Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu hadisənin üzərindən 9 ay keçməsinə baxmayaraq İŞİD-in məğlubiyyətdən çox uzaq olduğu və terrorçuların öz fəaliyyətini bir çox bölgədə yenidən intensivləşdirdiyi aydın olur.
2014-cü ilin ortalarında İŞİD Suriya və İraqın şimalında çox böyük ərazini ələ keçirdi. Bundan sonra ABŞ prezidenti Barak Obama onun yayılmasının məhdudlaşdırılması və İraqa dəstək məqsədilə intensiv hava zərbələrinin endirilməsinə göstəriş verdi.
Artıq dörd ilə yaxındır ki, ABŞ, Fransa, Britaniya və bir sıra Avropa, Yaxın Şərq ölkələrinin birgə səyi ilə İŞİD-ə qarşı müharibə davam edir.
Bu müharibəni yaxından izləyən “Airwars” monitorinq qrupu hava zərbələrinin həyata keçirildiyi 1424 gündə İraq və Suriyada ABŞ-ın rəhbərlik etdiyi qüvvələr tərəfindən 29741 hədəfə qarşı 107814 bomba və raketin atıldığını bildirib. Pentaqonun mənbələrinə görə isə bu vaxta qədər azı 60 min İŞİD terrorçusu məhv edilib.
Bu rəqəmlərə Rusiyanın Suriyada həyata keçirdiyi hava əməliyyatları daxil deyil. Üstəlik İraq, ABŞ, Fransa və digər qüvvələrə İrana bağlı yarımhərbi qüvvələr də kömək göstərib. Bunun sayəsində İŞİD-in əlində olan ərazilərin böyük hissəsi azad edilsə də, son dövrlərdə baş verən proseslər onun hələ də müharibə aparma gücündə olduğunu üzə çıxarıb.
Ağalar Ağalarlı
Ordu.az