Azərbaycan Ordusunda Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər keçirilib - VİDEOLAR+FOTOLAR
Oxunub: 253
20:51
15 İyun 2026
Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq, Azərbaycan Ordusunda 15 İyun - Milli Qurtuluş Günü münasibəti ilə silsilə tədbirlər keçirilib.
Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirlər çərçivəsində hərbi qulluqçular ölkə ərazisindəki Heydər Əliyev mərkəzlərini, muzeyləri və abidələri ziyarət edib, xalqımızın Ümummilli Liderinin şərəfli həyat yolu və fəaliyyətindən bəhs edən filmləri izləyiblər. Həmçinin onlarla tariximizə qızıl hərflərlə yazılmış 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş maarifləndirici söhbətlər aparılıb, şəxsi heyət üçün müxtəlif mədəni-kütləvi tədbirlər təşkil olunub.
Çıxışlarda bildirilib ki, Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanın inkişafında yeni mərhələnin başlanğıcı olub. Qeyd edilib ki, Ulu Öndərin dövlətçilik ideyaları və ölkəmizin tərəqqisinə yönəlmiş siyasi kursu hazırda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirlər zamanı Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində əldə olunan tarixi Qələbənin, eləcə də Qarabağ iqtisadi rayonunda həyata keçirilmiş antiterror əməliyyatından sonra ölkəmizin ərazi bütövlüyünün tam bərpa edilməsinin tarixi əhəmiyyətindən danışılıb.
Sonra xidmətdə fərqlənən hərbi qulluqçular fəxri fərmanlarla təltif ediliblər.
Tədbirlərin bədii hissəsində şəxsi heyətə Milli Qurtuluş gününü və vətənpərvərliyi tərənnüm edən rəngarəng konsert proqramları təqdim olunub.