Döyüş Meydanında Zamanla Yarış: EREN Yüksək Sürəti İlə Klassik “Gəzən Sursat” Konsepsiyasını Necə Dəyişir? (FOTOLAR)

2026/06/1781947463.jpg
Oxunub: 345     13:24     20 İyun 2026    
“Gəzən sursat” sistemləri Pilotsuz Uçuş Aparatları (PUA) ilə idarəolunan sursat texnologiyalarının birləşməsi kimi müasir döyüş mühitində mühüm yer tutmağa başlayıb. Bu sistemlər hədəf bölgəsi üzərində müəyyən müddət ərzində dövrə vurmaq və uyğun hədəf aşkar edildikdə yüksək dəqiqliklə zərbə endirmək qabiliyyətləri ilə seçilir.

Türkiyə müdafiə sənayesi tərəfindən hazırlanan EREN Yüksək Sürətli Çoxməqsədli “Gəzən Sursat” bu kateqoriyaya aid olan və xüsusilə yüksək sürət, çevik tapşırıq profili və müxtəlif hədəf növlərinə qarşı effektivlik məqsədilə layihələndirilmiş sistemdir. EREN ilk növbədə aşağı sürətli hava təhdidlərinə (məsələn, kamikadze tipli PUA-lara) qarşı hazırlanıb, alternativ tapşırıq profilləri çərçivəsində isə quru və dəniz hədəflərinə qarşı da istifadə oluna bilir.


Hazırlanma Prosesi və Operativ İstifadə

ROKETSAN tərəfindən hazırlanan EREN 2025-ci il etibarilə prototip mərhələsindədir və ilk dəfə IDEF 2025 sərgisində nümayiş etdirilib. Sistem ilk növbədə “Shahed-136” və HARPY kimi aşağı sürətli kamikadze tipli PUA təhdidlərinə qarşı layihələndirilib və 2026-cı ildə seriya istehsalına başlanması planlaşdırılır.

EREN AKINCI, TB2, ANKA və AKSUNGUR kimi zərbə tipli PUA-lardan, helikopterlərdən, quru nəqliyyat vasitələrindən, yerüstü sistemlərdən və dəniz platformalarından buraxıla biləcək şəkildə layihələndirilib. Əsas istifadə sahəsi hava hədəfləri (sabit qanadlı və fırlanan qanadlı PUA-lar, eləcə də helikopterlər) olsa da, yüngül zirehli quru vasitələri, açıq mövqedə olan canlı qüvvə, quru platformaları və dəniz vasitələrinə qarşı da istifadə edilə bilir.

Yüksək sürəti sayəsində zaman baxımından həssas təhdidlərə qarşı sürətli reaksiya verir. Sistem hədəf bölgəsi üzərində dövrə vurmaq, hücum dalışını ləğv etmək və lazım gəldikdə özünü məhv etmək kimi qabaqcıl əməliyyat imkanlarına malikdir. Bundan əlavə, mülki yük konteynerinə bənzər şəkildə maskalanmış və 12 buraxılış qurğusu ehtiva edən konteynerləşdirilmiş buraxılış sistemi paylanmış döyüş mühitlərində strateji üstünlük təmin edir.


Döyüş Başlığı və Təsir Mexanizmi

EREN-də standart olaraq qəlpə təsirli məhvetmə tipli döyüş başlığından istifadə olunur. Tapşırıq profilindən asılı olaraq sistem zirehdələn və ya hava hədəfləri üçün xüsusi döyüş başlığı variantları ilə təchiz oluna bilər. Yaxınlaşma sensoru vasitəsilə işə düşən döyüş başlığı canlı qüvvəyə və texnikaya qarşı təsir göstərə bilir.

Ümumi Xüsusiyyətlər

EREN “gəzən sursatı” taktiki səviyyədə sürətli reaksiya tələb edən tapşırıqlar üçün optimallaşdırılıb. Sistemin seçilən ümumi xüsusiyyətləri aşağıdakılardır:

- İnsansız və birdəfəlik istifadə olunan “gəzən sursat” konsepsiyası,
- Yüksək sürətli hədəflərə nişanalma qabiliyyəti,
- Hərəkətli və sabit hədəflərə qarşı çoxməqsədli istifadə,
- Qısa müddətdə istifadəyə hazır vəziyyətə gətirilə bilən daşına bilən konstruksiya,
- Avtonom və/və ya operator nəzarətində tapşırıq icrası,
- Taktiki bölmələrin qəfil təhdidlərə qarşı müdaxilə imkanlarının artırılması,
- Öz sinfinə məxsus sistemlərlə müqayisədə yüksək kruiz və terminal mərhələ sürəti,
- Taktiki tapşırıqlar üçün optimallaşdırılmış qısa və orta mənzil.



Döyüş Başlığı

- Çoxməqsədli döyüş başlığı,
- Canlı qüvvəyə, yüngül zirehli və konstruktiv hədəflərə qarşı effektivlik.


İdarəetmə və Nəzarət

- Elektro-optik və infraqırmızı sensorlar vasitəsilə hədəfin aşkarlanması,
- Yüksək dəqiqlikli zərbə endirmə qabiliyyəti.


Buraxılış Forması

- Daşına bilən və ya platformadan asılı olmayan buraxılış variantları.

Tapşırıq Müddəti

- Hədəf bölgəsi üzərində məhdud müddət ərzində dövrə vurma qabiliyyəti.

Əməliyyat Çevikliyi

- Sürətli yerləşdirilmə,
- Müxtəlif coğrafi və ətraf mühit şəraitlərində fəaliyyət göstərə bilmə.



Texniki Xüsusiyyətlər

Fiziki Ölçülər: Təxminən 35 kq çəkiyə, 2 metr uzunluğa və 160 mm çapa malikdir. Kompakt konstruksiya çoxsaylı platformalara inteqrasiyanı asanlaşdırır.

Mənzil və Uçuş Müddəti: 100 km-dən artıq mənzilə və 15 dəqiqədən artıq havada qalma müddətinə malikdir. Turboreaktiv mühərriki sayəsində yüksək sürət təmin edilir.

İtələmə Sistemi: Turboreaktiv mühərriki. Prototipdə xarici mənşəli aşağı xərcli mühərrikdən istifadə olunub, seriya istehsalında isə TEI TJ90U (400 N itələmə gücü, FADEC idarəetməli) mühərrikinin tətbiqi nəzərdən keçirilir.

Naviqasiya və Tuşlama: GPS dəstəkli Ətalətli Naviqasiya Sistemi (INS) və infraqırmızı təsvirləmə (IIR) axtarış başlığı ilə təchiz olunub. Süni zəka dəstəkli elektro-optik axtarış başlığı inkişaf etmiş hədəf tanınması və izlənməsi imkanları təqdim edir.

Rabitə və İdarəetmə: İkitərəfli, şifrələnmiş RF məlumat bağlantısı vasitəsilə görmə xətti daxilində (LoS) rabitə təmin edilir. “Man-in-the-loop” qabiliyyəti sayəsində operator uçuş zamanı hədəfi yeniləyə və real vaxt rejimində izləmə apara bilir.

Qabaqcıl Xüsusiyyətlər: Özünü məhvetmə mexanizmi, hücum dalışını ləğv etmə qabiliyyəti, buraxılışdan sonra mühərrikin boş rejimdə işləməsi və məlumat bağlantısı podu ilə inteqrasiya.


EREN Yüksək Sürətli Çoxməqsədli “Gəzən Sursat”, xüsusilə zaman baxımından həssas hədəflərə qarşı hazırlanması ilə klassik “gəzən sursat” sistemlərindən fərqlənir. Yüksək sürət xüsusiyyəti hədəfin aşkarlanmasından məhv edilməsinə qədər keçən vaxtı əhəmiyyətli dərəcədə azaldır, çoxməqsədli döyüş başlığı isə sistemin tapşırıq müxtəlifliyini artırır. Bu xüsusiyyətləri ilə EREN Türkiyənin “gəzən sursat” sahəsindəki texnoloji imkanlarını əks etdirən, müasir döyüş meydanında artan asimmetrik təhdidlərə qarşı çevik və çəkindirici həll kimi ön plana çıxır.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: EREN   Gəzən-Sursat   PUA  


Bizi "telegram"da izləyin