Tehranda güc mərkəzlərinin yerdyişməsi: Pezeşkian SEPAH-ın təsirini necə qırdı?

2026/06/1781897378.jpg
Oxunub: 216     23:33     19 İyun 2026    
Beynəlxalq media İran-ABŞ razılaşması ilə bağlı İslam İnqilabının lideri Müctəba Xameneyinin rəsmi müraciətini yayımlayıb. Həmin müraciətdə o, ABŞ və İran prezidentləri tərəfindən sənədin imzalandığını təsdiqləyib. Xameneyi vurğulayıb ki, İran nümayəndələri “razılaşma naminə əhəmiyyətli səylər göstəriblər”, Amerika tərəfi isə “siyasi acizlik səbəbindən sövdələşməyə getməyə məcbur olub”.

İran İslam Respublikasının lideri açıqlayıb ki, əvvəlcə bu məsələdə “başqa mövqe tutub” və sazişin imzalanmasına yalnız “ölkə prezidentinin şəxsi zəmanətlərini aldıqdan sonra” icazə verib. Xameneyinin sözlərinə görə, Prezident Məsud Pezeşkian “Ali Milli Təhlükəsizlik Şurasının sədri kimi tam məsuliyyəti öz üzərinə götürüb və İran xalqının Müqavimət Cəbhəsinin hüquqlarını qoruyacağına söz verib”.

Pezeşkian ali dini lideri həmçinin əmin edib ki, Vaşinqton “həddindən artıq tələblər irəli sürməyə cəhd edərsə”, qətiyyət nümayiş etdirəcək.

İranın ali dini liderinin müraciətindən aydın olur ki, dünyəvi hakimiyyət nümayəndələri ən azı taktiki uğur qazanmağa və İran İnqilabı Keşikçiləri Korpusunun komandanı Vahidinin Müctəba Xameneyi üzərindəki təsirini məhdudlaşdırmağa nail olublar. Bu reallığı ictimaiyyətə açıqlamaqla Xameneyi öz növbəsində mümkün fors-major vəziyyətlərə görə bütün məsuliyyəti Prezident Pezeşkianın üzərinə yönəldib.

Güman etmək olar ki, ABŞ ilə əldə olunmuş razılaşmaların icrasına görə məsuliyyəti öz üzərinə götürən Pezeşkian idarəetmədə yeni təsir rıçaqlarına sahib olmağa çalışacaq. Bu isə hakim elita daxilində yeni rəqabətə səbəb ola və icra hakimiyyəti ilə qanunverici orqan arasında ziddiyyətləri daha da kəskinləşdirə bilər. İranda hakimiyyət sistemi mürəkkəbdir, ABŞ ilə aparılacaq danışıqlar isə son dərəcə çətin olacaq.

Daha diqqətçəkən məqam isə Prezident Pezeşkianın ali dini liderə Müqavimət Cəbhəsinin maraqlarını da qoruyacağına dair vəd verməsidir. Söhbət Yaxın Şərqdə İraqı, Suriyanı və Livanı, eləcə də Yəməndəki üsyançı qüvvələri əhatə edən “şiə qövsü”ndən gedir. İran əleyhinə İsrail-ABŞ hücumu dövründə Livanın “Hizbullah” hərəkatı və Yəmən husiləri İran İslam Respublikasının “ehtiyat qüvvəsi” kimi çıxış ediblər.

Beləliklə, İran İslam İnqilabının liderinin müraciəti İran tarixində “yeni səhifə” açıb və ölkənin dünyəvi hakimiyyəti taleyüklü qərarlar qəbul etmək və onların məsuliyyətini daşımaq hüququ əldə edib. Güman etmək olar ki, Prezident Pezeşkianın səlahiyyətləri ümumilikdə İranın xarici siyasətinə də şamil olunur.

ABŞ ilə əldə edilmiş razılaşmanın icrası, xüsusilə də gələcək danışıqların effektivliyi əhəmiyyətli dərəcədə qonşu ölkələr və strateji müttəfiqlərlə aparılacaq çoxtərəfli müzakirələrdən asılı olacaq. Digər məsələ isə Pezeşkianın bu son dərəcə mürəkkəb sınağın öhdəsindən necə gələcəyidir.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ   Pezeşkian   SEPAH  


Bizi "telegram"da izləyin