İlk növbədə Mobil Hava Hərəkətini İdarəetmə Qülləsinin daxili alt bölmələri ilə tanış olaq.
MHHİQ-nin daxili alt bölmələri aşağıdakılardan ibarətdir:
- ASELSAN proqram təminatlı Sabit Mərkəz/Nəqliyyat rabitə vasitələri;
- 2 nəfərlik operator İdarəetmə bölməsi;
- 1 ədəd radio əlaqə sistemi;
- 1 ədəd səs yazma sistemi;
- 1 ədəd rütubət və külək ölçmə dəsti.
Mobil Qüllənin xarici avadanlıqlarına RLS, telefon və zolaq işıqlandırma sistemləri aid edilir. Türkiyə şirkətinin milli imkanları ilə hazırlanan və istehsal edilən Mobil Hava Hərəkətinə İdarəetmə Qülləsi, sabit idarəetmə məntəqələri olmayan əməliyyat rayonunda uçuşların idarəetməsini təmin etmək üçün istifadə edilir.

Sabit Qülləsindən uzaq məsafələrdə müvəqqəti əməliyyatların keçirilməsində, axtarış, xilasetmə və təcili yardım missiyalarında, təbii fəlakət əməliyyatlarında, o cümlədən Sabit Hava İdarəetmə Qülləsinin ehtiyat hissəsi kimi və taktiki hava əməliyyatlarında istifadə mümkündür.
Mülki sahədə isə Qüllə çalışmayan və ya təmir işləri aparılan qüllənin əvəzedilməsində, hava limanının modernləşdirilməsində və ya genişləndirilməsində, tədris mərkəzi kimi, idman tədbirlərində və ya aviaşoular zamanı böyük sıxlıqda müvəqqəti ATC kimi istifadə edilir.

Qüllə hərbi və mülki hava hərəkəti təhlükəsizliyi standartlarına uyğundur, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (International Civil Aviation Organization- ICAO) və ABŞ Federal Aviasiya Administrasiyasının (Federal Aviation Administration of the U.S.A.- FAA) tələblərinə də cavab verir.
Qüllə "hava-yer", yerüstü rabitə, o cümlədən yerüstü xətlər və avadanlıqları ilə hava hərəkətinin idarəedilməsi üçün bütün zəruri imkanlara sahibdir. Qüllənin tərkibinə daxil olan sistemlər sayəsində etibarlı və asan fəaliyyət göstərən Qüllə, hava nəqliyyatına idarəetmə funksiyalarını yerinə yetirmək üçün uyğundur.

İdarəetmə Qülləsi kabin şəklində hazırlanıb, şassisyə qoşulan 10 kVA dizel generatoru ilə qidalanma qəbul etməklə yanaşı, sənaye elektrik gərginliyi ilə də təmin edilə bilər. Bundan əlavə, kabinənin daxilindəki sistemin fasiləsiz çalışması üçün şassidə 6 kVA fasiləsiz enerji mənbəyi də mövcuddur. İnteqrasiya edilən bu generator ilə ətrafdakı enrji sistemlərinə qoşulmadan və ya digər alternativ qaynaqlardan əldə edilən elektrik enerjisindən də istifadə edilə bilər.
Mobil Hava Hərəkətini İdarəetmə Qülləsi 6x6 taktiki nəqliyyat vasitəsinə quraşdırıldığı üçün istənilən əraziyə qısa müddətdə nəql edilə bilər. İstifadəçinin tələbinə görə Hava Hərəkətinin İdarəetmə Qülləsinin modifikasiya edilərək 7 metr yüksəkliyə qalxmaq üçün "açılan qayçı" formalı hidravlik qaldırıcı üzərinə yerləşdirilməsi təmin edilə bilər.

Qüllə kabinin daxilindəki avadanlıqlarla birlikdə 4.5 ton kütləyə malikdir. Mobil Hava Hərəkətinə İdarəetmə Qülləsi tez bir zamanda quraşdırıla və yığıla bildiyi üçün istifadəçinin əməliyyat ehtiyaclarına cavab verir. İdarəetmə Qülləsinin ən yüksək nöqtəsində, teleskopik maçta vasitəsilə aktiv ildırım ötürən və təyyarələrə xəbərdarlıq üçün siqnal işığı yerləşdirilib. Bütün radio antenlər və ildırım ötürücüsü Qüllənin kabini üzərində yerləşir, asanlıqla çıxarılır və quraşdırılır.
Qüllədə paralel olaraq 2 operator birgə çalışaraq radiostansiyalar vasitəsilə idarəetməni həyata keçirilə bilər. 9661 V/UHF Sabit Mərkəz radiostansiyası daxili şifrələmə, tezlik sırayışına və açıq rabitə qabiliyyətinə, 9671 HF Sabit Mərkəz radiostansiyası isə açıq və şifrəli əlaqə yaratmaq qabiliyyətinə malikdir.

Qüllədəki radiostansiyalar ilə bərabər, əlavə olaraq 20 ədəd analoq abunəçi, 6 ədəd CO (ATS) və 1 ədəd 2 Mbit-lik PRI xəttindən istifadə edilə bilər. Hava Hərəkətini İdarəetmə Qülləsində naqilli və naqilsiz abonentlər arasında rabitə təmin edilə bilir.
İdarəetmə Qülləsinin əsas üstünlükləri:
- Çevik və avtonomdur;
- Sabit və ya mobil versiyada Qüllənin bütün rabitə, səsyazma və hava hərəkətinin idarəetmə funksiyalarını tam yerinə yetirə bilir;
- Hava, quru və dəmir yolu ilə daşınır;
- Fərqli RLS-lərlə inteqrasiya edə bilir;
- Müxtəlif nəqliyyat vasitələrinə quraşdırılır;
- Bir saat ərzində 2-4 nəfərlik heyət ilə istifadəyə hazır vəziyyətə gətirilir;
- Yerdəyişmə üçün tələb olunan bütün materiallar yalnız kabində və ya konteynerdə saxlanılır;
- ABS sistemi olan dayanıqlı qoşqu sisteminə malikdir;
- Bütün operator mövqelərindən 360 dərəcə müşahidə imkanı mövcuddur;
- Ballistik və güllə keçirməyən şüşədən istifadə etmək mümkündür.
MiQ-29-ların son uçuşlarında bu idarəetmə Qülləsinin istifadə edilməsi və onların bütün korrespondentlər arasındakı səsyazma funksiyalarına malik olması, qara qutunun tapılmadığı və ya itib-batdığı vəziyyətində belə, pilotumuzun uçuş rəhbərliyi ilə səs yazıları barədə aidiyyatı qurumların məlumat əldə etməsinə imkan verəcək.
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az