Düşmən iyulda atəşkəsi azı 262 dəfə pozub

2019/06/41223-1561787900.jpg
Oxunub: 5239     09:44     31 İyul 2019    
İyul ayında Ermənistan silahlı bölmələri atəşkəs rejimini ən azı 262 dəfə pozub.

Ordu.az-ın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlar və əsasən snayper tüfənglərindən istifadə etməklə Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutub.

Silahlı Qüvvələrin Ağdam, Füzuli, Cəbrayıl, Xocavənd, Tərtər, Goranboy, Qazax, Gədəbəy, Tovuz, Göygöl və Ağstafa rayonlarında yerləşən mövqeləri Ermənistan silahlı bölmələrinin atəşinə məruz qalıb.

Bütün cəbhə boyu əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altında olub.

Mülki obyektlərə və əhaliyə atəş açmaqdan çəkinməyən düşmən elə ayın ilk yarısında müxtəlif xarakterli təxribata əl atıb.

İyulun 9-da düşmən Berd rayonunun Çinari və Muses kəndləri ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən təsərrüfat işi ilə məşğul olan Tovuz rayonunun Əlibəyli kənd sakini 35 yaşlı Rəşad Əliyevin idarə etdiyi traktoru davamlı olaraq snayper tüfəngindən atəşə tutub.

Kənd sakini günorta saatlarında biçin sahəsində ot bağlaması yığan zaman ona snayper tüfəngindən atəş açılıb. Atılan güllələrdən bir neçəsi traktorun kabinəsinə dəyib. Daha bir neçə güllə isə texnikanın şininə dəyərək onu partladıb. Hadisə zamanı Rəşad Əliyev sürətlə yaxınlıqdakı xəndəyə girib və xəsarət almayıb.

Ayın ikinci yarısında da Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib.

Belə ki, iyunun 17-də səhər saatlarında Göygöl rayonu ərazisində təsərrüfat işləri görən mülki traktor Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən snayper atəşinə məruz qalıb.

Bununla kifayətlənməyən düşmən, növbəti gün, saat 00:20 radələrində No­yem­ber­yan rayonunun Zorakan kəndi istiqamətindən iri çaplı silahlardan atəş açılmaqla atəş­kəs rejimi pozulub, Qazax rayonunun II Şıxlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsinin mövqeləri atəşə tutulub. Hadisə zamanı Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşun­la­rının “Qa­zax” sərhəd dəstəsinin sərhəd döyüş məntəqəsində dö­yüş növbəsində xidmət aparan əsgər Ceyhun Bay­ra­mov yara­lanıb. Cavab atəşi ilə düşmən susdurul­ub.

Qeyd edək ki, həmin gün düşmən cəbhədə də atəşkəs rejimini kobudcasına pozaraq dinc əhaliyə atəş açıb. İşğalçı ordunun bölmələri axşam və səhər saatlarında Ağdam rayonunun Çıraqlı kəndini atəşə tutub.

Sakinlərin sözlərinə görə, gecə saatlarında kənd bir neçə dəfə düşmən atəşinə məruz qalıb. Bundan başqa səhər saatlarında da düşmən atəşkəsi pozub. Kənd ərazisinə istinad divarları çəkilməsinə baxmayaraq, atılan kor güllələr ağac və divarlara dəyib.

İyulun 21-də düşmən yenidən Ağdamın Çıraqlı kəndini atəşə tutub. Gecə saatlarında cəbhənin Ağdam rayonu istiqamətində düşmənin atəşkəsi pozması nəticəsində atılan iriçaplı pulemyot mərmiləri yaşayış evlərinin divarlarına dəyib.

Qeyd edək ki, Çıraqlı kəndi ayın sonlarına qədər Ermənistan Silahlı Qüvvələri tərəfindən mütəmadi olaraq atəşə tutulub.

Ayın sonlarına doğru isə düşmən təxribatlarını daha da intensivləşdirərək əsasən Qazax istiqamətinə mərkəzləşib.

Belə ki, iyulun 27-də düşmən snayperləri tərəfindən döyüş mövqelərimizdən arxa istiqamətdə hərəkətdə olan “Ka­maz” markalı hərbi yük maşını atəşə tutulub, açılan güllələrdən biri avtomobilin ön şüşəsinə dəyib.

Nəticədə təxribata cəhd edən müqaviləli erməni hərbi qulluqçu yaralanıb.

Növbəti günlərdə də Azərbaycan-Ermənistan dövlət sərhədində yerləşən Dövlət Sərhəd Xidmətinin sər­həd döyüş mövqelərinə qarşı təxribatlar davam edib.

İyulun 28-də, saat 09:00-dan etibarən bir neçə istiqa­mət­dən döyüş mövqe­lərimiz və arxa istiqa­mətdə hərəkətdə olan hərbi nəq­liyyat vasitələrimiz düşmən snayperləri tərəfindən atə­şə tutul­ub.

Nəticədə Ermənistan-Azərbaycan sərhəddinin şimal-şərq istiqamətində təxribata cəhd edən 1995-ci il təvəllüdlü Arman Arayiki Bulğadaryan məhv edilib.

Axşam saat 22:00 radələrində döyüş mövqelərimiz və arxa istiqamətdə hərəkətdə olan hərbi nəqliyyat vasitələrimiz düşmən tərəfindən növbəti dəfə atəşə tutulub. Düşmən snayperləri tərəfindən açılmış güllələr üzərində “Hərbi tibbi yardım” sözləri yazılmış və qızıl aypara nişanının təsviri olan “UAZ” markalı avtomobilə dəyib.

Düşmənə adekvat cavablarını səngitməyən sərhədçilərimiz Ermənistan ordusunun təxribata cəhd edən daha bir müqaviləli hərbi qulluqçusunu zərərsizləşdirilib.

Məlumata görə, 33 yaşlı erməni hərbi qulluqçu Vladimir Osipyan sol qolundan güllə yarası ilə ilkin olaraq Noyamberyan tibb mərkəzinə, daha sonra isə İrəvan hərbi mərkəzi hospitalına köçürülüb.

Ümumən bütün ay ərzində Azərbaycan Silahlı Qüvvələrinin bütün istiqamətdə yerləşən bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində düşmən susdurulub.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT" BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT" BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Təxribat   Atəşkəs   İyul  


Bizi "telegram"da izləyin