Ordu.az xəbər verir ki, razılaşma “Hanwha Aerospace” tərəfindən istehsal olunan “Chunmoo” idarəolunan raket ailəsinin “Thales” şirkətinin “X-Fire” buraxılış qurğusu platformasına inteqrasiyasını nəzərdə tutur.
Bu əməkdaşlıq nəticəsində 80 kilometrdən 290 kilometrədək məsafədə yüksək dəqiqliklə hədəfləri məhv edə bilən vahid sistem yaradılacaq.
Mütəxəssislərin fikrincə, bu mənzillər müasir əməliyyat məkanının dərinliyini əhatə etməklə yanaşı, Avropa ordularının əksəriyyətinin mövcud quru bazalı atəş dəstəyi sistemlərinin imkanlarını da üstələyir.
“Chunmoo” Cənubi Koreyada hazırlanmış çoxlüləli raket sistemi kimi ABŞ istehsalı olan M270 MLRS və M142 HIMARS sistemlərinin birbaşa rəqibi hesab edilir.
Şirkət son illərdə Polşa, Rumıniya və digər NATO ölkələri ilə müqavilələr bağlayaraq Avropa bazarında mövqeyini gücləndirib.
“Chunmoo”nun üstünlüklərindən biri yalnız geniş sursat çeşidinə malik olması deyil, həm də Cənubi Koreyanın ixrac icazələri və sənaye əməkdaşlığı məsələlərində ABŞ ilə müqayisədə daha çevik davranmasıdır.
Razılaşmaya əsasən, “X-Fire” platformasına üç fərqli raket inteqrasiya ediləcək.
Bunlardan biri 80 kilometr mənzilə malik 239 mm çaplı CGR-080 idarəolunan raketidir. Bu sursat funksional baxımdan HIMARS və M270 sistemlərində istifadə edilən GMLRS sursatlarına bənzəyir.
CTM-MR raketi təxminən 160 kilometrlik mənzilə malikdir və orta mənzilli kateqoriyaya aiddir.
Ən diqqətçəkən sursat isə 290 kilometr mənzilli CTM-290 taktiki ballistik raketidir. Bu raket əvvəllər yalnız hava zərbələri və ya qanadlı raketlərlə vurula bilən hədəflərin məhv edilməsinə imkan verir.
“Thales” tərəfindən hazırlanmış “X-Fire” sistemi yüksək mobilliyə malik təkərli buraxılış qurğusu platformasıdır. Sistem atəş açdıqdan sonra qısa müddətdə mövqeyini dəyişə bilir ki, bu da düşmənin əks-batareya fəaliyyətini çətinləşdirir.
“Thales” şirkətinin nəqliyyat vasitələri və taktiki sistemlər üzrə vitse-prezidenti Jülyen Assun bildirib ki, əməkdaşlıq beynəlxalq bazarda tərəfdaşlığı daha da gücləndirəcək.
“Bu memorandum tərəfdaşlığımızı möhkəmləndirir və uzaqmənzilli dəqiq zərbə imkanlarını inkişaf etdirməklə beynəlxalq bazardakı əməkdaşlığımızı daha da gücləndirir. Birlikdə dərin zərbə əməliyyatları sahəsində mövcud tələblərə cavab verən çevik və uyğun həllər təqdim edəcəyik”, - deyə Assun bildirib.
Hərbi terminologiyada “dərin zərbə” anlayışı düşmənin komanda məntəqələrinin, logistika bazalarının və kritik infrastrukturunun cəbhə xəttinin arxasında məhv edilməsini nəzərdə tutur.
NATO Avropanın hərbi imkanlarında uzaqmənzilli dəqiq atəş dəstəyi sahəsini əsas çatışmazlıqlardan biri hesab edir. Ukraynadakı müharibə isə bu ehtiyacın nə qədər vacib olduğunu bir daha nümayiş etdirib.
“Hanwha Aerospace” şirkətinin Avropa üzrə biznesin inkişafı qrupunun rəhbəri Kan Kyon Hun bildirib ki, memorandum şirkətin Avropa müdafiə sənayesi ekosisteminə inteqrasiya strategiyasının ilk mərhələsidir.
Onun sözlərinə görə, şirkət Fransa və digər Avropa ölkələrinin müdafiə sənayesi müəssisələri ilə əməkdaşlığı genişləndirməyə və uzunmüddətli tərəfdaşlıqlar qurmağa çalışır.
Hazırda imzalanmış memorandum hüquqi baxımdan məcburi istehsal müqaviləsi hesab olunmur. Tərəflər istehsal həcmi və maliyyə detalları barədə məlumat verməyiblər.
Bununla belə, Avropa ölkələrinin müdafiə büdcələrini sürətlə artırdığı və uzaqmənzilli atəş dəstəyi sistemlərinə böyük sərmayələr yatırdığı bir dövrdə bu əməkdaşlığın gələcəkdə mühüm nəticələr verə biləcəyi qeyd olunur.
Sevinc Əliyeva
Ordu.az