Tramp Rusiyanın Kiyevi necə sürətlə ələ keçirə biləcəyi ilə bağlı versiyasını açıqlayıb

2026/06/1781943610.jpg
Oxunub: 208     12:17     20 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp Ukrayna müharibəsi ilə bağlı fikirlərini bölüşərək Rusiyanın müharibənin ilk günlərində Kiyevi ələ keçirmək imkanına malik olduğunu iddia edib.

Ordu.az xəbər verir ki, Donald Tramp bu barədə “Axios” nəşrinə müsahibəsində danışıb.

Jurnalist Stiv Kaputonun Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında hansına daha çox hörmət etdiyinə dair sualını cavablandırmaqdan yayınan Tramp diqqəti müharibənin ilk mərhələsinə yönəldib.

Onun sözlərinə görə, 2022-ci ilin fevralında Rusiya qüvvələrinin Kiyevə doğru irəliləməsi zamanı verilən bir qərar müharibənin gedişatını dəyişib.

“Hadisələr başlayanda Putinin sərəncamında yüzlərlə tank var idi. Onlar beton örtüklü, çox möhkəm magistral yolla birbaşa Kiyevə doğru hərəkət edirdilər. Yolun təxminən yarısına çatdıqdan sonra onlar cəmi üç saata Kiyevdə ola bilərdilər. Tanklar saatda təxminən 51 mil sürətlə hərəkət edirdi ki, bu da onlar üçün demək olar maksimum sürətdir.

Yəqin ki, həmin uzun tank karvanını xatırlayırsınız. Bir general var idi, yəqin ki, artıq həyatda deyil. O, birbaşa Kiyevə gedərək müharibəni ilk gündə bitirmək əvəzinə, qüvvələri əkin sahələrinə və palçığa yönəltdi. Bundan bir qədər əvvəl güclü yağış yağmışdı və tanklar palçıqda ilişib qaldı.

Mən Ukraynaya bundan əvvəl “Javelin” sistemləri vermişdim. Onlar həmin tankları məhv etdilər. Hamı baş verənlərə təəccüblənirdi. Çünki peyklər vasitəsilə görürdülər ki, karvan günlərlə yerindən tərpənmir. Daha sonra həmin qüvvələr havadan və peyk məlumatlarının köməyi ilə vuruldu. Onlar faktiki olaraq tələyə düşmüşdülər.

Əgər general beton magistralla irəliləməyə davam etsəydi, dörd saat ərzində Kiyevdə olardılar və Ukraynanın buna qarşı qoyacaq heç nəyi olmazdı. Müharibə bir günə başa çatardı. Bu, böyük səhv idi. Müharibənin niyə riskli olduğunu da məhz bu göstərir. Çünki bir generalın qərarı hər şeyi dəyişə bilər”, - deyə Tramp bildirib.

ABŞ Prezidenti əlavə edib ki, o, Rusiya və Çinə qarşı kifayət qədər sərt siyasət yürüdüb və Moskva ilə bağlı yumşaq mövqe sərgilədiyinə dair ittihamları qəbul etmir.

Tramp vurğulayıb ki, onun dövründə Ukraynaya verilən “Javelin” tank əleyhinə raket kompleksləri ilk hücumların qarşısının alınmasında mühüm rol oynayıb.

Putin və Zelenski arasında seçim etməsi ilə bağlı suala isə Tramp yenə də birbaşa cavab verməyib və diqqəti müharibənin başlanğıc mərhələsindəki hərbi-strateji məsələlərə yönəldib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Rusiya   Kiyev  


Bizi "telegram"da izləyin