Ordu.az xəbər verir ki, yeni təyyarə əvvəllər Qətərə məxsus olmuş sərnişin təyyarəsinin yenidən qurulması əsasında hazırlanıb.
Təqdimat Merilend ştatındakı “Endryus” Hərbi Hava Qüvvələri bazasında baş tutub.
Yeni təyyarə əvvəlki prezident təyyarələrindən fərqli dizayna malikdir. Prezident Con Kennedi dövründən istifadə olunan açıq mavi rəng əvəzinə təyyarənin aşağı hissəsi tünd mavi rəngə boyanıb və qırmızı zolaqla tamamlanıb. Quyruq hissəsində isə ABŞ bayrağı yerləşdirilib. Həmçinin gövdədə prezident möhürü də əks olunub.
Donald Tramp təqdimat zamanı bildirib ki, yeni təyyarə indiyədək görülməmiş komfort səviyyəsinə malikdir.
“Bu təyyarə heç kimin indiyədək görmədiyi səviyyədə dəbdəbəyə malik uçan Ağ Evə çevrilib”, - deyə Tramp vurğulayıb.
ABŞ Prezidenti qeyd edib ki, gələn ay Ankarada keçiriləcək NATO sammitinə məhz bu təyyarə ilə səfər edəcək.
Onun sözlərinə görə, payızda keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq sammitində iştirak etmək üçün Çinə səfər etməyi də planlaşdırır.
“Londonda, Almaniyada və digər ölkələrdə hava limanlarına enəndə heç bir təyyarə bunu geridə qoya bilməyəcək. Ölkəmiz də məhz belə görünməlidir”, - deyə Tramp bildirib.
Yeni təyyarənin “Boeing” şirkəti tərəfindən hazırlanmaqda olan yeni nəsil prezident təyyarələri 2028-ci ildə təhvil verilənədək müvəqqəti “Air Force One” kimi istifadə ediləcəyi açıqlanıb.
Tramp həmçinin bildirib ki, yeni təyyarə ABŞ-nin Müstəqillik Günü münasibətilə 2026-cı il iyulun 4-də keçiriləcək tədbirlər zamanı nümayiş uçuşu da həyata keçirəcək.
Sevinc Əliyeva
Ordu.az