Polşa Zelenskidən ən yüksək dövlət mükafatını geri alıb

2026/06/1781930866.jpg
Oxunub: 180     08:44     20 İyun 2026    
Polşa Ukrayna Prezidenti Volodimir Zelenskidən ölkənin ən yüksək dövlət mükafatı olan “Ağ Qartal” ordenini geri alıb.

Ordu.az xəbər verir ki, bu barədə “BBC News” məlumat yayıb.

Buna səbəb Kiyevin hərbi hissələrdən birinə Ukrayna Üsyançı Ordusunun (UÜO) şərəfinə fəxri ad verməsi olub. Həmin təşkilatın fəaliyyəti iki ölkə arasında hələ də ciddi tarixi mübahisə mövzusu olaraq qalır.

Polşa Prezidenti Karol Navrotski Ukrayna hakimiyyətinin bu addımını “qəzəbləndirici”, “anlaşılmaz” və “dərin məyusedici” adlandırıb.

Onun sözlərinə görə, polyakların böyük əksəriyyəti üçün UÜO ilk növbədə İkinci Dünya müharibəsi illərində Volında polyak əhalisinin kütləvi qətli ilə assosiasiya olunur.

“Polşa cəmiyyətinin böyük əksəriyyəti üçün UÜO İkinci Dünya müharibəsi dövründə Polşa vətəndaşlarına qarşı törədilmiş ağır cinayətlərə görə məsuliyyət daşıyan qurum olaraq qalır. Məhz buna görə də Ukrayna hakimiyyətinin UÜO-nu qəhrəmanlaşdırmaq qərarı təkcə qəzəbləndirici deyil, həm də anlaşılmaz və dərin məyusedicidir”, - deyə Polşa lideri bildirib.

Navrotski vurğulayıb ki, Kiyevin bu addımı iki ölkə arasında illər ərzində formalaşmış etimada zərbə vurur. O xatırladıb ki, 2022-ci ildə Rusiyanın genişmiqyaslı hücumundan sonra Polşa milyonlarla ukraynalı qaçqını qəbul edib.

Bununla yanaşı, Polşa Prezidenti qeyd edib ki, diplomatik qarşıdurma Ukraynaya Rusiyaya qarşı mübarizədə göstərilən dəstəyə təsir etməyəcək. Lakin o xəbərdarlıq edib ki, Avropa İttifaqına üzvlük yolunda irəliləmək üçün Kiyev öz tarixinin mürəkkəb səhifələrinə dürüst yanaşmalıdır.

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Varşavanın qərarını kəskin tənqid edərək bunu “strateji səhv” və hörmətsizlik nümunəsi adlandırıb. Onun sözlərinə görə, bu mübahisənin dərinləşməsindən yalnız Moskva faydalanır.

“Heç bir başqa ölkənin prezidenti bizə öz tariximizi diktə edə bilməz”, - deyə Ukrayna xarici siyasət idarəsinin rəhbəri bildirib.

Sibiqa etiraz əlaməti olaraq 2022-ci ildə aldığı Polşa mükafatını geri qaytarmaq niyyətində olduğunu da açıqlayıb.

“Ağ Qartal” ordeni Zelenskiyə 2023-cü ildə Polşanın o zamankı Prezidenti Anjey Duda tərəfindən Varşava ilə Kiyev arasında xüsusi münasibətlərin rəmzi kimi təqdim olunmuşdu.

Polşa ilə Ukrayna arasındakı əsas fikir ayrılığı 1943-1945-ci illərdə baş vermiş Volın qətliamı ilə bağlıdır. Həmin dövrdə UÜO bölmələri Volın və Şərqi Qalisiyada polyak mülki əhalisinə qarşı kütləvi qətllər törədib. Nəticədə on minlərlə dinc sakin, o cümlədən qadınlar, uşaqlar və yaşlılar həlak olub.

Polşa bu hadisələri polyak xalqına qarşı soyqırımı kimi qiymətləndirir. 2016-cı ildə ölkə parlamenti Volın qətliamını rəsmi olaraq soyqırımı kimi tanıyıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   Ukrayna  


Bizi "telegram"da izləyin