Rusiya “Molniya” PUA-sının yeni versiyasını hazırlayıb

2026/06/Ekran-1781942133.jpg
Oxunub: 188     11:52     20 İyun 2026    
Rusiya Dövlət Korporasiyası ROSTEX Belarusda keçirilən “Milli Təhlükəsizlik Belarus-2026” sərgisində kamikadze tipli “Molniya” Pilotsuz Uçuş Aparatının (PUA) yeni versiyası olan “Lightning 13” modelini nümayiş etdirib.

Ordu.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Məlumata görə, Rusiya tərəfi Ukraynada istifadə etdiyi “Molniya” PUA-sını ixrac bazarlarında “Lightning” adı altında tanıdır.

Yeni “Lightning 13” təyyarə tipli PUA yenilənmiş aerodinamik konstruksiyaya malikdir və dörd elektrik mühərriki ilə təchiz olunub.

Bildirilir ki, aparat saatda 120 kilometr sürət yığa bilir və 50 kilometrədək uçuş məsafəsinə malikdir. Bu xüsusiyyətlər ona 13 kiloqrama qədər faydalı yük daşımağa imkan verir.

ROSTEX-in açıqlamasında qeyd olunur ki, “Lightning 13”, “Lightning 2” və “Lightning P” sistemləri kəşfiyyat, monitorinq, fövqəladə hallarda operativ vəziyyət qiymətləndirilməsi və axtarış-xilasetmə əməliyyatlarında istifadə oluna bilər.

Bununla belə, mütəxəssislər həmin platformaların əsas təyinatının hərbi məqsədlər olduğunu vurğulayırlar.

PUA-nın istehsalçısı olan “Atlant Aero” şirkətinin məlumatına görə, sistem əsasən köpük materialları, faner, plastik və yüngül kompozitlərdən hazırlanır ki, bu da onun istehsal xərcini minimum səviyyədə saxlayır.

Aparat katapult vasitəsilə və ya yüksəklikdən buraxılır. İdarəetmə prinsipi FPV sistemlərinə bənzəyir. Operator xüsusi eynəklər vasitəsilə ön hissədə yerləşən kameradan görüntünü izləyərək PUA-nı hədəfə yönəldir.

Sonrakı versiyalarda maşın görməsi texnologiyası, termal kameralar və kəşfiyyat variantları üçün peyk rabitə terminalları da inteqrasiya edilib. Məlumata görə, “Molniya-2” modelinin bir vahidinin dəyəri 1600 ABŞ dollarınadək qiymətləndirilir.

Bu PUA ailəsi barədə ilk məlumatlar 2024-cü ilin yazında ortaya çıxsa da, ilk döyüş tətbiqi 2024-cü il noyabrın 12-də Xarkovda qeydə alınıb. Həmin vaxt aparat yaşayış binasına zərbə endirib.

Növbəti gün “Molniya-1” PUA-sı Saltiv rayonuna hücum edib, nəticədə ondan çox avtomobil zədələnib və dörd mülki şəxs yaralanıb. 2025-ci ildə bu sistemlərin tətbiqi Sumı, Zaporojye, Xerson və Donetsk istiqamətlərinə qədər genişlənib.

Qeyd olunur ki, 2026-cı ilin əvvəlinə qədər bu tip hücumların sayı kəskin artıb və bəzi cəbhə sahələrində aylıq istifadə minlərlə vahidlə ölçülüb.

Mütəxəssislərin fikrincə, “Molniya” ailəsinin geniş yayılması 2025-2026-cı illərdə hərbi texnologiyaların əsas tendensiyasını nümayiş etdirir. Bu tendensiya bahalı və mürəkkəb sistemlərdən daha ucuz, kütləvi istehsal olunan və sürətlə modernləşdirilə bilən platformalara keçidi əks etdirir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Molniya   PUA  


Bizi "telegram"da izləyin