Erməni professor: “Bu gün ABŞ-nin diqqət mərkəzində Ermənistanın kritik minerallarıdırsa, sabah şist ehtiyatları yenidən gündəmə qayıda bilər”

2026/06/1781673516.jpg
Oxunub: 230     12:38     20 İyun 2026    
“ABŞ-nin Ermənistanda artan geoiqtisadi fəallığı fonunda Vaşinqtonun marağı kritik minerallardan şist ehtiyatlarına qədər ölkənin bütün strateji resurslarını əhatə edə bilər”.

Ordu.az xəbər verir ki, bunu erməni siyasi elmlər doktoru, professor Vahe Davtyan bildirib.

Erməni ekspert qeyd edib ki, hazırda ABŞ-nin diqqət mərkəzində Ermənistanın kritik mineralları olsa da, yaxın gələcəkdə şist ehtiyatları da yenidən gündəmə qayıda bilər.

Onun sözlərinə görə, Ermənistanın şist resurslarına ABŞ-nin marağı kifayət qədər uzun tarixə malikdir.

“Hələ 1995-ci ildə “Energetika” məqsədli proqramı çərçivəsində Ermənistan hökuməti sovet dövründə aşkar edilmiş yanan şist, neft, qaz və kömür ehtiyatlarının sənaye potensialının qiymətləndirilməsi və mənimsənilməsi məqsədilə geoloji-kəşfiyyat işlərinin aparılması barədə qərar qəbul etmişdi. Lakin 1990-cı illərin maliyyə-iqtisadi böhranı səbəbindən bu təşəbbüs yarımçıq qalmışdı.

2011-ci ildə Ermənistanın Energetika və Təbii Sərvətlər Nazirliyi ilə Men adasında qeydiyyatdan keçmiş “International Minerals & Mines Ltd” şirkəti arasında memorandum imzalanıb. Sənədin əsas məqsədi Ermənistanda şist ehtiyatlarının kəşfiyyatı və işlənməsi imkanlarının araşdırılması olub.

Müqavilə enerji resurslarının birgə qiymətləndirilməsini və texniki araşdırılmasını, o cümlədən mümkün şist qazı ehtiyatlarının öyrənilməsini nəzərdə tuturdu. Lakin ABŞ tərəfinin geoloji tədqiqatları memorandum imzalanmazdan xeyli əvvəl başlamışdı”, - deyə Davtyan bildirib.

Erməni professor qeyd edib ki, ABŞ Geoloji Xidmətinin araşdırmalarına əsasən, Aramus bölgəsində təxminən 44 milyon ton yanan şist ehtiyatı mövcuddur, amerikalı mütəxəssislər bu nəticəyə 1994-cü ildə aparılmış tədqiqatların yekununda gəliblər.

O bildirib ki, 2005-ci ildə hazırlanan hesabatda ABŞ tərəfi daha yüksək göstəricilər açıqlayıb. Həmin hesabata görə, İcevan, Şamut və Cermanis bölgələrində 17-18 milyon ton, Dilican ətrafında isə təxminən 128 milyon ton şist ehtiyatı mövcuddur.

Davtyan hesab edir ki, ABŞ-nin Ermənistanda genişlənən geoiqtisadi fəaliyyəti şəraitində Vaşinqtonun marağı tədricən ölkənin bütün strateji resurslarına yönələ bilər.

“Bu gün ABŞ-nin Ermənistanda artan geoiqtisadi fəallığı fonunda Vaşinqtonun marağı kritik minerallardan şist ehtiyatlarına qədər ölkənin bütün strateji resurslarını əhatə edə bilər. Bütün bunlar getdikcə resurs müstəmləkəçiliyinin yeni formasını alır. TRIPP (Zəngəzur dəhlizi-red.) həmin strategiyanın əsas dayaqlarından biridir”, - deyə erməni professor vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Davtyan   Ermənistan  


Bizi "telegram"da izləyin