İspaniya tenderində BMC sıradan çıxarıldı: Səhlənkarlıq, yoxsa çatışmazlıq?

2026/06/Ekran-1781950767.jpg
Oxunub: 263     14:18     20 İyun 2026    
Türkiyənin BMC şirkəti İspaniya ordusu üçün 2 200-dən çox hərbi yük avtomobilinin alınmasını nəzərdə tutan 1 milyard avrodan artıq dəyərə malik iri tenderin əsas mərhələsindən kənarda qalıb.

Ordu.az xəbər verir ki, İspaniyanın “Escribano Mechanical & Engineering” (EM&E) şirkəti ilə birlikdə BMC tender şərtlərinin bəzi vacib tələblərini yerinə yetirə bilmədiyi üçün müsabiqədən uzaqlaşdırılıb.

Beləliklə, tenderdə yalnız “Daimler”, “Iveco”, “Scania”, “Volvo” və “Indra”nın Alman tərəfdaşları ilə yaratdığı ortaq müəssisələr mübarizəni davam etdirəcəklər.

İspaniya Müdafiə Nazirliyi Quru Qoşunları üçün 2 201 ədəd 4x4 və 6x6 konfiqurasiyalı taktiki yük avtomobili, həmçinin 74 ədəd ağır dartıcı alınmasını nəzərdə tutan layihədə ilk böyük texniki seçmə mərhələsini həyata keçirib.

2026-cı il iyunun 8-də keçirilmiş Tender Komissiyasının iclas protokoluna əsasən, müsabiqədən kənarlaşdırılma qərarı birbaşa “Lot 2 - Yolsuzluq Yük Avtomobilləri” paketinə təsir edib. Bu paketin ümumi dəyərinin 1 milyard avroya yaxın olduğu bildirilir.

EM&E şirkətinin tenderdən kənarlaşdırılmasına səbəb tələb olunan nümunə avtomobili son tarixədək təqdim edə bilməməsi olub. Şirkət logistika və çatdırılma çətinliklərini əsas gətirərək əlavə vaxt istəsə də, Müdafiə Nazirliyi bu müraciəti qəbul etməyib.

BMC isə prototip avtomobilində aşkar edilmiş ciddi formal çatışmazlıqlara görə tenderdən uzaqlaşdırılıb. Hesabatda qeyd olunub ki, şirkət avtomobili hərbi hissəyə xüsusi daşıyıcı qoşqu ilə gətirsə də, lazımi hərəkət icazəsi sənədlərini təqdim etməyib.

Bu səbəbdən tender şərtlərində nəzərdə tutulan müvəqqəti qeydiyyat nömrəsinin verilməsi mümkün olmayıb və avtomobil sınaq mərhələsinə buraxılmayıb.

Mənbələrin məlumatına görə, BMC-nin tenderdən kənarda qalmasına səbəb əsasən sənəd çatışmazlığı olub. Tender sənədlərində nümunə vasitələrin və ya tələb olunan texniki sənədlərin natamam təqdim edilməsinin sınaq prosesinin dayandırılması üçün əsas olduğu açıq şəkildə göstərilib.

Məlumatlarda qeyd olunur ki, hesabatda yer alan “ciddi formal çatışmazlıqlar” ifadəsi daha çox avtomobilin özünə deyil, onunla bağlı sənədlərə aid edilib. Buna baxmayaraq, BMC tenderin digər hissəsində mübarizəni davam etdirir. Şirkət 36 milyon avro dəyərində olan “Lot 1” paketində iştirakını qoruyub saxlayıb.

Bu paket çərçivəsində Dəniz Piyadaları üçün hazırlıq tələb etmədən sudan keçə bilən 29 ədəd 8x8 konfiqurasiyalı ağır yük avtomobilinin alınması nəzərdə tutulur. BMC burada EM&E, “Daimler”, “Iveco”, “Scania” və “Indra”nın daxil olduğu konsorsiumlarla rəqabəti davam etdirəcək.

İspaniya Müdafiə Nazirliyi 2030-cu ilədək davam edəcək layihə vasitəsilə quru qoşunlarının logistika imkanlarını yeniləməyi və hərbi hissələri həm milli, həm də çoxtərəfli əməliyyatlar üçün müasir texnika ilə təchiz etməyi planlaşdırır. Tenderin ümumi həcmi təxminən 2 300 yük avtomobilinin alınmasını əhatə edir.

Birinci paketə 29 ədəd 15 ton daşıma qabiliyyətinə malik 8x8 ağır yük avtomobili daxildir. Hər bir avtomobilin qiyməti vergilər daxil olmaqla 605 min avro təşkil edir.

İkinci paketdə isə 1 051 ədəd orta sinfə məxsus 4x4 yük avtomobili, 797 ədəd ağır 6x6 yük avtomobili, 353 ədəd ağır 8x8 yük avtomobili, 74 ədəd 100 tonluq dartıcı və müxtəlif qoşqu sistemlərinin alınması nəzərdə tutulur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İspaniya   BMC   Türkiyə  


Bizi "telegram"da izləyin