“Vpoanalytics”: Azərbaycan ciddi enerji resurslarına malikdir və süni zəka sahəsində regional mərkəzə çevrilməyə çalışır

2026/06/1781758430.jpg
Oxunub: 239     14:14     20 İyun 2026    
“Türkiyə və Qərb strukturlarında böyük təcrübəyə malik iki ekspert Ermənistan seçkilərindən sonra regionda sülh prosesinə yeni təkan verilməsi üçün çağırış edib. Onların fikrincə, Ankara yaxın aylarda mühüm diplomatik təşəbbüslərin mərkəzinə çevrilə bilər”.

Ordu.az xəbər verir ki, bu barədə “Vpoanalytics.com” saytında dərc olunan təhlildə bəhs edilir.

Məqalədə bildirilir ki, Türkiyənin Bakıdakı keçmiş səfiri və BMT-də sabiq nümayəndəsi İsmayıl Alper Coşkun, eləcə də Türkiyə Böyük Millət Məclisinin keçmiş deputatı Karo Paylan “Karnegi Beynəlxalq Sülh Fondu”nun saytında “Ermənistanda keçirilən seçkilərdən sonra sülhə doğru növbəti addımlar” sərlövhəli proqram xarakterli məqalə ilə çıxış ediblər.

Müəlliflər hesab edirlər ki, Nikol Paşinyan Cənubi Qafqazın gələcəyini müəyyən edə biləcək seçkilərdə qələbə qazanıb və bu nəticə Azərbaycanla sülhün əldə olunması, Türkiyə ilə münasibətlərin normallaşdırılması, həmçinin Ermənistanın daha geniş regional və Qərb iqtisadi şəbəkələrinə mərhələli inteqrasiyası perspektivlərini qoruyub saxlayır.

Bununla yanaşı, onların fikrincə, səsvermənin nəticələri “Vətəndaş Müqaviləsi” partiyasına Azərbaycanın tələb etdiyi konstitusiya dəyişikliklərini həyata keçirmək üçün kifayət qədər mandat verməyib. Müəlliflər qeyd edirlər ki, Bakı Vaşinqtonda 2025-ci il avqustun əvvəlində paraflanmış sülh sazişinin yekun imzalanmasından öncə bu dəyişikliklərin həyata keçirilməsini vacib şərt hesab edir.

Lakin İsmayıl Alper Coşkun və Karo Paylanın qənaətincə, bu vəziyyət tərəflərdən heç biri üçün prosesi uzatmaq üçün əsas olmamalıdır.

“Əksinə, daha məhdud mandat Azərbaycan, Türkiyə, ABŞ və Avropanın dəstəyi ilə sülhün görünən dividendlərinin yaradılmasını daha da vacib edir. Əgər sülh prosesi dayanarsa, onu pozmaqda maraqlı qüvvələr güclənəcək və Ermənistan cəmiyyətində nizamlanma daha çox birtərəfli güzəşt kimi qəbul ediləcək. Əgər sülh açıq sərhədlər, ticarət, investisiyalar, enerji əlaqələri və yeni iqtisadi imkanlar kimi konkret üstünlüklər gətirərsə, bu, uzunmüddətli nizamlanma üçün daxili dəstəyin formalaşmasına kömək edəcək”, - deyə müəlliflər vurğulayırlar.

Məqalədə qeyd olunur ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2026-cı il iyulun 5-7-də Ankarada keçiriləcək NATO sammitindən istifadə edərək ABŞ Prezidenti Donald Tramp, Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə dördtərəfli görüş təşkil edə bilər.

Müəlliflərin fikrincə, belə bir görüşün məqsədi sülh prosesində durğunluğun qarşısını almaq, eyni zamanda onun davam etdirilməsi üçün siyasi və iqtisadi baza yaradacaq birgə öhdəliklərin formalaşdırılması olmalıdır.

Bununla belə, təhlildə vurğulanır ki, indiyədək bu formatda görüş keçirilməyib və yaxın həftələr ərzində onun lazımi səviyyədə hazırlanacağı da hələ qəti deyil.

“Dinc və qarşılıqlı bağlı Cənubi Qafqaz Orta Dəhlizin möhkəmlənməsinə, Şərqlə Qərb arasında ticarətin dayanıqlığının artırılmasına, ticarət, enerji və rəqəmsal rabitə sahələrində yeni marşrutların yaradılmasına, həmçinin ABŞ və Avropa İttifaqı üçün Mərkəzi Asiyaya daha etibarlı çıxışın təmin edilməsinə xidmət edə bilər.

Azərbaycan üçün bu, hərbi qələbəni siyasi uğura çevirmək və İlham Əliyevin siyasi irsini möhkəmləndirmək imkanı yaradır”, - deyə məqalədə qeyd edilib.

Müəlliflər qeyd edirlər ki, Bakı ölkənin təhlükəsizliyi, suverenliyi və iqtisadi maraqlarının daimi qarşıdurma deyil, məhz sülh vasitəsilə gücləndiriləcəyi yeni regional düzənin formalaşdırılmasında iştirak edə bilər.

Məqalədə vurğulanır ki, Paşinyanın irəli sürdüyü “Dördüncü Respublika” konsepsiyasının reallaşdırılması üçün açıq sərhədlər, investisiyalar, ticarət, infrastrukturun inkişafı və əhalinin həyat səviyyəsinin yüksəldilməsi vacibdir.

“Ermənistanla münasibətlərin normallaşdırılması Türkiyənin də uzunmüddətli maraqlarına cavab verir. Onların fikrincə, bu proses Türkiyənin regional əlaqələndirici mərkəz rolunu gücləndirə, Mərkəzi Asiyaya uzanan Orta Dəhlizin inkişafına dəstək verə, Ankaranın Cənubi Qafqazdakı təsir imkanlarını genişləndirə və Vaşinqtonla Brüssel istiqamətində müsbət gündəmin formalaşmasına kömək edə bilər”, - deyə müəlliflər vurğulayıblar.

Müəlliflər “qarşılıqlı bağlılığın yalnız yollarla məhdudlaşmamalı olduğunu” bildirərək Cənubi Qafqazda Avropa Kömür və Polad Birliyinə bənzər modelin enerji və rəqəmsal iqtisadiyyat üzərində qurula biləcəyini irəli sürürlər.

Onların fikrincə, Azərbaycan ciddi enerji resurslarına malikdir və süni zəka, eləcə də rəqəmsal infrastruktur sahəsində regional mərkəzə çevrilməyə çalışır. Türkiyə isə güclü sənaye bazasına və Avropa bazarlarına çıxış imkanlarına sahibdir.

Məqalədə qeyd olunur ki, bu üstünlüklər gələcəkdə məlumat emalı mərkəzləri, Xəzər dənizi üzərindən rəqəmsal dəhlizlər, enerji və logistika şəbəkələri, həmçinin Mərkəzi Asiya ilə Avropanı daha sabit Cənubi Qafqaz vasitəsilə birləşdirən istehsal zəncirləri kimi yeni nəsil regional layihələrin həyata keçirilməsinə imkan yarada bilər.

Müəlliflər Ermənistanda süni zəka və məlumat emalı mərkəzləri sahəsində son dövrlərdə həyata keçirilən investisiya proqramlarını, o cümlədən NVIDIA şirkətinin iştirakı ilə irəli sürülən təşəbbüsləri region ölkələrinin dünyanın aparıcı texnologiya şirkətlərini cəlb etmək qabiliyyətinin göstəricisi kimi qiymətləndirirlər.

“Sülh yalnız siyasətçilərin və diplomatların deyil, sahibkarların, investorların, işçilərin, yerli icmaların və açıq sərhədlərin qorunmasında maraqlı olan adi vətəndaşların dəstəyi ilə həqiqətən davamlı xarakter ala bilər. Cənubi Qafqaz böyük güclərin rəqabət meydanına çevrilməməli, əksinə, ticarətə, qarşılıqlı bağlılığa və inkişafa əsaslanan açıq və inklüziv əməkdaşlıq sisteminə ehtiyac duymalıdır.

Ermənilər, azərbaycanlılar və türklər münaqişələrdən, qarşılıqlı düşmənçilikdən və daimi rəqabətdən uzaq gələcəyə layiqdirlər. Mürəkkəb tarixi irsə baxmayaraq, Qafqaz dövlətləri birgəyaşayışa, mübadiləyə, ticarətə və dinc əməkdaşlığa əsaslanan yeni münasibətlər modelinə keçə bilərlər”, - deyə məqalədə bildirilib.

Məqalənin müəllifi İsmayıl Alper Coşkun və Karo Paylanın irəli sürdüyü ideyaların emosional məzmununun anlaşılan olduğunu, lakin təkliflərin nə dərəcədə real olduğunun açıq sual olaraq qaldığını vurğulayır.

Təhlildə qeyd olunur ki, hətta dörd ölkənin liderləri Ankarada bir araya gəlsələr belə, görüşün praktiki nəticələr verəcəyi qəti deyil. Müəllif bu baxımdan Donald Trampın adı ilə əlaqələndirilən və zamanla böyük ölçüdə unudulan “Sülh Şurası” təşəbbüsünü xatırladır.

“Karnegi Beynəlxalq Sülh Fondu”nun ekspertlərinin fikrincə, ABŞ, Avropa İttifaqı, Türkiyə, Ermənistan, Azərbaycan və maraqlı beynəlxalq maliyyə institutlarının iştirakı ilə daimi koordinasiya mexanizmi yaradılması tərəqqinin izlənilməsinə, problemlərin müəyyən edilməsinə, investisiyaların cəlb olunmasına və sülh gündəliyindən yayınmaların qarşısının alınmasına kömək edə bilər.

Onların fikrincə, belə bir mexanizm gömrük xidmətinin modernləşdirilməsi, sərhəd infrastrukturunun inkişafı, nəqliyyat əlaqələri, enerji əməkdaşlığı, rəqəmsal investisiyalar və yeni ticarət marşrutlarından faydalana biləcək kiçik və orta biznesə dəstək kimi konkret layihələrin həyata keçirilməsinə yönəlməlidir.

Məqalədə qeyd olunur ki, bu yanaşma Rusiyanın irəli sürdüyü “3+3” regional əməkdaşlıq formatı ilə tam uzlaşmır və faktiki olaraq Rusiya ilə İranı bəzi regional əməkdaşlıq mexanizmlərindən kənarda qoyur.

“Coşkun və Paylanın təsvir etdiyi geosiyasi modeldə Ermənistanın mövqeyi kifayət qədər məhdud görünür.

2026-cı il iyunun 14-də Dilicanda Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Bakı ilə İrəvan arasında sülh gündəliyinə dair məsələləri müzakirə ediblər. Tərəflər regionda sabit sülhün və təhlükəsizliyin təşviqi baxımından ikitərəfli dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Həmsöhbətlər işgüzar təmasların saxlanılması niyyətini təsdiqləyib və növbəti görüşün Azərbaycanda keçirilməsi barədə razılığa gəliblər”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Türkiyə   Ermənistan  


Bizi "telegram"da izləyin