Telegram” və “WhatsApp”da daha kiçik qruplara göndərdiyi videolardan qaynaqlanır və daha sonra toplayıcı kanallarda təkrar yayımlanır.
2019-cu ildən bəri açıq mənbə məzmununu izləyən “OSINTtechnical” adlı “Twitter” hesabının arxasında duran, adını açıqlamayan amerikalı tələbə deyir ki, bununla bağlı problemlər var: “Hər bir toplayıcının öz qərəzi var. Bunun öhdəsindən gəlməyin ən yaxşı yolu heç kimin etibarlı olmadığı kimi davranmaqdır. Hər şey saxta ola bilərmiş kimi davranmaqdır”.
Həm o, həm də Qlen deyirlər ki, müharibənin əvvəlində bəzi saxta videolar və digər münaqişələrə aid təkrar işlənmiş görüntülər yayılsa da, Ukraynadan yayılan videonun çox hissəsi, hətta açıq-aşkar partizan olan iştirakçılardan göndərilsə də, etibarlı olub.
“Ukraynalılar öz iddialarını əlavə məlumatla dəstəkləməkdə kifayət qədər yaxşı idilər, bu, müstəqil şəkildə yoxlanıla bilər”, - deyə o qeyd edib.
Mariupoldan əsir götürülən ukraynalı əsgərlərin videosu ortaya çıxanda araşdırmaçılar bir neçə saat ərzində onu təhlil edib, onun dəqiq olduğunu göstərən əlamətlər və digər mənbələrdən dəstəkləyici iddialar axtarırdı.
“Mən təsdiqlədim, bu əsgərlər Ukrayna kamuflyajı geyiniblər. Onlar Ukrayna istehsalı olan zirehli gödəkçələr geyiniblər. Bəzilərində rusların əldə edə bilmədiyi yerli istehsal olan Ukrayna dəbilqələri var idi. Və hər şey çox ardıcıl idi”.
OSINT mütəxəssisləri xəritəçəkmə proqramı, kommersiya peyk şəkilləri və hətta NASA-nın yanğına nəzarət məlumatları kimi tam mənzərəni əldə etmək üçün adətən həmin cəbhə görüntülərini digər ictimai mənbələrlə çarpaz müqayisə edirlər, bu taktika raket zərbələrini təsdiqləməkdə özünü doğruldub.
“New York Times” Buçada mülki şəxslərin qətlə yetirilməsi vaxtı ilə bağlı Rusiyanın iddialarına qarşı çıxmaq üçün müharibə boyu Ukraynadan görüntülər yayan kosmik texnologiya şirkəti “Maxar”ın peyk şəkillərindən istifadə edib.
Müharibədən olan görüntülərin çoxu təkcə müharibə haqqında məlumat yaymaq üçün deyil, həm də hərbi kəşfiyyat üçün istifadə olunan kommersiya PUA-larından alınıb.
Taras Troyak PUA-ların Ukrayna hərbçilərinə tədarükünə kömək edən şəxslərdən biridir. Müharibədən əvvəl o, dünyada istehlakçı dronlarının ən böyük tədarükçülərindən biri olan DJI-nin Ukrayna distribyutoru idi, lakin əlində olan bütün ehtiyatını orduya bağışlayıb və indi əsgərlərə ondan necə istifadə ediləcəyini öyrətməyə kömək edir. O, həmçinin xaricdən, o cümlədən Kanadadan gələn PUA-ların ianələrini əlaqələndirir.
“Mən hətta ağlıma belə gətirmirdim ki, bu alət böyük müharibə zamanı bu qədər güclü ola bilər. Ona görə də videoya baxanda, PUA-ların ukraynalıların həyatını xilas etməyə və rus qoşunlarını məhv etməyə kömək etdiyi zaman, şübhəsiz ki, buna sevinirəm”, - deyə o bildirib.
Müşahidəçilər və DJI-nin özü kommersiya PUA-ların döyüşdə istifadəsi ilə bağlı narahatlıqlarını dilə gətirsə də, Troyak Ukraynanın onlardan daha çoxuna ehtiyac duyduğunu bildirib.
Dəyanət Ağalarlı
Ordu.az