Birləşmiş Ştatlar 2001-ci ildə 11 sentyabr hücumlarının ardınca Əfqanıstanda öz “Predator” platformalarını tətbiq etdikdən sonra PUA-lar müharibələrdə geniş vüsət alıb. ABŞ PUA sahəsində üstünlüyünə malikdir, lakin bu cür sistemlərin nisbi dəyərinin aşağı olması onları Yaxın Şərqdəki zərərli aktorlar üçün cəlbedici edir. ABŞ və ekstremist qrupların müşayiəti ilə bu pis niyyətli aktorlar arasında uçurum daralır.
Suriyadakı İdlib uğurunda gedən döyüşlər yeni döyüş doktrinasını ortaya qoydu, əsas diqqət ölkədəki güc balansını dəyişdirən PUA-lara əsaslanırdı. Türkiyə əməliyyata yerli istehsal olan 100-ə yaxın PUA ilə başlayıb və düşmənin çoxsaylı zirehli texnikaları öldürücü effektivliklə atəşə tutub. Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, Suriya rejimi döyüş bitənə qədər ən azı iki döyüş təyyarəsi, 8 helikopter, 135 tank, 77 zirehli texnika itirib və 2500 canlı qüvvəsi məhv edilib. Suriya Ordusu Türkiyə PUA-larının ucuz, lakin yüksək dəqiqlikli raketlərindən və artilleriya atəşindən qoruna bilməyib.
NATO rəsmisinin dediyi kimi: “Bu PUA-lardan onlarlası İdlib üzərində uçub və gecə boyu Suriya rejiminin üzərinə bombalar ataraq Rusiya prezidenti Vladimir Putinin diqqətini çəkib”. Türkiyə PUA-ları havada üstünlük təşkil edə bildi və bu, Liviyada və Ermənistan-Azərbaycan müharibəsində təkrarlandı.
Liviyada türk PUA-ları Tripoliyə hücumun qarşısını aldı və Milli Razılıq Hökuməti Feldmarşal Xəlifə Həftərin qüvvələrini Sirt şəhərinin strateji kənarlarına doğru təqib etmək üçün müdafiə mövqeyindən hücum mövqeyinə keçdi. Eyni vəziyyət Qafqazda da təkrarlandı, Azərbaycan PUA-lardan istifadə edərək 30 ildən artıqdır ki, Ermənistanın işğalı altında olan ərazilərini azad etdi.
Liviya, İdlib və Azərbaycan məsələlərində PUA-ların effektivliyi təsdiqlənib. Bu üç teatrda Türkiyə PUA-ları hava hücumundan müdafiə sistemlərini hədəf alaraq hücumlara başladılar.
Bu nümunələr sual doğurur: Bu cür taktikalar yenidən strateji qiymətləndirmələrə səbəb ola bilərmi?
Burada 2019-cu ilin sentyabrında qlobal neft hasilatının 6%-ni müvəqqəti olaraq dayandıran Səudiyyənin “Saudi Aramco” obyektinə hücumu misal göstərmək daha məqsədəuyğundur. Bu hücum husilərin Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə qarşı hücumları ilə birlikdə İranın və ya onun müttəfiqlərinin PUA imkanlarında əhəmiyyətli bir inkişafı göstərir.
Burada təəccüblü olan İranın 2019-cu ilin iyulunda keçirilən hərbi təlim zamanı çoxlu sayda – təxminən 50 PUA-nı idarə etmək bacarığıdır. İranlılar öz ərazilərinə düşən müasir ABŞ PUA-larını ələ keçirərək onların əsasında öz sistemlərini yaradıb.
Bəzi qiymətləndirmələr PUA hücumlarının effektivliyini 85% qiymətləndirir. Bu yüksək nəticədir və texnologiyanın mükəmməl qabiliyyətini və yüksək etibarlılığını nümayiş etdirir. Bu cür hücumlar həmçinin elektrik stansiyaları və silah istehsalı zavodları kimi infrastrukturu hədəfə ala bilər.
Beləliklə, biz münaqişələrin idarə edilməsində yeni vəziyyətlə üz-üzəyik, PUA-lar hətta ən qabaqcıl hərbi dövlətləri belə təəccübləndirmək qabiliyyətinə malikdir. İndiyə qədər sübut olunub ki, bahalı hava hücumundan müdafiə sistemləri və ucuz PUA arasındakı qarşıdurmada xüsusilə düzgün taktika ilə sonuncular qələbə qazanıb. Azərbaycanın istifadə etdiyi Türkiyə istehsalı PUA-lar Misir, Hindistan, İran və Suriya da daxil olmaqla bir çox ölkə üçün əsas hava hücumundan müdafiə sistemi olan məşhur S-300 raket sistemini zərərsizləşdirib.
Hətta Suriyada yerləşdirilən daha mürəkkəb S-400 sistemləri radioelektron mübarizə vasitələri, radiasiya əleyhinə raketlər və dəqiq idarə olunan sursatların birgə istifadəsinə qarşı təsirsiz olduğunu sübut edib. Hətta Səudiyyə Ərəbistanı kimi, əksəriyyəti qərb istehsalı olan, mürəkkəb hava hücumundan müdafiə sistemlərinə malik olan bir ölkə belə, 2019-cu ildə “Saudi Aramco” obyektinə edilən PUA hücumunu dəf etməkdə çətinlik çəkib.
Həmçinin bu ucuz, yüksək təsirli texnologiyaların İraq, Liviya və Suriyadakı terror təşkilatlarına yol tapmasından sonra dünya Yaxın Şərqdəki strateji tarazlıq üçün yeni və çətin problemlə üz-üzə qalıb.
Bu çağırış qarşısında müasir müharibə daha çox gizli terror hücumları ilə üzləşir. Son illərdə PUA-lar, xüsusən də Yaxın Şərqdə təşkilatlar və hərbi qüvvələr üçün əsas silaha çevrilib, lakin onların istifadəsi qanuni və qeyri-qanuni olaraq dəyişir. Hərbiçiləri bu tip silahlardan istifadə etməyə sövq edən əsas amil onun radardan yayınma qabiliyyətidir. Bu, məsələn, İraqın Ərbil Beynəlxalq Hava Limanına edilən hücumlarda müşahidə olunub.
Dünya Yaxın Şərqdə PUA-lardan istifadənin fəsadlarına diqqət yetirməlidir. Bu sistemlər regional hərbi güc balansını dəyişdirmək potensialına malikdir.
Sevinc Əliyeva
Ordu.az