Ordu.az xəbər verir ki, bu barədə “Axios” nəşrinə açıqlama verən ABŞ rəsmisi məlumat verib.
Mənbənin sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın nümayəndəsi Cared Kuşner artıq İsveçrədədir.
Danışıqların cümə günü başlaması nəzərdə tutulsa da, İsrail və Livanda fəaliyyət göstərən “Hizbullah” hərəkatı arasında döyüş əməliyyatları səbəbindən təxirə salınıb. Hələlik danışıqlar üçün yeni tarix müəyyən olunmayıb.
Məlumatlı mənbənin sözlərinə görə, İranın xarici işlər naziri Abbas Əraqçi şənbə günü İsveçrəyə getməyi planlaşdırır.
Mənbə qeyd edib ki, vəziyyət hələ də dəyişə bilər.
Vasitəçi ölkələrdən birinin nümayəndəsinin sözlərinə görə, Abbas Əraqçi cümə günü bir neçə tərəfdaşı ilə söhbətində Livanda atəşkəsin İran üçün son dərəcə vacib məsələ olduğunu bildirib. O qeyd edib ki, bu məsələ ABŞ ilə İran arasında danışıqların taleyini həll edə biləcək amildir.
Digər vasitəçi mənbə isə iranlı rəsmilərin İsveçrəyə yollanmadan əvvəl atəşkəsə nail olmaq istədiklərini vurğuladıqlarını bildirib.
ABŞ ilə İran arasında əsas vasitəçilərdən biri hesab olunan Qətərin Baş naziri Məhəmməd bin Əbdülrəhman Al Tani cümə günü daha əvvəl İsveçrəyə gəlib.
ABŞ nümayəndə heyətinə vitse-prezident Cey Di Vensin rəhbərlik edəcəyi gözlənilsə də, o, cümə axşamı axşamı son anda səfərini təxirə salıb. Hələlik onun bu həftəsonu İsveçrəyə gedib-getməyəcəyi məlum deyil.
Sevinc Əliyeva
Ordu.az