ABŞ-nin keçmiş energetika naziri: “İranla saziş ölkə iqtisadiyyatını yenidən canlandıra bilər”

2026/06/1781946256.jpg
Oxunub: 223     13:00     20 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp administrasiyası dövründə energetika naziri olmuş Den Bruyet hesab edir ki, Vaşinqton və Tehran arasında əldə olunan diplomatik razılaşma İran iqtisadiyyatı üçün dönüş nöqtəsinə çevrilə bilər.

Ordu.az xəbər verir ki, Den Bruyet bu barədə CNN telekanalına müsahibəsində danışıb.

Onun sözlərinə görə, Donald Trampın imzaladığı 14 maddədən ibarət çərçivə sazişi İrana faktiki olaraq dərhal iqtisadi nəfəs almaq imkanı yaradır. Bu imkanlara neft və yanacaq ixracının yenidən başlanması da daxildir.

“Bu, onlar üçün son dərəcə faydalıdır”, - deyə Bruyet bildirib. O əlavə edib ki, ABŞ-nin sanksiya təzyiqi əvvəllər çox effektiv olub və Tehranın yenidən danışıqlar masasına qayıtmasına ciddi təsir göstərib.

Keçmiş nazir qeyd edib ki, İran iqtisadiyyatı ağır vəziyyətdədir. İnflyasiya 50 faizi keçib, işsizlik yüksək olaraq qalır və ilkin tələbat mallarının çatışmazlığı müşahidə olunur. Onun fikrincə, belə şəraitdə iqtisadi infrastrukturun bərpası ölkənin sabitləşməsinin əsas açarlarından biri ola bilər.

“İran xalqı gələcəyə dair perspektiv görməlidir. Bu perspektivin bir hissəsi də infrastrukturun bərpasıdır. Bu addımlar ölkənin iqtisadi dayaq qazanması üçün atılır”, - deyə Bruyet vurğulayıb.

Bununla yanaşı, o və digər amerikalı siyasətçilər sazişin Tehran üçün həddindən artıq sərfəli ola biləcəyindən narahat olduqlarını bildiriblər.

ABŞ-nin keçmiş vitse-prezidenti Mayk Pens sazişi “güzəşt siyasəti”, senator Bill Kessidi isə “son onilliklərin xarici siyasətdə ən böyük səhvlərindən biri” adlandırıb.

Bruyet özü də vaxtından əvvəl güzəştlərə ehtiyatla yanaşdığını bildirib. O, xüsusilə neft satışına dərhal icazə verilməsinin İrana hər il 60 milyard dollara qədər gəlir qazandıra biləcəyini qeyd edib.

Keçmiş nazir əlavə edib ki, İran keçmişdə maliyyə resurslarından regiondakı proksi qruplaşmaların dəstəklənməsi üçün istifadə edib və yeni gəlirlərin necə xərclənəcəyinə nəzarətin vacibliyini vurğulayıb.

“Əgər onlar bütün dünyada proksi şəbəkələrin maliyyələşdirilməsinə qayıtsalar, hər şey dəyişəcək”, - deyə o xəbərdarlıq edib.

ABŞ administrasiyası isə bəyan edib ki, saziş şərti xarakter daşıyır və iqtisadi yumşalmaların genişləndirilməsi və ya ləğvi İranın davranışından asılı olacaq.

ABŞ-nin vitse-prezidenti Cey Di Vens bildirib: “İranın davranışı yaxşılaşdıqca iqtisadi yumşalmaları genişləndirə bilərik, pisləşmə olarsa, onları dayandıra bilərik”.

Bruyet həmçinin qeyd edib ki, şəxsi mövqeyinə görə, öhdəliklərin yerinə yetirilməsi ilə bağlı əlavə şərtlər olmadan vəsaitlərin dərhal sərbəst buraxılmasını məqsədəuyğun hesab etmir.

O, ABŞ-nin neft ehtiyatlarının azalması riskinə də diqqət çəkib. Bildirib ki, əsas anbarlarda, o cümlədən Oklahoma ştatının Kuşinq bölgəsində ehtiyatların azalması kritik həddə yaxınlaşır və bu da sazişin imzalanmasını sürətləndirən amillərdən biri ola bilər.

CNN-in materialında qeyd olunur ki, ABŞ kəşfiyyatının qiymətləndirməsinə əsasən, müəyyən şəraitdə İran Hörmüz boğazından keçən gəmiçiliyi ciddi şəkildə məhdudlaşdırmaq imkanına malikdir. Bu isə qlobal neft bazarı üçün mühüm risk faktoru olaraq qalır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin