Ordu.az xəbər verir ki, tədqiqatın nəticələri “Science Advances” jurnalında dərc olunub.
Alimlərin sözlərinə görə, fosfor və azot həyatın formalaşması üçün vacib elementlər hesab olunur. Azot olmadan amin turşularının yaranması, fosfor olmadan isə DNT, RNT və hüceyrələrdə əsas enerji mənbəyi olan ATP molekulunun formalaşması mümkün deyil.
Mütəxəssislər uzun illərdir bu elementlərin gənc Yerə necə və haradan gəldiyini müəyyən etməyə çalışırlar.
Racdip Dasquptanın rəhbərlik etdiyi tədqiqat qrupu erkən Günəş sistemində həmin elementlərin paylanmasını bərpa etmək üçün laboratoriya təcrübələri və kompüter modelləşdirməsindən istifadə edib.
Araşdırmanın nəticələri göstərib ki, müasir Yerdə müşahidə olunan fosfor və azot nisbəti ən çox təxminən 4,3-4,2 milyard il əvvəl Günəşlə Yupiterin orbitləri arasında yerləşən daxili bölgədə formalaşmış planetesimalların kimyəvi tərkibinə uyğun gəlir.
Alimlərin fikrincə, Yupiter bu prosesdə əsas rol oynayıb. Yer planetindən daha əvvəl formalaşan qaz nəhəngi ilkin planet diskinin maddə axınını əhəmiyyətli dərəcədə dəyişdirib.
Yupiter yaranmazdan əvvəl maddələrin böyük hissəsi sistemin xarici istiqamətinə doğru hərəkət edirdi. Nəhəng planet formalaşdıqdan sonra isə onun güclü cazibə qüvvəsi bu axının qarşısını alıb və daha çox maddənin Günəş sisteminin daxili hissəsində qalmasına səbəb olub.
Nəticədə Yupiterin mövcudluğundan sonra yaranan ikinci nəsil planetesimallar daha yüksək fosfor və azot nisbəti əldə edib. Sonrakı dövrlərdə məhz bu səma cisimləri gənc Yerə çırpılaraq həyat üçün vacib elementləri planetə gətirib.
Tədqiqat rəhbəri Racdip Dasqupta bildirib ki, Günəş sistemində Yupiterin mövcudluğu və inkişaf tarixi yaşayış üçün əlverişli dünyaların formalaşması üçün zəruri olan əsas kimyəvi komponentlərin paylanmasına həlledici təsir göstərib.
Araşdırma göstərir ki, Yupiter kimi bir “köməkçi” olmasaydı, həyat üçün vacib elementlərin paylanması tamamilə fərqli ola bilərdi.
Alimlər hesab edirlər ki, bu nəticələr Günəş sisteminin nə dərəcədə unikal olduğunu və digər ulduz sistemlərində həyat üçün əlverişli şəraitin nə qədər tez-tez yarana biləcəyini anlamağa kömək edir.
Tədqiqat həmçinin göstərir ki, uyğun mövqedə yerləşən nəhəng planetlərin mövcudluğu digər planet sistemlərində də həyatın yaranması üçün əlverişli şərait formalaşdıra bilər.
Sevinc Əliyeva
Ordu.az