İsrail G3 kəşfiyyat tipli PUA sifariş edib

2026/06/1781950575.jpg
Oxunub: 207     14:13     20 İyun 2026    
İsrailin insansız sistemlər istehsalçısı olan “Aero Sentinel” şirkəti İsrail Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən qurumlardan birindən G3 kəşfiyyat tipli Pilotsuz Uçuş Aparatı (PUA) sistemi üçün yeni sifariş aldığını açıqlayıb.

Ordu.az xəbər verir ki, təxminən 1,3 milyon şekel (439 min dollar) dəyərində olan müqaviləyə PUA sistemləri, elektro-optik faydalı yüklər, təlim və texniki xidmət paketləri daxildir.

Şirkətin yaydığı məlumata görə, sifariş çətin əməliyyat ssenariləri çərçivəsində keçirilən genişmiqyaslı nümayişlər və qabiliyyət qiymətləndirmələrindən sonra verilib. Təhlükəsizlik səbəbindən son istifadəçi qurumun adı açıqlanmayıb.

“Aero Sentinel”in G3 platforması kəşfiyyat, müşahidə və nəzarət tapşırıqları üçün hazırlanmış taktiki sinfinə məxsus insansız uçuş aparatı kimi təqdim olunur.

Şirkət bildirir ki, sistem aşağı akustik izə malikdir və bu xüsusiyyət uçuş zamanı minimum səs yaratmaqla aşkarlanma riskini azaldır. G3 müxtəlif relyef və əməliyyat şəraitlərində fəaliyyət göstərə biləcək şəkildə hazırlanıb.

Məlumata görə, müqavilə İsrail Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən geniş əməliyyat sınaqlarından sonra imzalanıb. İsrail müdafiə qurumları insansız sistemlərin alınması zamanı real döyüş şəraitinə yaxın ssenarilər əsasında ciddi qiymətləndirmələr aparırlar. Bu səbəbdən belə sınaqlardan uğurla keçən sistemlər beynəlxalq bazarda da mühüm üstünlük əldə edirlər.

İsrail həm insansız sistemlərdən geniş istifadə edən, həm də dünyanın aparıcı PUA ixracatçılarından biri hesab olunur. “Elbit Systems”, “Rafael” və IAI kimi şirkətlər uzun illərdir müxtəlif ölkələrə insansız sistemlər tədarük edirlər.

“Aero Sentinel” kimi daha kiçik istehsalçılar üçün İsrail Müdafiə Nazirliyindən alınan sifarişlər yalnız maliyyə gəliri deyil, həm də məhsulların əməliyyat baxımından təsdiqləndiyini göstərən mühüm göstərici sayılır.

Müqavilə çərçivəsində G3 sistemləri ilə yanaşı operator hazırlığı, texniki xidmət və dəstək avadanlıqları da təhvil veriləcək. Bu yanaşma sistemlərin qısa müddətdə döyüş hazırlığı vəziyyətinə gətirilməsinə hesablanıb.

Şirkət hesab edir ki, yeni sifariş İsrail təhlükəsizlik qurumlarının taktiki kəşfiyyat və müşahidə imkanlarını gücləndirəcək, eyni zamanda “Aero Sentinel”in yerli müdafiə bazarındakı mövqeyini daha da möhkəmləndirəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   G3   PUA  


Bizi "telegram"da izləyin