KİV: Ermənistan təxminən 3,8 milyard dollar ixrac itirib

2026/06/1781940956.jpg
Oxunub: 224     11:34     20 İyun 2026    
“Son iki ildə Ermənistanın ixracı təxminən 3,8 milyard dollar azalıb və bu tendensiya ölkə iqtisadiyyatı üçün ciddi siqnallar verir”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşrində dərc olunan təhlil yazısında bildirilib.

Məqalədə qeyd olunur ki, Ermənistanda ixrac ikinci ildir ardıcıl olaraq azalır. Nəşrin məlumatına görə, ötən ilin ilk dörd ayında ixrac 60 faizdən çox azalmışdısa, bu il də həmin kəskin enişdən sonra daha 3,3 faiz geriləyib.

“Ötən il ixracın azalması 3,7 milyard dollar təşkil etmişdi, bu il isə azalma 79 milyon dollar olub. Beləliklə, iki il ərzində Ermənistan təxminən 3,8 milyard dollarlıq ixrac həcmini itirib”, - deyə nəşr vurğulayıb.

Məqalə müəllifinin fikrincə, hakimiyyət ixracın kəskin azalmasını təkrar ixracın azalması ilə izah etməyə çalışır. Nəşr xatırladıb ki, əvvəllər təkrar ixrac hesabına ixrac göstəriciləri sürətlə artarkən bu amil qabardılmır, əksinə, nəticələr birbaşa Ermənistan iqtisadiyyatının uğuru kimi təqdim edilirdi.

“Nə vaxt ki, təkrar ixrac nəticəsində göstəricilər sürətlə artırdı, hakimiyyət bunun başqa ölkələrdən gətirilən malların yenidən ixracı hesabına baş verdiyini demirdi. Bu artım Ermənistanın uğuru kimi təqdim olunur, ixracın rekord templərlə böyüməsindən fəxrlə danışılırdı. İndi isə ixrac sürətlə azalanda birdən-birə təkrar ixrac amili yada düşüb və bütün məsuliyyət onun üzərinə qoyulur”, - deyə məqalədə qeyd olunub.

Nəşr hesab edir ki, təkrar ixracın əhəmiyyətini kiçiltmək reallığı əks etdirmir.

“Əgər təkrar ixracdan heç bir fayda yox idisə, necə oldu ki, Ermənistanın ən böyük vergi ödəyicisi məhz bu fəaliyyət üzərində qurulan şirkət oldu? Milyardlarla dollar dəyərində Rusiya qızılı Ermənistan üzərindən digər ölkələrə göndərilirdi və bundan müəyyən dairələr böyük gəlirlər əldə edirdi. Dövlət büdcəsinə də vergi daxilolmaları olurdu. Ona görə də təkrar ixracın Ermənistana heç nə vermədiyini iddia etmək riyakarlıqdır”, - deyə müəllif vurğulayıb.

Məqalədə bildirilir ki, hakimiyyət indi ixracın azalmasına baxmayaraq, Ermənistan mənşəli məhsulların xarici bazarlara tədarükünün artdığını iddia edir. Lakin nəşr bunun əsas səbəbinin xammal məhsullarının ixracındakı artım olduğunu qeyd edib.

“Rəsmi məlumatlara görə, bu ilin ilk dörd ayında Ermənistandan 2 milyard 327 milyon dollarlıq məhsul ixrac edilib. Ötən ilin eyni dövründə bu göstərici 2 milyard 406 milyon dollar idi. Yəni ixrac 79 milyon dollar azalıb. Bunun fonunda isə xammal məhsullarının ixracı kəskin artıb və hakimiyyət məhz bu göstəricilər əsasında Ermənistan məhsullarının ixracının yüksəldiyi təəssüratını yaratmağa çalışır”, - deyə nəşr yazıb.

Məqalədə qeyd olunur ki, ötən ilin ilk dörd ayında Ermənistandan 307 milyon dollarlıq dağ-mədən məhsulları ixrac edilmişdisə, bu il həmin göstərici 585 milyon dollara yüksəlib.

“Artım 190 faizdən çox olub. Təkcə bu il Ermənistan digər ölkələrə 278 milyon dollar daha çox xammal məhsulu göndərib. Söhbət əsasən mis və molibden konsentratlarından gedir. Bu məhsulların xarici bazarlarda satışı ilə bağlı heç vaxt ciddi problem olmayıb və onlar həm Avropa, həm də digər bazarlarda daim yüksək tələbatla qarşılanıb”, - deyə məqalədə bildirilib.

Nəşr vurğulayıb ki, xammal ixracındakı artım fonunda Ermənistan mənşəli bir çox məhsulun ixracı azalıb.

“Bitki mənşəli məhsulların ixracı təxminən 7 faiz azalıb. İlk dörd ay ərzində bu kateqoriyadan olan məhsulların ixracı 5 milyon dollar geriləyib. Maraqlıdır ki, bu azalma Rusiya bazarında məhdudiyyətlər tətbiq edilməzdən əvvəl başlayıb. Halbuki həmin məhsulların təxminən 90 faizi Rusiya bazarına göndərilirdi”, - deyə müəllif qeyd edib.

Məqalədə həmçinin dəri məmulatları, ağac məhsulları, kağız, plastik və ayaqqabı ixracında da azalma qeydə alındığı bildirilib.

“Ayaqqabı ixracı 36 faizdən çox, dəri məhsullarının ixracı 30 faiz, ağac və plastik məhsulların ixracı isə 14 faiz azalıb. Bunların hamısı Ermənistan istehsalı olan məhsullardır və onların ixracındakı geriləmə kifayət qədər ciddi xarakter daşıyır”, - deyə nəşr vurğulayıb.

Müəllif əlavə edib ki, hazır qida məhsulları, kimya sənayesi məhsulları, toxuculuq və tikinti materialları qrupunda müəyyən artım olsa da, bu yüksəliş ümumilikdə cəmi 50 milyon dollara yaxın əlavə ixrac yaradıb.

“Ermənistan mənşəli məhsulların ixracındakı əsas artım mis və molibden hesabına formalaşıb. Əgər bu amil olmasaydı, ixracın ümumi mənzərəsi daha ağır görünərdi. Bu artım iqtisadiyyatla bağlı olsa da, Ermənistan məhsullarının ixrac potensialının yüksəlməsi anlamına gəlmir”, - deyə məqalədə qeyd olunub.

Nəşr sonda bildirib ki, Ermənistan iqtisadiyyatının formal statistik artımlara deyil, real ixrac şaxələndirilməsinə ehtiyacı var.

“Cəmiyyətə elə təqdim etməyə çalışırlar ki, guya Rusiya bazarındakı problemlərdən sonra Ermənistan məhsulları digər xarici bazarları fəth etməyə başlayıb. Bu isə reallığı əks etdirmir. Ermənistan məhsullarını başqa bazarlarda açıq qollarla gözləmirlər. Hətta yeni bazarlara çıxış əldə olunsa belə, həmin bazarlarda möhkəmlənmək üçün illər tələb olunur. İqtisadiyyat isə bu qədər gözləyə bilməz”, - deyə məqalədə vurğulanıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İxrac  


Bizi "telegram"da izləyin