Avropa bazarı üçün strateji tərəfdaşlıq: “Chunmoo” raketləri “X-Fire” sisteminə inteqrasiya edilir

2026/06/1781932866.jpg
Oxunub: 219     09:17     20 İyun 2026    
Cənubi Koreyanın “Hanwha Aerospace” şirkəti ilə Fransanın “Thales” müdafiə nəhəngi uzaqmənzilli quru əsaslı dəqiq zərbə imkanlarının inkişaf etdirilməsi məqsədilə əməkdaşlıq sazişi imzalayıb.

Ordu.az xəbər verir ki, tərəflər arasında əldə olunan razılaşma “Eurosatory 2026” sərgisi çərçivəsində Parisdə rəsmiləşdirilib.

Memorandum “Hanwha Aerospace” şirkətinin Avropa üzrə Biznesin İnkişafı Direktoru Kyonq-hun Kanq və “Thales” şirkətinin Nəqliyyat Vasitələri və Taktiki Sistemlər üzrə vitse-prezidenti Jülyen Assunun iştirakı ilə imzalanıb.

Razılaşmaya əsasən, “Hanwha Aerospace” tərəfindən hazırlanmış “Chunmoo” raket ailəsinin “Thales” şirkətinin istehsalı olan “X-Fire” buraxılış qurğuları ilə inteqrasiyası həyata keçiriləcək.

Əməkdaşlıq çərçivəsində CGR-080 idarəolunan raketi, CTM-MR orta mənzilli raketi və CTM-290 taktiki ballistik raketinin “X-Fire” sistemləri ilə uyğunlaşdırılması üçün birgə fəaliyyət göstəriləcək.

İnteqrasiya prosesi başa çatdıqdan sonra “X-Fire” platformaları qısa, orta və uzun məsafələrdə dəqiq zərbə endirmək qabiliyyəti əldə edəcək.

239 mm çaplı CGR-080 idarəolunan raketinin təxminən 80 kilometr mənzilə malik olduğu bildirilir. CTM-MR raketi isə təxminən 160 kilometr məsafədəki hədəfləri vurmaq imkanına sahibdir. Ailənin ən uzaqmənzilli üzvü olan CTM-290 isə 290 kilometrədək məsafədəki hədəfləri məhv edə bilən taktiki ballistik raket kimi diqqət çəkir.

“Hanwha Aerospace” şirkəti bu əməkdaşlığın Fransa müdafiə sənayesi ilə əlaqələri daha da gücləndirəcəyini və şirkətin Avropa bazarındakı mövqeyinin genişləndirilməsi strategiyasına mühüm töhfə verəcəyini açıqlayıb.

Şirkət həmçinin Fransa başda olmaqla Avropada yeni layihələrin həyata keçirilməsi və yerli sənaye müəssisələri ilə uzunmüddətli əməkdaşlıqların qurulmasını hədəflədiyini bildirib.

“Thales” şirkətinin Nəqliyyat Vasitələri və Taktiki Sistemlər üzrə vitse-prezidenti Jülyen Assun bildirib ki, bu razılaşma beynəlxalq bazarda iki şirkət arasındakı əməkdaşlığı daha da möhkəmləndirəcək.

“Bu memorandum uzaqmənzilli dəqiq zərbə imkanlarının inkişaf etdirilməsi hesabına beynəlxalq bazardakı əməkdaşlığımızı gücləndirir. Birlikdə müasir dövrün dərin zərbə tələblərinə cavab verən çevik və qarşılıqlı uyğun həllər təqdim edəcəyik”, - deyə o qeyd edib.

“Hanwha Aerospace” şirkətinin Avropa üzrə Biznesin İnkişafı Direktoru Kyonq-hun Kanq isə vurğulayıb ki, memorandum şirkətin idarəolunan raket ailəsinin “Thales” sistemlərinə inteqrasiyası istiqamətində atılan ilk addımdır.

O qeyd edib ki, Fransa və digər Avropa müdafiə şirkətləri ilə əməkdaşlığın genişləndirilməsi və yerli sənaye ilə uzunmüddətli əlaqələrin qurulması istiqamətində fəaliyyət davam etdiriləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa   Chunmoo   X-Fire  


Bizi "telegram"da izləyin