Yay fəslində PUA-dan atılan iki “Hellfire” raketi ilə “Əl Qaidə” lideri öldürülüb və hədəfdən kənara çox az ziyan vurub.
Rəsmilər bildiriblər ki, “Əl Qaidə” lideri Ayman əz-Zəvahiri Əfqanıstanın Kabil şəhərinin mərkəzindəki evinin balkonunda dayanarkən zərərsizləşdirilib. Bu, Usamə bin Laden 2011-ci ildə öldürüləndən bəri terrorçulara ən böyük zərbə olub.
Yüksək səviyyəli administrasiya rəsmisi jurnalistlərə bildirib ki, Zəvahiriyə PUA-lardan iki “Hellfire” raketi atılıb. ABŞ rəsmiləri hücumda ölən və yaralananların olmadığını bildirib. ABŞ rəsmiləri bildiriblər ki, zərbəyə görə MKİ məsuliyyət daşıyır.
Ayman əl-Zəvahiri də ABŞ komandolarının Pakistanın Abbottabad şəhərindəki evinə basqın etməsindən sonra öldürülən Usamə Bin Laden kimi Əfqanıstanın təhlükəsiz evində vurulub.
Sosial mediada yayılan görüntülərə əsasən mütəxəsislər zərbənin “Hellfire” raketinin R9X adlı altı bıçaqdan ibarət konfiqurasiyası ilə həyata keçirildiyi qənaətinə gəliblər.
“Lockheed Martin” tərəfindən hazırlanan “Hellfire raketləri” adətən əhəmiyyətli zərərlərə səbəb olan, bütün binaları uçuran və yaxınlıqdakı hər kəsi öldürən və ya ciddi şəkildə yaralayan zərbələr üçün dəqiq idarə olunan sursatlardır. Zəvahiriyə endirilən zərbənin az ziyan vurduğu və mülki itki ilə bağlı məlumat verilmədiyi bildirilir ki, bu da ABŞ-ın tətbiq etdiyi raketin dəqiqliyini göstərir.
Agentlik iddia edir ki, hücum may və iyun aylarında planlaşdırılıb, ABŞ rəsmiləri Kabildəki çoxmərtəbəli iqamətgahı izləyiblər, Ayman əl-Zəvahiri müntəzəm olaraq açıq havada görünüb.
Məlumatlara görə, ABŞ rəsmiləri mülki şəxslər üçün riski minimuma endirmək üçün binanın struktur bütövlüyünü təhdid etmədən Zəvahirini vurmaq məqsədilə evin tikintisini araşdırıblar.
İddialara görə, müdafiə və kəşfiyyat rəsmiləri planı iyun ayında yekunlaşdırıb və iqamətgahın ətraflı modelindən istifadə edərək iyulun 1-də Ağ Evdə Baydenə təqdim ediblər.
Prezident Bayden bu qərarı iyunun 25-də hələ də COVID-19 ilə mübarizə apararkən qəbul edib. Zərbə bazar günü, Kabil vaxtı ilə səhər saat 06:18-də endirilib.
İstifadə edilən raket gövdəsindən bir sıra bıçaqlar çıxarır və hədəfini parçalayır, lakin yaxınlıqdakı insanları və obyektləri zədələmir.
Sevinc Əliyeva
Ordu.az