Zelenskidən Lukaşenkoya Birhəftəlik Ultimatum: Belarus İkinci Cəbhə Ssenarisindən Geri Çəkiləcəkmi?

2026/06/1781941243.jpg
Oxunub: 262     11:39     20 İyun 2026    
Britaniyanın “The Economist” nəşri öz mənbələrinə istinadən yazıb ki, Ukrayna ABŞ ilə “cəbhə xəttinin mövcud vəziyyəti üzrə atəşin dayandırılması imkanını” müzakirə edir. Nəşrin məlumatına görə, ilkin mərhələdə “cəbhə xəttinin hər iki tərəfindən 50-70 kilometrlik zonada döyüş əməliyyatlarının məhdudlaşdırılması, daha sonra isə daha geniş razılaşmanın əldə olunması” nəzərdə tutulur.

Diqqətçəkən məqam ondan ibarətdir ki, iyunun 19-da yayılan bu məlumatı heç bir şərh vermədən, hətta “redaksiya müdaxiləsi” etmədən Rusiyanın rəsmi “RİA Novosti” agentliyi də yayıb. Bundan əlavə, Rusiya KİV-i əlavə edib ki, Qərb mənbələrinin məlumatına görə, Ukrayna “Rusiya ilə qeyri-rəsmi təmasları bərpa edib”.

Bu informasiya “sızması” “RİA Novosti”nin açıq şəkildə etiraz etmədiyi bir mərhələdə təşkil olunub. Həmin dövrdə “Böyük Yeddilik” sammitində Ukraynaya hərbi dəstəyin davam etdirilməsi və artırılması perspektivləri müzakirə olunurdu. Eyni zamanda Fransa Prezidenti Emmanuel Makron Ukrayna nizamlanması məsələsində ABŞ Prezidenti Donald Trampın mövqeyində dəyişiklik olduğunu qeyd edib və bildirib ki, Tramp Ukraynanın hərbi uğurlarını qəbul edib.

Görünür, “Böyük Yeddilik” formatında aparılan müzakirələr həqiqətən də Ukrayna Prezidenti Volodimir Zelenskiyə “müsbət siqnal” verib. İyunun 19-da o, Belarus Prezidenti Aleksandr Lukaşenkoya Ukrayna sərhədindən dinc əhaliyə qarşı artilleriya atəşini istiqamətləndirən vasitələri uzaqlaşdırmaq üçün “bir həftə vaxt verib”.

Zelenski diplomatik incəliklərə müraciət etmədən açıq şəkildə başa salıb ki, əks halda həmin vasitələr “qanuni hədəf” hesab olunacaq.

“Al Arabiya” televiziya kanalına müsahibəsində Lukaşenko etiraf edib ki, Belarus ərazisi Ukrayna üçün “ovuc içi kimi görünür”. Ukrayna teleqram kanalları isə daha əvvəl “Belarus ərazisindən Ukraynaya raket hücumlarının həyata keçirildiyini” ictimailəşdiriblər.

Bəzi hərbi ekspertlər hesab edirlər ki, Belarus Rusiya ordusunun “əsas yanacaq təchizatçısıdır”. Daha əvvəl yaxın vaxtlarda Belarusun “Ukraynanın hücumuna məruz qaldığını elan edəcəyi” və bununla da “ikinci cəbhənin açılacağı” barədə proqnoz vermişdik. Görünür, Zelenskinin “ultimatumu” məhz bu ssenarinin qarşısını almaq məqsədi daşıyır.

Moskvada ABŞ Prezidentinin xüsusi nümayəndələri Uitkof və Kuşneri gözləyirlər. Əgər “The Economist” mənbələrinin məlumatı ən azı ehtimal xarakteri daşıyırsa, deməli, onlar Rusiya Prezidentinə Ukrayna cəbhəsində təmas xətti boyunca atəşin dayandırılması təklifini təqdim edəcəklər.

Bununla belə, ekspertlərin əksəriyyəti hesab edir ki, Putin “atəşin dayandırılmasına gələn yaz razılıq verəcək. Çünki ağır qışdan sonra Zelenskinin danışıqlardakı mövqeləri zəifləyəcək”. “Böyük Yeddilik” isə Ukraynanın qış sınağından çıxması üçün əlindən gələn hər şeyi edəcəyinə təminat verib.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Lukaşenko  


Bizi "telegram"da izləyin