Bir atəş - iki güllə: XXI əsrin atıcı silahlarının inkişaf mərhələsi – HƏRBİ EKSPERT (I Yazı)

2018/12/solda-1545286763.jpg
Oxunub: 2438     10:09     20 Dekabr 2018    
Silah sistemləri ilə maraqlanan oxucular da təsdiq edə bilərlər ki, keçmişdə kiçik silahların inkişaf perspektivləri ilə əlaqədar proqnozların əksəriyyəti özünü doğrultmur. Əslində niyə belə olduğu maraqlıdır. Bunun isə yalnız bir səbəbi var: çox sayda dəyişən funksiyaların hamısının eyni zamanda nəzərə alınması qeyri-mümkündür. Lakin bu gün sivilizasiyanın inkişafı bizə unikal bir vəziyyət bəxş edir. İnkişafın sürətlənməsi tendensiyaların sayında azalmaya səbəb olur ki, bu da ilk növbədə ümumi, daha sonra isə fərdi proqnozların daha çox həyata keçirilməsinə imkan yaradır.


Penza Dövlət Universitetinin hərbi təlim mərkəzindən qadın gözəllikləri. Gələcəkdə onların (və ya onlara bənzər insanların) tüfənglə döyüşdə fəaliyyət göstərəcəkləri real deyil. Öz evində növbədə oturan xanımlar, ailəsi üçün borşunu bişirməyə ara vermədən, peyk və ya retranslyator vasitəsilə minlərlə kilometr uzaqda yerləşən birdəfəlik döyüş dronlarından istifadə edərək döyüşə müdaxilə edə biləcək.

Atıcı silahların inkişafına təsir göstərən qlobal proqnozlardan başlayaq. Bu gün sivilizasiyanın inkişafı üçün əsas təhlükə nəhəng bir meteoritin düşməsindən, super vulkanın partlayışından, "Ebola-2" pandemiyasından, hətta nüvə müharibəsindən də deyil, planetin nəzarətsiz əhali artımından ibarətdir. Özü də az mədəniyyətli hissəsinin sayı artmaqdadır, onun ən mədəni hissəsi isə daim azalır. Bunun nəticəsi olaraq "aclıq və cinayət əsri"nin başlanacağını proqnozlaşdırmaq olar. Hindistan və Çin nümunəsini götürün. Birinci əhali baxımından artıq qonşusuna çatır. Lakin əsas olan bu deyil. Çində yaş ortalaması 62 ildir, yəni əhali sürətlə yaşlanır, yeni nəsil isə bərpa edilmir. Hindistanda yaş ortalaması 26, qadın başına düşən uşaq sayı isə 1.46-dır. 26 ilə 62 arasında böyük fərq mövcuddur. İndi tutaq ki, hər bir hind ailəsi "Xruşşev" layihəli ev və avtomobil istəsə nə olacaq? Bir ton poladın əriməsi üçün dörd ton təmiz su tələb edir. Sonra isə bu sudan istifadə etmək olmaz! Siz hindlilərin yalnız bir "hər kəs kimi yaşamaq" istəyindən ortaya çıxacaq təbiət yükünü düşünün. Hələ Afrika və Cənubi Amerika hinduları da mövcuddur.

Bu müasir sivilizasiyanın meyllərindən birincisidir. İkincisi, kütləvi kompüterləşmə və həyatın bütün sahələrində müasir informasiya texnologiyalarının tətbiqidir. Üçüncü meyl isə ekologiya və səhiyyədir, çünki "yaxşı yaşayanlar" artıq daha çox yaşamaq istəyirlər. Paradoks ondadır ki, bu tendensiyalar insan həyatının xərclərini azaltmaq əvəzinə yalnız onun dəyərini artırır.

Bu gün küçədə olan insanların kiminlə və hara ilə danışdığı aydın olmasa da, heç kimi təəccübləndirmirlər. Görünür tezliklə evlərimiz, soyuducularımız və mağazalarımızla söhbət edəcəyik, çapar dronlar isə məhsulları bizə hava yolu ilə çatdıracaq.

Buna görə, "yoxsullar" əvvəllər olduğu kimi silahların köməyi ilə "zənginlərdən" bir şey qoparmağa çalışacaq, sonuncular isə onlardan həm texnoloji, həm də mənəvi üstünlüyə malik olmaq üçün özlərini müdafiə edəcəklər.

Sonuncunu təmin etmək üsulları, əsasən çox gizli olsa da, aşağıdakı yollarla təmin edilə bilər:

Birincisi, hər hansı bir silahlı üsyanı terrorizmin ideoloji mənbəyi, məqsədini isə sülh və sabitliyə təhdid kimi qələmə vermək;
İkincisi, istənilən silahlı çıxışları ekologiya və bütövlükdə insanlığa qarşı cinayət elan etmək;
Üçüncüsü, qeyri-qanuni terrorçu qruplara qarşı "insani" müharibə vasitələrindən istifadə etmək;
Dördüncüsü isə ən qabaqcıl döyüş texnologiyalarına malik inkişaf etmiş ölkələr tərəfindən istifadə olunur ki, burada vizual şəkildə, "sülh əsgərlərini" terrorçulardan ayırd etmək mümkündür.


Bu sahələrdə göstərilən bütün hədəflərə nail olmaq olduqca asandır. Bunun üçün iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin əsasən yeni silah növlərinə (və digər silahlara) keçməsi vacibdir. Bunlar birbaşa atəş əlaqəsi olmadan düşmənləri məhv edə biləcək pilotsuz və ya dron nümunələri ola bilər, atıcı silahlar isə birdəfəlik və ya 3D çap texnologiyasında plastikdən hazırlana bilər. Təbii ki, texnoloji inkişafda geridə qalan ölkələr bu cür silahlanmanı təkrarlaya bilməyəcək, buna görə də "ikinci növ" və ya "potensial terrorçular" arasında yer alacaqlar. Eyni zamanda onlar qaçılmaz olaraq metaldan hazırlanan qədim silah növlərindən istifadə etməli olacaqlar.


Yəni inkişaf etmiş dövlətlər öz rəqiblərini uzaq məsafədən məhv edəcəklər. Hətta korpusları metaldan deyil, karbon lifdən, kağızdan, məişət tullantılarından hazırlanan bomba və qanadlı raketlərdən istifadə ediləcək ki, partlayışdan sonra ətraf mühitə daha az ziyan dəysin! PUA-ların isə ön xətdən üç zonada fəaliyyət göstərməsi planlaşdırılır: 1-3 km, 3-5 km və 5-10 km, daha böyük dərinlikdə olan hədəflər üçün raket, artilleriya və təyyarələrdən istifadə olunacaq. Birinci zonada fəaliyyət göstərən atıcı, kürəyində atıcı qurğusu yerləşən sadə, qatlanan pərlərə malik kiçik helikopter tipli birdəfəlik dronlardan istifadə edəcək. Bu dronlar təpməsiz 5.45 mm və 9 mm-lik mərmilərlə atəş aça bilən silahlara malik olacaq. Dronlar birbaşa atıcının kürəyindən buraxılacaq, əsgər isə onun daşınan portativ monitordan uçuşuna və atəş açmasına nəzarət edəcək. Hədəfi taparaq, atıcı əvvəlcə hədəfə atəş açacaq, sonra isə dronu ehtiyac yarandıqda "kamikadze" kimi istifadə edərək (bunun üçün dron oraq formalı itilənən pərlərlə təchiz olunur), möhkəm dayanıqlı zirehli gödəkcələrdən və dəbilqələrdən istifadə edən düşmən əsgərlərinə hücum edəcək. Bu zaman dronların əsas hədəfi döyüşçülərin təmamilə qorunması mümkün olmayan qolları və ayaqları olacaq. Belə bir dronun hücumunun ölümcül yaralanmaya səbəb olacağı real deyil, lakin düşmən əsgərinin sıradan çıxması mümkündür. 6 ədəd belə drona sahib bir atıcı əsgər, 6 nəfər düşmən əsgərinə qarşı döyüşə bilər, 10 nəfəri isə artıq 60 nəfərə qarşı! Belə bir qısa məsafədə nanotexnologiya əsasında hazırlanan ən nazik tellərdən istifadə edərək dronla əlaqəni təmin etmək mümkündür, çünki onlar üçün PEM problemi mövcud deyil. Yeri gəlmişkən, zamanla dronların özünü zirehli tank şassisi üzərinə quraşdırılan xüsusi mobil zavodlarda yerində hazırlamaq da mümkün olacaq. Şəxsi heyətin döyüş sursatları ilə təminatı "sifarişli çağırış" əsasında, çox aşağı yüksəkliklərdə fəaliyyət göstərə bilən dron və ya PUA bazasındakı nəqliyyat vasitələrinin köməyi ilə həyata keçiriləcək.

3-5 km-lik zonada, dronun uçuş müddəti 40 dəqiqə - 1 saat olmalıdır. Onu da eyni atıcı qurğu ilə təchiz etmək olar, lakin o böyük bir yanacaq təchizatı ilə daha uzun müddət havada gözləmə rejimində qalaraq düşmənə ziyan vura bilər.

Beləliklə, sonrakı zonalarda dronlar eyni xarakterdə fəaliyyət göstərəcəklər, bu zaman onların hədəfləri sırasına ehtiyat bölmələrin və ya ikinci eşalonun əsgərləri, komandirlər, nəqliyyat vasitələrinin sürücüləri, həkimlər, tanklar üzərində istirahət edərək hərəkətə başlamaq üçün əmr gözləyən zirehli texnika ekipajları daxil ola bilər.

Müvafiq olaraq, bu dronların idarə edilməsi həm peykdən yüksək istiqamətli antenalar, həm də 10-20 km hündürlükdə yerləşən retranslyator (təkrarlayıcı) PUA vasitəsilə həyata keçirilə bilər.

Aviasiya, top və tanklar tərəfindən dəstəklənən düşmənə yaxınlaşmaq olduqca çətin olur, lakin bu baş versə belə 1.5-2 km məsafədə düşmənə 12.7 mm ağır silahlardan, tüfənglərdən, pulemyotlardan və qumbaraatanlardan atəş ilə paralel "birdəfəlik" dronların yerə yatan düşmənə qarşı istifadəsi effektiv olacaq. Bu fəaliyyət həm gündüz, həm də İR infraqırmızı görüntüyə malik kameralar hesabına gecə də həyata keçiriləcək.

Zamanla uzaqmənzilli silahlarla silahlanan bütün döyüşçülərin nə müasir tüfənglərə, nə də tapançaya ehtiyacı qalmayacaq. Özünü müdafiə etmək və özünə güvənmək üçün onlar artıq 3D texnologiyasında çap olunan birdəfəlik atıcı qurğulara ehtiyac duyurlar. Düşmən hansısa yolla bu dronları əldə etsə belə onlardan istifadə edə bilməyəcək, çünki dron yalnız birdəfəlik deyil, həm də onun aktivləşdirilməsi atıcının sağ və sol əlinin baş barmağına yerləşdirilən mikroçip vasitəsilə istifadəsi mümkündür.


Bu şərtlər altında, gələcəyin əsgərləri üçün ən uyğun silah artıq avtomatik bir tüfəng olmayacaq, onları kritik vəziyyətlərdə özünü müdafiə etmək üçün 50-100 metr atəş məsafəsinə malik tapança-pulemyotlar əvəz edə bilər. Lakin yeni silah nümunələrinin necə olacağı barədə biz bir az daha ətraflı düşünək.

Birincisi, özünümüdafiə məqsədli silahın əsas vəzifəsi nədən ibarətdir? Çox sadə bir səbəbi var: düşmənə mümkün qədər çox ölümcül metal güllə atmaq. Deməli, silahın atəş tezliyi nə qədər yüksək olsa, bir o qədər yaxşıdır. Lakin bütün müharibələrin təcrübəsi göstərir ki, dəqiqədə 1000 ədəd atəş tezliyinə malik silahların idarə olunması çətin, sursatın sərfiyyatı isə əsassız dərəcədə artıq olur.

Bir anda iki güllə ilə təchiz edilən kvadrat П şəkilli gilizə malik sursatlardan istifadə etmək mümkündürmü? Bir atəş - iki güllə! Dəqiqədə 500 mərmi atəş tezliyi bu metodla dəqiqədə 1000 atəş tezliyini əldə etməyə imkan verir. Bu isə mərmi yağışı deməkdir. Silah bir çaxmağa, lakin bir-birinə paralel iki lüləyə sahib olacaq. Ölçülər bir qədər artacaq, lakin silahların effektivliyi kəskin şəkildə yüksələcək.

Eyni zamanda, istehsal texnologiyası da sadələşir. Həm lülə, həm də güllənin kvadrat formaya ("Lankaster üsulu") malik olması, onların müasir avadanlıqda hazırlanmasını olduqca sadələşdirir.

Lülə boyunca "kvadrat" mərmi birbaşa düz keçmir, yivlərə uyğun olaraq müəyyən sayda dövr edir. Belə bir lülədə güllə atəşin dəqiqliyini əhəmiyyətli dərəcədə artıran fırlanma anı əldə edir, bu isə effektiv atəş məsafəsində tapança -pulemyotun çox dəqiq bir silah olacağı deməkdir. Doğrudur, bunu müasir texnologiya çərçivəsində təmamilə metaldan hazırlanan ənənəvi silah da hesab etmək olar. Lakin onun mərmilərini qurğuşundan fərqli olaraq dəmirdən, yəni təbiətdə gec-tez korroziyaya uğrayan metaldan da hazırlamaq olar.


Qiroskoplu mərmi

Yaxın gələcəkdə tapança-pulemyotun digər bir variantı, 4.5 və 30 mm iki kalibrli düzbucaqlı bir silah da ola bilər. Onun gülləsinin quruluşu fotoda göstərilib, o həm gilizli, həm də gilizsiz döyüş sursatı ola bilər. Keçmişdə belə sursatların barıt yükünü, qızmar mərmi kamerasına toxunmaması üçün güllənin daxilində yerləşdirməyə çalışırdılar, bu isə onun uzunluğunun artmasına və nəticədə uçuşun sabitliyinin zəifləməsinə gətirib çıxardı. Bu səbəbdən "Heckler end Koch" firması tüfəngindəki belə güllələrdən imtina etdi və barıt yükündə yerləşdirilən gülləni icad etdi. Lakin bu sursatların barıt yükü qızmar mərmi kamerasına toxunduğu üçün ideya tam uğurlu hesab edilmədi. Tüfəngin çaxmağı lülənin bağlanmasından əvvəl barıt yükü kamerada alovlanarsa nə olacaq?

Uçuşda güllənin sabitliyini artırmaq və eyni zamanda barıt yükünü onun daxilində yerləşdirilməsini necə təmin etmək olar? Fotoda hamar, paralelepipedə bənzər, iti və kəskin uc hissəyə malik güllə görürsünüz. Əslində isə önünüzdəki 50-100 metr məsafədə hər hansı bir "Kevlar" zirehli gödəkcəni dəlməyə qadir olan "xəncər"dir.

Güllənin özü isə poladdan hazırlanıb və yalnız üç hissədən ibarətdir: pərli dönən nizamçarx və iki ədəd bir-birinə qaynaq edilən üst və alt panellər. Daxildəki kanallar xüsusi formaya malikdir, barıt yükü və iki yanan kapsul da burdadır. Bu dizaynda çox vacib rol oynayan iki yan çuxura diqqət yetirin.


Atəşdən sonra güllə lülə kanalı boyunca hərəkət edir, qazlar isə mövcud kanallardan xaric edilmir. Güllə lüləni tərk edən kimi, kanallar açılır və yanan barıt qazları həm sola, həm də sağa doğru intensiv şəkildə çıxmağa başlayır. Bu kanallar simmetrik deyil. Buna görə də hər iki istiqamətdə qazların həcmi fərqli şəkildə hərəkət edir. Sağdan çıxan qazlar yalnız atmosferə atılır. Soldan çıxan qazlar isə dönən nizamçarxın pərlərini hərəkətə gətirir və bu səbəbdən, güllə lülənin ona veriyi istiqamətdə üfüqi vəziyyətini saxlayır.

Zəruri hallarda güllənin çıxarılması üçün korpus, arxasında perimetr üzrə yerləşən yuva ilə təmin edilir. 4.5 mm qalınlığa malik güllənin eni 20, 30 və hətta 40 mm-ə çata bilər. Divarların qalınlığı 1 mm-ə, qirpskop isə 2.2 mm qalınlığında ola bilər. Belə bir güllə metal örtüyə malik olduğu üçün davamlı atəş nəticəsində qızan kamerada alovlana bilməyəcək və almanların G11 tüfənginin gilizsiz döyüş sursatından fərqli olaraq mexaniki zərbələrə daha davamlı olacaq.

Eyni zamanda onun çapı 4.5 mm olduğu üçün xəzinəyə 30 əvəzinə 60 mərmi yerləşəcək. Əlavə olaraq kənarların olmaması xəzinənin doldurulmasını və mərmiləri lülə kanalına ötürərkən gecikmə ehtimalını aradan qaldırır. Silahların istehsal prosesi də asanlaşır, çünki iki hissədən ibarət düzbucaqlı lüləni hazırlamaq standart lülə hazırlamaqdan daha asan olur. Bəzi sadə kontaktorların köməyi ilə sıx bir şəkildə bağlanan iki hissədən ibarət olan lüləyə daha asanlıqla texniki xidmət göstərilir. Bu tip lülələr press üsulu ilə də istehsal edilə bilər. Bu güllələr hədəfə dəydiyində çox qanaxma yaradan geniş kəsik yaralarına səbəb olur.

Doğrudur, güllənin eni dəstəyin erqonomik quruluşu ilə məhdudlaşdığından, bu mərmilər üçün tapança yaratmaq əlverişli deyil, lakin bunun üçün uğurlu bir tapança-pulemyot yaradıla bilər.

Latun güllənin olmaması isə böyük bir iqtisadi əhəmiyyətə malikdir və üç hissədən ibarət, nisbətən mürəkkəb bir güllə yığılması çətinliyini artıqlaması ilə kompensasiya edir.

Lakin adi gilizli mərmi də istehsal etmək mümkündür. Burada əsas göstərici güllənin əlverişli xüsusiyyətləridir!

Konstruksiya olaraq, asanlıqla əldə tutula bilən və aralarında düz xəzinə yerləşən iki dəstəkli İtalyanın "Beretta M12" tapança-pulemyotunun modelindən də istifadə edilə bilər. İkinci dəstək mütləq tələb olunacaq, çünki sursatın ölçülərinə görə xəzinədən yapışaraq silahı tutmaq çox da rahat olmayacaq.

(Ardı var...)
Məlumat V.Şpakovskinin yazıları əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Atıcı-silahlar   Texnologiya  


Bizi "telegram"da izləyin