Kanadanın müdafiə naziri Lüksemburqa tarixi səfər edib

2026/06/1781937536.jpg
Oxunub: 185     10:42     20 İyun 2026    
Kanadanın müdafiə naziri Devid Makginti 81 illik diplomatik münasibətlər tarixində Lüksemburqa səfər edən ilk Kanada naziri olub.

Ordu.az xəbər verir ki, səfər çərçivəsində Lüksemburqun müdafiə naziri Yuriko Bakes və kanadalı həmkarı Devid Makginti birgə mətbuat konfransı keçiriblər.

Makginti bildirib ki, Kanada etibarlı tərəfdaşlarla əməkdaşlığı gücləndirmək niyyətindədir və bu məqsədlə Lüksemburqa səfər edib.

Onun sözlərinə görə, Kanada ABŞ ilə münasibətləri qorumaqla yanaşı, etibarlı müttəfiqlərlə müdafiə sahəsində əməkdaşlığını da genişləndirmək istəyir.

Nazir qeyd edib ki, hərbi məhsulların istehsalı və satınalınması sahəsində oxşar düşüncəyə malik ölkələrlə işləməyə üstünlük verilir.

Makginti ABŞ ilə İran arasında aparılan danışıqların yekun sülh razılaşması ilə nəticələnəcəyinə ümid etdiyini də bildirib.

Lüksemburqun müdafiə naziri Yuriko Bakes isə müdafiə xərclərinin artırılmasının vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, Avropanın mövcud həssas vəziyyəti uzun illər ərzində milli və kollektiv təhlükəsizliyə kifayət qədər investisiya yatırılmamasının nəticəsidir.

Bakes bildirib ki, ABŞ əvvəlki onilliklərdə olduğu kimi Avropanın təhlükəsizliyini təkbaşına təmin etməyəcək və qitədə sülhün qorunması üçün Avropa ölkələri özlərini müdafiə edə bilməlidirlər.

Kanadanın müdafiə naziri əlavə edib ki, Ukraynadakı müharibə müdafiə sahəsinə investisiyaların vacibliyini daha da artırır.

Onun sözlərinə görə, kibertəhdidlər, Rusiyanın fəaliyyəti və regional təhlükəsizlik problemləri gələcək üçün ciddi hazırlıq tələb edir.

Qeyd edək ki, Kanada 2026-cı ilin mart ayında NATO-nun müdafiə xərclərinin ÜDM-in 2 faizi səviyyəsində olması hədəfinə çatıb. Alyans daxilində bu göstəricinin 2035-ci ilədək 5 faizə yüksəldilməsi müzakirə olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kanada   Lüksemburq  


Bizi "telegram"da izləyin