“Leonardo”dan Böyük Britaniyanın hərbi aviasiya parkına 93 milyon dollarlıq logistika dəstəyi

2026/06/1781950610.jpg
Oxunub: 217     14:15     20 İyun 2026    
Böyük Britaniya Müdafiə Nazirliyinin Milli Silahlanma Direktorluğu hərbi hava platformalarının döyüş hazırlığını qorumaq məqsədilə “Leonardo UK” şirkəti ilə dəyəri 93 milyon dollara çata biləcək yeni logistika dəstəyi müqaviləsi imzalayıb.

Ordu.az xəbər verir ki, müqavilənin ilkin mərhələsi 27 milyon funt-sterlinq dəyərindədir və əlavə seçimlərdən istifadə olunacağı təqdirdə ümumi məbləğ 70 milyon funt-sterlinqə, yəni təxminən 93 milyon dollara qədər yüksələ bilər.

Yeddi ilə qədər davam edə biləcək müqavilə çərçivəsində təxminən 11 min adda müxtəlif ehtiyat hissəsi və sərf materialı tədarük olunacaq.

Müqavilə Eurofighter “Typhoon” qırıcılarını, AH-64E “Apache” hücum helikopterlərini, CH-47 “Chinook” ağır yük helikopterlərini, A400M “Atlas” nəqliyyat təyyarələrini və C-17 “Globemaster III” strateji nəqliyyat təyyarələrini əhatə edir.

Tədarük ediləcək məhsullar arasında pərçimlər, yastıqcıqlar, kabel bərkidiciləri, qoruyucu vasitələr və texniki xidmət zamanı istifadə edilən digər sərf materialları yer alır. Bu hissələr hava platformalarının fasiləsiz texniki xidməti və təmiri baxımından mühüm əhəmiyyət daşıyır.

Yeni müqaviləyə əsasən, “Leonardo” tədarük zəncirinin idarə olunması, ehtiyatların planlaşdırılması, tələbatın proqnozlaşdırılması və istismar müddəti başa çatmış hissələrin idarə edilməsinə cavabdeh olacaq.

Yeni model çərçivəsində materiallar birbaşa hərbi hissələrə deyil, mərkəzləşdirilmiş logistika anbarlarına göndəriləcək. Bu yanaşma ehtiyac duyulan hissələrin müxtəlif bazalar arasında daha sürətli bölüşdürülməsinə və tədarük proseslərinin sadələşdirilməsinə imkan verəcək.

Böyük Britaniyanın müdafiə hazırlığı və müdafiə sənayesi naziri Luk Pollard bildirib ki, müqavilə ölkənin hava qüvvələrinin davamlı fəaliyyət qabiliyyəti üçün mühüm əhəmiyyət daşıyır.

“Bu sərmayə NATO hava məkanının qorunmasından Yaxın Şərqdəki əməliyyatlara qədər müxtəlif missiyalarda iştirak edən hava platformalarımızın hazırlıq səviyyəsinin saxlanmasına töhfə verəcək”, - deyə Pollard qeyd edib.

“Leonardo UK” şirkətinin Dəstək və Xidmət Həlləri üzrə vitse-prezidenti Devid Arrousmit isə bildirib ki, şirkət tədarük zəncirini tam şəkildə idarə etməklə Müdafiə Nazirliyinin tələb etdiyi sürət və səmərəliliyi təmin edəcək.

Məlumata görə, müqavilə “Edinburq”, “Bristol” və RAF “Koninqsbi” bazalarında həyata keçirilən fəaliyyətlər çərçivəsində təxminən 75 nəfərin məşğulluğunu dəstəkləyəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Leonardo   Britaniya  


Bizi "telegram"da izləyin