Niderland Ukrayna üçün “Ruta” raketlərinin istehsalını maliyyələşdirəcək

2026/06/Ekran-1781942187.jpg
Oxunub: 181     11:55     20 İyun 2026    
Niderland Ukrayna üçün yeni “Ruta” qanadlı raketlərinin istehsalını maliyyələşdirəcək.

Ordu.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Mixail Fyodorov məlumat verib.

Nazirin sözlərinə görə, yeni yardım paketi ümumilikdə təxminən 700 raketi əhatə edir.

Mixail Fyodorov səfər çərçivəsində Niderlandda fəaliyyət göstərən və Ukrayna üçün “Ruta” raket-pilotsuz uçuş aparatlarını istehsal edən “Destinus” şirkətinin müəssisəsində də olub.

O bildirib ki, bu texnologiya Ukraynanın orta mənzilli zərbə strategiyasının gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. “Bu sistemlər Rusiya ordusunun təchizat xətlərinə qarşı istifadə olunur və yeni nəsil müdafiə texnologiyalarının praktik tətbiqini nümayiş etdirir”, - deyə nazir vurğulayıb.

Məlumata görə, “Ruta” raketi üç fərqli versiyada hazırlanır. Hazırda təqdim olunan “Ruta Block 1” variantının uçuş məsafəsi 300 kilometrədəkdir.

Raket 150 kiloqrama qədər döyüş yükü daşıya bilir.

“Ruta Block 1” bütün RUTA qanadlı raket ailəsinin əsas platforması hesab olunur.

İstehsalçıların məlumatına görə, sistem yüksək dəyərə malik stasionar hərbi hədəflərə qarşı yüksək dəqiqlikli zərbələr endirmək üçün hazırlanıb.

Raket aşağı hündürlükdə relyefi izləyərək uçuş həyata keçirir, peyk naviqasiyası siqnallarının itirilməsi şəraitində fəaliyyət göstərə bilir və əvvəlcədən proqramlaşdırılmış son mərhələ tuşlama sistemindən istifadə edir.

“Ruta” raketi yeni T150 turbojet mühərriki ilə təchiz olunub. İstehsalçılar bildirirlər ki, T150 mühərriki mühəndislik sadəliyi prinsipi əsasında hazırlanıb və 57 800 dövr/dəqiqə sürətlə işləyərək 150 kqf itələmə qüvvəsi yaradır.

Yanacaq sərfiyyatının aşağı olması sayəsində mühərrik öz sinfində ən səmərəli həllərdən biri hesab olunur. Mühərrik əlavə generatorlara ehtiyac olmadan bort sistemlərini enerji ilə təmin etmək üçün 1,5 kilovat elektrik enerjisi də istehsal edir.

Məlumata görə, raketin yüksək dəqiqlikli tuşlama sistemi İspaniya texnologiyaları əsasında hazırlanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Niderland   Ukrayna   Ruta  


Bizi "telegram"da izləyin