Krımdakı yeganə qaz anbarı vurulub - VİDEO

2026/06/Ekran-1781940458.jpg
Oxunub: 308     11:27     20 İyun 2026    
Ukraynanın 413-cü Pilotsuz Sistemlər Alayının “Raid” bölməsi işğal altındakı Krımda yerləşən Hlibivske yeraltı qaz anbarına zərbə endirib.

Ordu.az xəbər verir ki, əməliyyat 2026-cı il iyunun 19-na keçən gecə Tarkankut yarımadasında yerləşən Dozorne kəndi yaxınlığındakı obyektə qarşı həyata keçirilib.

Zərbə ilə bağlı görüntülər 413-cü “Raid” alayının mətbuat xidməti tərəfindən yayımlanıb.

Videogörüntülərə əsasən, hücum zamanı Ukraynanın “Fire Point” şirkəti tərəfindən istehsal olunan FP-2 tipli orta mənzilli kamikadze tipli Pilotsuz Uçuş Aparatlarından (PUA) istifadə edilib.

Bölmənin məlumatına görə, qaz anbarının yerüstü infrastrukturu ciddi zədələnib. Obyektdə yanğın baş verib və bu fakt NASA-nın FIRMS peyk monitorinq sistemi tərəfindən də qeydə alınıb.

Məlumatda qeyd olunur ki, aşağı keyfiyyətli peyk görüntüləri də obyektə ciddi ziyan dəydiyini təsdiqləyir. Görüntülərdə qaz anbarının nasos stansiyasının böyük ehtimalla ciddi dağıntılara məruz qaldığı müşahidə olunur.

Hlibivske yeraltı qaz anbarı Krım yarımadasındakı yeganə qaz anbarıdır. Obyektin əsas vəzifəsi soyuq hava şəraitində və ya istehlakın pik həddə çatdığı dövrlərdə böyük həcmdə qazın sürətli şəkildə şəbəkəyə ötürülməsini təmin etməkdir.

Anbarın normal fəaliyyəti işğal altındakı Krımın enerji sistemi üçün xüsusi əhəmiyyət daşıyır. Belə ki, yarımadadakı əsas istilik və elektrik stansiyalarının hamısı əsas yanacaq kimi təbii qazdan istifadə edir.

Bununla yanaşı, Krımda yerləşən Rusiya hərbi obyektlərinin fəaliyyəti də həmin elektrik stansiyalarının fasiləsiz enerji təminatından asılıdır. Məlumata görə, hücum Rusiyanın cənub istiqamətindəki logistikasını pozmağa yönəlmiş daha geniş əməliyyatın tərkib hissəsi olub.

Qeyd edilir ki, iyunun 18-dən 19-na keçən gecə qaz anbarı ilə yanaşı Krımın Rozdolne və Vladislavivka rayonlarında yerləşən dəmir yolu körpülərinə də PUA zərbələri endirilib.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Krım   Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin