Almaniyanın yeni kamikadze tipli “Cascade” PUA-sı yerüstü və dəniz platformalarından buraxıla bilir

2026/06/Ekran-1781942420.jpg
Oxunub: 191     12:00     20 İyun 2026    
Almaniyanın “Stark” şirkəti yeni kamikadze tipli “Cascade” Pilotsuz Uçuş Aparatını (PUA) təqdim edib.

Ordu.az xəbər verir ki, sistem barədə məlumat Parisdə keçirilən “Eurosatory 2026” beynəlxalq sərgisi çərçivəsində açıqlanıb.

Şirkətin Ukrayna üzrə əməliyyat direktoru Maksim Çerkis “Cascade” sisteminin imkanları barədə danışaraq bildirib ki, aparat xüsusi boru tipli konteynerdən buraxılır.

Onun sözlərinə görə, buraxılış qurğusu həm tək borulu, həm də altı borudan ibarət modul variantlarda hazırlanıb.

Bu sistemlər yerüstü platformalara və ya insansız dəniz platformalarına inteqrasiya oluna bilir.

“PUA konteyner daxilində saxlanılır və bu, onu xarici təsirlərdən qoruyur. Kütləvi buraxılış lazım olduqda konteyner açılır və aparatların startı həyata keçirilir”, - deyə Çerkis bildirib.

Məlumata görə, sistemlər MINERVA idarəetmə kompleksi vasitəsilə idarə olunur və bir operator eyni vaxtda bütöv PUA qrupuna nəzarət edə bilir.

“Cascade” əsasən yerüstü hədəflərin məhv edilməsi üçün nəzərdə tutulsa da, kiçik qayıqlar kimi dəniz hədəflərinə qarşı da istifadə oluna bilir. Şirkət nümayəndəsinin sözlərinə görə, belə hədəflərə qarşı xüsusi döyüş başlığına ehtiyac yoxdur.

Bu məqsədlə qəlpəli-yandırıcı döyüş sursatları daha effektiv hesab olunur. Məlumata görə, buraxılış sistemi ilə birlikdə kompleksin ümumi çəkisi 20 kiloqramdan azdır.

“Cascade” PUA-sının maksimal uçuş məsafəsi 100 kilometr, kruiz sürəti saatda 100 kilometr, hücum zamanı sürəti isə saatda 220 kilometrə qədərdir.

Aparat havada 60 dəqiqəyədək qala bilir. PUA-nın maksimal faydalı yükü 4,5 kiloqram təşkil edir.

“Cascade” gündüz və gecə kameraları, rəqəmsal rabitə sistemi və süni zəka əsaslı hədəf tanıma sistemi ilə təchiz olunub. Hazırda süni zəka modulu müxtəlif hədəflərin tanınması və identifikasiyası üçün təlim mərhələsindədir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Cascade   PUA  


Bizi "telegram"da izləyin